Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:33

92 il öncə Bakıda nə baş vermişdi?


İlqar Niftəliyev
İlqar Niftəliyev
«70 il Azərbaycan sovet tarixi dövründə 31 mart hadisələrinin mahiyyəti xalqdan gizlədilmişdi. Faktlar saxtalaşdırılmışdı».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı olan tarixçi alim İlqar Niftəliyev söyləyib.

TƏŞKİLATÇILAR QƏHRƏMAN, QURBANLAR MİLLƏTÇİ...

Onun bildirdiyinə görə, o dövr barədə qələmə alınan əsərlər 20-ci illərdə ortaya çıxıb: «Bu əsərləri yazanlar ya o hadisələrin bilavasitə təşkilatçısı olan şəxslər idi, məsələn, Suren Şaumyan, Anatas Mikoyan kimiləri, ya da sifarişli şəkildə qeyri millətlərin yazdığı əsərlər».

Bu əsərlərin ideoloji çərçivələrdə yazıldığını söyləyən tarixçi alim onların birtərəfli olduğunu da diqqətə yetirdi: «Təşkilatçılar qəhrəman, mətin inqilabçılar kimi təqdim olunurdu, hadisələrin qurbanlarına isə əksinqilabçı, millətçi damğası vurulurdu».

İ.Niftəliyev Azərbaycan yenidən müstəqilliyinə qovuşandan, uzun müddət «məxfi» qrifi ilə saxlanan sənədlər üzə çıxandan sonra tarixçilərin üzərinə böyük bir missiya düşdüyünü dilə gətirdi.

Qonağımız mart hadisələrindən sonra –1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin növbədənkənar iclasında Xarici İşlər naziri Məhəmməd Həsən Hacınskinin təklifi ilə Fövqəladə İstintaq Komissiyası yaradıldığını da bildirdi:

«Həmin Komissiyanın sədri ixtisasca hüquqşünas olan Ələkbər bəy Xasməmmədov idi».

QIRĞINLAR İLİN SONUNACAN DAVAM EDİB

İşin ən təəccüblüsü o idi ki, 7 nəfərdən ibarət olan komissiya işə başlayanda, qırğınlar davam edirdi... «Yayda da, payızda da cənub-qərbdə, Naxçıvanda, Qarabağda, Zəngəzurda qırğınlar törədilirdi».

Müsəlman xeyriyyə cəmiyyəti binasının - İsmailiyyənin (hal-hazırda, AMEA-nın prezidiumu) yandırılması.
Hadisələrin miqyasının böyüklüyü üzə çıxanda, komissiyanın üzvlərinin sayını da artırıblar. Komissiyaya digər millətlərin nümayəndələri də daxil olub:

«Bakı üzrə istintaq komissiyasının rəhbərlərindən biri Kluge idi. Komissiya 1918-ci il iyulun 15-dən 1919-cu ilin avqustuna qədər 36 cilddə, 3500 səhifəlik materiallar toplamışdı».

Hadisələrdən həmən sonra - isti-isti toplandığı üçün çox qiymətli sayılan sənədlər 6 cilddə, 95 şəkillə birlikdə o dövrdə Paris konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinə göndərilibmiş. Məqsəd Azərbaycanda baş verən hadisələrdən dünyaya xəbər yaymaq imiş: «Təəssüf ki, nümayəndə heyətinin fəaliyyəti çox qısa olduğuna görə işi başa çatdıra bilməmişdilər».

NİYƏ BAKI?

Hadisələrin niyə məhz Bakıdan başlanmasını o dövrün siyasi hadisələrini təhlil edərək əsaslandıran tarixçi alim «Bakı rus imperiyasının əsas iqtisadi mərkəzlərindən biri idi. Bakı həm də imperiyanın əsas yanacaq bazası idi. Bir də, Bakı çoxmillətli şəhər idi» dedi.

«İSMAİLİYYƏ» TAMAM YANDI...

Qırğınların ən çox Bakının mərkəzində - Nikolayev küçəsində (indiki İstiqlaliyyət ), «Təzəpir»də baş verdiyini deyən qonağımız «İsmailiyyə»nin tamam yandırıldığını diqqətə yetirdi: «O binada müxtəlif təşkilatlar yerləşirdi. Yanğında 5 minə yaxın «Qurani-Kərim» məhv olmuşdu. Bəzi məhəllələr, «Kaspi» qəzetinin, «Açıq söz»ün redaksiyası, «Təzəpir» məscidi yandırılmışdı. Bakının kəndləri də ziyan çəkmişdi. Və ən dəhşətlisi, bu hadisələrdə dinc əhalini qırmışdılar».
XS
SM
MD
LG