Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:05
Əvvəlki kimi bu dəfə də heç kim “gözüm üstündə yerin var ” demədi.

Ox kimi dikilən baxışlardan qaçmağa çalışdı. Heç bu dəfə soruşmadılar ki, niyə gəlib. Heç kim dilucu da olsa, israr etmədi , daha həmişəlik gəlsin otursun ata ocağında, o, soysuzdan ər olan deyil. Həmişə gəldiyində gecələdiyi otağa yürüdü. Bir-iki alt paltarı, 3-4 dənə də dəyişək xələt götürmüşdü.

Qoydu uşaqlığından bəri yaxşı tanıdığı dəmir çarpayının ayaq tərəfinə.

Çarpayıya oturdu, sanki ilk dəfə görürmüş kimi otağa göz gəzdirdi. Rəhmətlik nənəsi öləndən sonra bu evə gətirdikləri kitab şkafının içindəki kitabları görcək doluxsundu. Böyük qardaşı nənəsinin yanında böyümüşdü. Kitablar da onundu. İndi Ukraynanın hansı dərəsində alkaşlıq etdiyi məlum deyildi.

Əsgərlik vaxtı tanış olduğu ukraynalı bir qızla evlənmiş, xoşbəxt ailəsi vardı, iki qızı.

Evdəkilər, əsas da dədəsi üz çevirdilər Həsəndən. Zeynəb də onu bu mövzuda bacı qayğıkeşliyilə az danlamamışdı. “Xaxoldan arvad olmayacaq, çıx gəl elimizə-obamıza, dili bir, dini bir, halal süd əmmişin birin alaq gətirək” demişdi. Axır ki, yıxmışdılar Həsənin evini.

Bir gecə Həsən evini odlamışdı, arvadını, uşaqlarını qabağına qatmışdı. Xaxol da “dəlidir” deyib dəlixanaya basdırmışdı Həsəni. Çıxandan sonra gəldi doğma evə. Amma yaşaya bilmədi.

Qayıtdı Ukraynaya. Sonra xəbər gəldi ki, arvadı ərə gedib, özü də başqa bir xaxol qızı ilə evlənib. Həyatı da əvvəlki kimi qaydasında deyil.

Zeynəb oxumamışdı. Heç orta məktəbdə də qiymətləri yaxşı deyildi. Amma oxumaq istəyərdi. Gözünü açandan dədəsindən tez-tez eşitdiyi bu cümlə olmasaydı:

“Namuslu kişinin qızı təkbaşına Bakılarda gəzməz, qıçını qatlayar oturar dədəsinin xarabasında, xeyirli qismətini gözləyər”.

Yalnız evin üçüncü qızı rayonun özündə peşə məktəbini bitirmişdi. Zor-güclə. Atasının hədə-qorxularından rayon sovetinə şikayət etməklə adı da dillərə düşmüşdü. “Atasını hökumətə şikayət edən qız başıma nə oyun desən gətirər” deyib uşaqlıqlarında olduğu kimi Gülsümü nar çubuğu ilə o ki var döymüşdü.

Kişi hökumətdən Allahdan qorxduğu qədər qorxurdu. Qızlarını məktəbə də, pambığa da bu üzdən göndərirdi.

“Məktəb formalarının ətəyi qısadır”deyinirdi həmişə. Yazıq qızlar da formanın altından şalvar geyirdilər yay-qış. Saçlarını kəsdirmək yasaq idi. Başlarına da örtük alırdılar. Məktəbdə qızlar ələ salmasın deyə açıb məktəb çantalarında saxlayardılar örtüklərini. Evə qayıdarkən bağlayardılar.

Həmişəki kimi analarını da Gülsümlə birgə döydü. Kişi arvadını döyürdü ki, canı çıxsın qızlarının ipini yığsın.

Gülsüm də peşə məktəbini bitirən kimi avaranın birinə qoşulub getdi. İndi onun özündən də betər gündə yaşayırdı.

Zeynəb iki-üç aydan bir acıq eləyib özünü ər evində olduğundan daha çox bədbəxt hesab elədiyi dədə evinə gəlir.

Aylarla qalır. Yediyi çörəyi çox görməsinlər deyə səhərdən –axşama qədər həyətdə-bacada işləyir, atasının sevdiyi işləri görür: yer belləyir, göy-göyərti əkir, pomidor-badımcan şitillərini bəsləyir. Ağacların dibini boşaldır.

Əkdikləri yetişəndə heç dadına baxmaq da qismət olmur. Gəlinin də, qardaşının da bir dediyini iki eləmir. Doğsaydı indi gəlin onun qızı yerində olardı. Di gəl Zeynəb doğmamışdı.

El-oba, tanıyanlar həmişə deyirdilər ki, dədənin qapısında işləməkdən, kolxoza pambıq yığmaqdan belin boşaldı, uşağa qalırsan, qalmır, açılır gedir.

Zeynəb özü də inanırdı buna hərdən. Çox vaxt Allahın yazdığı yazıdır, belə məsləhət görmüşmüş deyərək özünə təsəlli verirdi. Emosiyadan uzaqlaşa bildiyi vaxtlarda da, “yaxşı ki, uşağım olmadı, belə kişinin uşağı olmasa yaxşıdı. Qızım olsaydı, göz verib işıq verməyəcəkdi köpəkoğlu, oğlum olsaydı özünə oxşayacaqdı.

Qəhrim artacaqdı. Bax Gülsümün balalarına. Ağzına da söyürlər zavallının, üstünə yumruq da çəkirlər. İçirlər, hələ o zəhrimardan çəkdilərmi, gözləri dünyanı görmür. ” deyirdi.

Dədəsi hələ görməmişdi gəldiyini. Bağçada saldığı bostanla uğraşırdı. Namaz vaxtına az qalırdı.

Dəstəmazını bağın içindən axan arxda alıb gələcəkdi. Zeynəbin əlacı olsaydı, özünü yox eləyərdi, gözə-görünməz eləyərdi.

Dədəsi yenə kinayəli-kinayəli baxacaq, başını bulayacaqdı.

Yadında idi keçən dəfə ərinin evinə elə dədəsinə görə qayıtmışdı. Meynəni özbaşına daradığına görə kişi əlli üç yaşında arvada dünənki uşağın yanında ağzına gələni demişdi. Axırda da “sən yaxşı arvad olsan, ərin səni saxlayar, daha iki gündən bir üstümə göndərməz” deyə çımxırmışdı.

O an dünya Zeynəbin başına fırlanmış, qüruru-müruru buraxmış, ərinin kötəkləri-söyüşləri üçün darıxıbmış kimi boxçasını əlinə alıb, qonşu rayona yollanmışdı.

Zeynəb bu dünyaya gələndən itaətkar olmuşdu.

Dədəsinə, qardaşlarına, ərinə, qaynına, qaynatasına itaət etmişdi. Hamısından da əvəzində təhqir görmüşdü. Axırıncı dəfə əri ikrahla: “belə qayıdarsan, yeyə-yeyə.

Nə oldu. Üç aydı getmisən, mənim aldıqlarımdı əynində. Fəsil dəyişib. Corabın yox”


Allahından əri yaxşı qazanırdı, qəssab idi, necə olmalı idi? Əti ət, südü süd, yağı yağ. Daima vardı damın altında. Dədəsigil yaman korluq çəkirdilər. Zeynəb çox vaxt onu burunlamalarına haqq qazandırırdı.

Özləri çörək tapmır yeməyə, məni necə saxlasınlar.

Bu dəfə deyəsən körpülər qırılmış, geri qayıdan yollar kəsilmişdi. Dinmirdilər. İki-üç ay yola verərik, yenə çıxıb gedər düşünürdülər. Qapıdan qovmayacaqdılar ki.

Əri ölmüş dayısının arvadını vərəmli oğluyla birgə evə gətirmişdi. Sən demə hələ dayısının sağlığında arvadla gəzirmişlər. İndi də dayı yox. Oğul da xəstə, həyatda qalmaq üçün bu bişərəfliyə razı. Zeynəb üçünə də ağzına gələni, gözünə görünəni deyib evdən çıxmışdı.

Bu günədək xəstə qayınanasına, qayınatasına baxmışdı, yataqlarına qab gətirmişdi, qab aparmışdı. İndi də çölün avarasının birinə qulluq etməliydi.

Həm də anası gözünün qabağında əriylə oynaşdığı halda...

Yox, Zeynəb ölərdi, amma bunu qaldıra bilməzdi.

Kişi abdəstini alıb gəldi, Zeynəb elə pilləkəndəcə dərsini bilməyən uşaq kimi boynunu büküb durmuşdu. Dədəsi ona dilucu “xoş gəlmisən” deyib üzünə də baxmadan içəri keçdi. Acıq eləyib gəldiyi bəlli idi.

Başqa vaxt əri dünyada icazə verməzdi gəlsin, qapıdan bayıra addımını atsın. “Namuslu kişinin arvadının başı pəncərədən də görünməməlidir” – deyə bağırardı üstünə.

Qədəmlərini yeni-yeni basan payız üşüdürdü adamı. Toydan sonrakı gün gəldi ağlına. Onda bu pilləkəndəcə bir dava-mərəkə qopdu ki... Xəbər gəldi xuliqanlıq üstündə oğlanı tutublar, üç il də iş kəsəcəklər.

Qardaşları, dədəsi düşdü Zeynəbin üstünə nişanı qaytarırıq. Otuz yaşı vardı, rayon yerində bu az yaş demək deyildi qız xeylağı üçün.

Üstəlik toyu-düyünü də çalınmış, kəbini öncədən kəsilmiş. Kişi mərəkə qoparmışdı ki, toydan qabaq gərək kəbin kəsilsin. Elə bu kəbin məsələsi durdu kişinin də gözünə. Nə isə... ki, duvağını çıxarıb üç il gözlədi oğlanın yolunu.

Qocalar böyük zalda yanaşı namaz qılırdılar.

Dədəsi yüksək, anası alçaq səslə. Bu uzun illər boyu onları ancaq namaz qılanda yanaşı görmüşdü. Yataqları ayrı idi, nahar eləyəndə də anası həmişə hamıdan axırda yeyirdi.

Küçədə də dədəsi həmişə öndə, anası arxada yeriyirdi. Evin hər yerinə sükut çokmüşdü. Hətta qardaşının dörd yaşlı qızı Aytən də müqəvva kimi baxırdı, uşaq nəfəsini elə bil həmişəlik udmuşdu.

adyazar.az

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG