Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:53

Şotlandlarla ingilislərin, ermənilərlə azərbaycanlıların «döyüş yeri»



Vikipediya - hamının redaktə edə biləcəyi açıq onlayn azad ensiklopediya hesab edilir. Bu şəbəkəyə daxil olanda elə belə də yazılıb - «hamının redaktə edə biləcəyi açıq ensklopediya olan Vikipediyaya xoş gəlmisiz».

Amma hamıya xoş gəldin deyən virtual ensiklopediya heç də hamını xoş qarşılamır.

Vikipediyanın Azərbaycandakı adminstratoru, Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri İradə Ələkbərova deyir ki, ən azından adminstratorların və fəal istifadəçilərin nəzarəti imkan vermir ki, hər kəs istədiyi məlumatı maneəsiz bu şəbəkəyə yerləşdirsin:

- Əgər o adam düzgün informasiya qoymursa, yalan informasiya yerləşdirməklə məşğuldursa, onda ona adminstratorlar xəbərdarlıq edir və həmin şəxsin şəbəkəyə girişinə qadağa qoyulur və öz kompyuterindən redaktə işi apara bilmir, yalnız məlumatlara baxa bilir.

VİKİPEDİYAYA BAX, AMMA ÇOX DA İNANMA

İradə Ələkbərova deyir ki, 270 dildə olan Vikipediya hələ istənilən səviyyədə inkişaf etmədiyindən bu şəbəkəyə tam inanmaq olmaz. Mütəxəssisə görə, məlumatlara baxarkən ilk növbədə onların hansı etibarlı mənbəyə istinadən yerləşdirildiyinə diqqət yetirmək lazımdır. Əgər mənbələr etibarlıdırsa və rəsmi məlumatlardırsa, ona inanmaq olar. Əgər mənbə yoxdursa və kiminsə bloqundan məlumatlara istinad edilibsə, onda həmin məlumat inandırıcı deyil.

İradə Ələkbərova
İradə Ələkbərovaya görə, Vikipediyada azərbaycanlılar o qədər də fəal deyil. Onun sözlərinə görə, Azərbaycan həqiqətləri çox kobud təhrif olanda onlar virtual şəbəkənin əsas adminstratoruna müraciət edib həmin məlumatların şəbəkədən çıxarılmasını tələb edirlər.

Vikipediyanın Azərbaycan bölməsində təhriflərin, yalan informasiyanın qarşısını almaq mümkün olsa da, İradə Ələkbərova deyir ingilis və rus dilli Vikipediyadakı yazılara qarşı mübarizə aparmaq xeyli çətindir:

- Dünyanın müxtəlif yerində heç erməni olmayan savadlı tarixçilər, politoloqlar var, onlara yaxşı pul verilir və 24 saat kompyuterin qarşısında otururlar, Azərbaycanla, Qarabağla bağlı məlumatlara nəzarət edirlər. Qoymurlar ki, azərbaycanlılar nə isə əlavə və düzəlişlər etsin. Azərbaycanlılar nə isə əlavə edəndə Vikipediyada informasiya müharibəsi başlayır.

İradə Ələkbərova deyir ki, «ermənilər Vikipediyada Azərbaycanın Laçın rayonunun nəzarət altında olduğunu yazmışdı, biz işə işğal olunduğunu yazırdıq».

Belə olan halda Azərbaycan tərəfi mənbə kimi BMT-nin qətnamələrini Vikipediyaya yerləşdirməklə qarşı tərəfin məlumatını şəbəkədən çıxarmağa nail olub. Vikipediyada Azərbaycanla bağlı indiyə qədər 30 mindən bir az artıq məqalə yerləşdirlib.

Osman Gündüz
İradə Ələkbərova deyir ki, Vikipediyada informasiya müharibəsi, qızğın mübahisələr təkcə azərbaycanlılarla ermənilər arasında deyil, şotlandlarla ingilislər, yəhudilərlə fələstinlilər arasında da gedir. Və «onların yanında bizim mübahisəmiz çox cılız görünür».

PİS OLMAZ

İradə Ələkbərova bütün görülən işlərə görə, dövlətdən hər hansı yardım almadıqlarını deyir:

- Heç bir yardım yoxdur, amma olsa pis olmaz.

Amma Rabitə və İnformasiya Texnologiya nazirinin müavini Elmir Vəlizadə bu şəbəkənin dövlət tərəfindən maliyyələşdirilməsini Vikipediyanın mahiyyətindən uzaq bir məsələ sayır.

İnternet Forumun prezidenti Osman Gündüz isə hesab edir ki, Vikipediyada aparılan işin məqsədi Azərbaycanla bağlı həqiqətlərin dünyaya yayılması olduğundan bu sahəyə dövlət səviyyəsində yardımlar olunmasına ehtiyac var.

Forum prezidentinə görə, QHT-lərə Dövlət Dəstəyi Şurasının xəttilə də bu sahə ilə bağlı uzunmüddətli layihələr həyata keçirmək olar.

Şərhləri göstər

XS
SM
MD
LG