Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:11

Korrupsiya Ucar sahibkarlarını boğaza yığıb


Aslan Nəsirov bildirir ki, üzləşdikləri problemlərlə bağlı prezidentə qədər yazıblar, amma indiyə qədər heç yerdən cavab almayıblar

Aslan Nəsirov bildirir ki, üzləşdikləri problemlərlə bağlı prezidentə qədər yazıblar, amma indiyə qədər heç yerdən cavab almayıblar

«YAP-ın binası tikilib, pəncərə qoymuşam, seçki məntəqəsi tikilib, pəncərə qoymuşam, rəhmətlik Heydər Əliyevlə İlham Əliyevin 18 kvadrat metrlik şəkillərini yaratmışam...».

Ucar rayonunda gördüyü işləri bir-bir sadalayan «Əjdəroğlu» firmasının rəhbəri, sahibkar Əjdər İsmayılovdur. Sahibkar deyir ki, rayondakı bütün abadlıq işlərinə yardımını heç vaxt əsirgəməyib. 2010-cu il prezident tərəfindən ekologiya ili elan olunduğundan belə qərara gəlib ki, rayondakı yaşıllaşdırma işlərinə 1000 manat pul ayırsın. Amma deyir bu fikrə düşməklə öz başına iş açıb.

Sahibkar iddia edir ki, həmin pulu icra hakimiyyətinin memarı Nasir Abdiyevə vermək istəyəndə, o, pulun çox az olduğunu bildirib:

«Mənə nə desə yaxşıdır, dedi sən nə danışırsan, bu nədir, sən bizə 10 min manat bir verməlisən, bundan başqa da hər ay 1000 manat».

ŞİKAYƏT ELƏYƏNİN İŞIĞINI KƏSİRLƏR...

Sahibkar deyir ki, o, bu təklifi rədd edəndən sonra ona problemlər yaratmağa başlayıblar. Onun sahib olduğu qapı-pəncərə müəssisəsinin elektrik enerjisi dərhal kəsilib:

«Martın 17-dən indiyə qədər işıqsız qalmışıq. Deyiləsi də bir yerimiz yoxdur, qalmışıq əlacsız».

Əjdər İsmayılov bildirir ki, rayonda bir yanacaqdoldurma məntəqəsinin də işığı kəsilib və onun sahibindən 30 min manat pul tələb edilir.

...OBYEKTİNİ DƏ SÖKÜRLƏR

Ucar rayonunun Qarabörk kəndindəki «Məşəl» kooperativinə məxsus bütün tikililər də sökülüb.

AzadlıqRadiosuna müraciət edən kooperativ sədrinin oğlu Aslan Nəsirov deyir ki, bütün sənədləri qaydasında olan müəssisə sökülməzdən əvvəl icra hakimiyyətinin memarı onlardan 30 min manat pul istəyib.

Aslan Nəsirov deyir ki, atası heç kimə bir qəpik də pul verməyəcəyini bildirib və elə problemlər də bundan sonra başlayıb. Məhkəmə qərarı olmadan müəssisə polis nəzarəti altında sökülüb.

Aslan Nəsirov deyir ki, 1800 kvadratmetrlik obyekt 1989-cu ildən onlardadır. 2006-cı ildə isə rayon icra hakimiyyətinin başçısı və daha yeddi nəfərin imzasıyla həmin müəssisə onların adına sənədləşdirilib. Dörd il əvvəl müəssisə qanunsuz tikili hesab edilərək sökülüb. Onlara bildirilib ki, həmin müəssisə kanalizasiya və telefon xətlərinin üzərində yerləşir:

Qubad İbadoğlu: «Sahibkarlardan alınan pul qeydiyyata alınmır»
«Biz 10-20 min manat pul versəydik, obyektimiz sökülməzdi... Tək biz deyilik, xeyli sahibkar var ki, onlardan da 10-15 min pul tələb ediblər. Bəziləri obyektini bağlayıb, amma elələri də var ki, istənilən pulun yarısını verib işini davam etdirir».

HEYDƏR ƏLİYEVİN PLAKATINI SAHİBKARLARIN PULUNA DƏYİŞDİRİBLƏR

Aslan Nəsirov deyir ki, atası rayonda aparılan quruculuq işlərinə indiyə qədər xeyli vəsait sərf edib:

«Rayonda nə iş olub, biz icra hakimiyyətinin bütün tapşırıqlarını pulsuz yerinə yetirmişik... H.Əliyev muzeyi tikilir, ona lazım olan boruları pulsuz atam verib. Bundan başqa bizim obyektin yanında H.Əliyevin plakatının dəyişdirilməsi xərclərini -250 manatı da bizdən alıblar».

«İNDİ KİM-KİMƏ PUL VERİR Kİ. İQTİSADİ BÖHRANDIR»

Aslan Nəsirov bildirir ki, üzləşdikləri problemlərlə bağlı prezidentə qədər yazıblar, amma indiyə qədər heç yerdən cavab almayıblar.

Ucar sahibkarlarının bu dediklərini rayon icra hakimiyyətində təkzib edirlər. İcra hakimiyyəti başçısının birinci müavini Əbil Mehdiyev:

«Sadəcə, biz sahibkarlara deyirik ki, dükanının qabağında abadlıq, səliqə-sahman yarat, təmizliyə riayət elə. Amma pul yığmaq söhbəti yalandır. İndi kim-kimə pul verir ki. iqtisadi böhrandır».

SAHİBKARLARDAN YIĞILAN PULLAR HARA GEDİR?

Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov isə deyir ki, əksər rayonlarda sahibkarlardan müxtəlif adlar altında pul alınması, obyekt sahiblərinə aylıq, illik haqq qoyulması adi hal alıb. Sahibkarları müdafiə edən müxtəlif normativ sənədlər olsa da, yerlərdə məmurlar onları icra etmirlər, əksinə, sahibkarlara problemlər yaradırlar:

«Müdaxilələr haqda bizə çoxlu müraciətlər olur».

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə deyir ki, rayonlardakı abadlıq və s. işlərə sahibkarlardan pul alınsa da, bu pul qeydiyyata alınmır. Büdcədən ayrılan pul isə abadlıq işlərinə xərclənmiş kimi rəsmiləşdirilir.

Şərhləri göstər

XS
SM
MD
LG