Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:52

Fəzail Ağamalı: «Obama Azərbaycana qarşı qərəzli siyasət yeritməkdədir»


Fəzail Ağamalı
«Obama Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv siyasət yeritməkdədir».

Bunu hakimiyyəti dəstəkləyən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.

Martın 31-də «İşdən sonra»da ABŞ və Azərbaycan arasındakı münasibətlərdən danışılıb.

Fəzail Ağamalı:

- Amerika Birləşmiş Ştatlarının indiki administrasiyası Obama hakimiyyətə gəldikdən sonra Azərbaycana qarşı qeyri-ədalətli və qeyri-obyektiv, Amerika-Azərbaycan münasibətlərinə xələl gətirən münasibətlər qurmaqdadır. Bizdə bu təəssüf doğurur. Bəzi analitiklər, bəzi siyasətçilər bunun günahını Azərbaycanda axtarmağa çalışırlar, amma bu cür insanlar yanılırlar. Barak Obamanın hakimiyyətə gəlməsində erməni diasporunun özünəməxsus rolu olub, Obamanın prezident seçkilərində erməni diasporu fəal iştirak edib, maliyyə dəstəyi ilə, təşkilati imkanı ilə Obamaya yardımçı olub. Bu gün Türkiyə və Azərbaycana qarşı sərt, qeyri-obyektiv, yanlış siyasət həyata keçirilməkdədir. Bunun da mahiyyətində erməni təəssübkeşliyi durur, ermənilərə vermiş olduğu vədin bu və ya digər şəkildə reallaşması durur. Azərbaycan müttəfiq olaraq Amerika qarşısında götürmüş olduğu öhdəlikləri yerinə yetirməkdədir. Bu gün Obama hakimiyyəti kifayət qədər zəiflik göstərir. Ermənistanın işğalçı siyasətini dəstəkləməyə yönəlib.

Elxan Şahinoğlu
«Azərbaycanın xarici siyasətində qeyri müəyyənliklər var. «Atlas» Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu isə belə hesab edir:

- Dövlət Departamentinin son hesabatından da görürük ki Amerika Azərbaycandakı insan haqlarının vəziyyətindən narazıdır. Biz görürük ki, Vaşinqton Azərbaycanla münasibətdə soyuqluq göstərməyə başlayıb. Amerikalı rəsmilər vurğulayırlar ki, Azərbaycan önəmli dövlətdir. Belə vacib dövlətdə səfir təyin etmirlərsə, deməli, bunun siyasi səbəbləri var. Digər məsələlər də var, Azərbaycanın xarici siyasətində qeyri-müəyyənliklər var. Rusiyaya meyllilik var, bu məsələlər Vaşinqtonda narahatlıq doğurmağa başlayıb. Demokratiya və insan haqları məsələsi çoxdan daxili məsələ olmaqdan çıxır. İnanmıram ki, hal-hazırda Vaşinqton Dağlıq Qarabağ məsələsinin həllinə bir o qədər maraq göstərsin. Son zamanlar hiss olunur ki, Obama administrasiyası bu məsələyə o qədər də fikir vermir, bu da haqlı olaraq qınağa səbəb olur.

«Amerika Azərbaycanın iqtisadi dirçəlişində rol oynayıb». Politoloq İlqar Məmmədov verilişdə belə deyib. Bildirib ki, Amerika Azərbaycanın iqtisadi dirçəlişində rol oynasa da Azərbaycan tərəf bəzi qınaqlarda haqlıdır:

İlqar Məmmədov
- Heç kimə sirr deyil ki, Azərbaycan və Amerika arasında münasibətlərdə soyuqluq yaranıb amma bu soyuqluq indiyə qədər aparılan əməkdaşlığı hələ üstələməyib. Hələlik bizim əməkdaşlığımız çox yüksəkdir. 90–cı illərdəAzərbaycan neftini dünya bazarına birbaşa çıxarmaq üçün dəstək lazım olanda, ən güclü dəstək bizə Birləşmiş Ştatlardan gəlmişdi. Bu əməkdaşlıq həm də ona - o ümidə əsaslanırdı ki, Azərbaycan dövlətinin ixtiyarında daha çox maliyyə resursu olanda, Azərbaycan rəhbərliyi də öz insanlarına sivil davranacaq, repressiv siyasət qurmayacaq, amma əksinə baş verir. Azərbaycan rəhbərliyinin tənqidlərində də bir qisim düzgün notlar var. Bu doğru notlar ilk növbədə Birləşmiş Ştatların Qarabağ probleminə yanaşmasıdır. Amerika Azərbaycanın iqtisadi dirçəlişində rol oynayıb. Azərbaycan-Amerika mövzusu təkcə insan haqları mövzusundan ibarət deyil. Amma insan hüquqları məsələsi Birləşmiş Ştatların xarici məsələsində daim mövcud olan maraqdır..

DAHA ƏTRAFLI AUDİONU DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /

Şərhləri göstər

XS
SM
MD
LG