Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:14

Sülhəddin Əkbər: «MTN Rusiyaya yarınmaq istəyir»


Milli Təhlükəsizlik Nazirliyi
Milli Təhlükəsizlik Nazirliyi
31 saylı orta məktəbə maneəsiz girirəm. Qapıda iki kişi dursa da, kimsə məni saxlamır. Birinci növbənin dərsi bitib deyəsən, çünki qapıda bir-iki valideyn də var. Dəhlizdə qabağıma çıxan uşaqlardan direktorun otağını soruşuram:

- Buyurun, bura gəlin, direktorun otağı burdadır.

«Məktəbdə təhlükəsizlik tədbirləri necə qorunur?» sualına direktor Şükufə Məmmədzadənin cavabı bu olur ki, qapıda mühafizəçi var:

- Öz işçimizdir. İçəri hər kəsi buraxmır. Valideynlər keçə bilər. O da dərs saatı yox, yalnız tənəffüsdə müəllimlə görüşə bilərlər.

- Amma mən maneəsiz keçdim, məndən heç kim sənəd istəmədi.

- Bəlkə də sizin jurnalist olduğunuzu görüblər, ona görə.

Şükufə xanımın Milli Təhlükəsizlik Nazirliyinin (MTN) uşaq bağçalarında, məktəblərdə terror törədəcəyi ehtimal edilən dəstəni zərərsizləşdirməsindən xəbəri yoxdur. Deyir ki, onlar gücləndirilmiş mühafizəyə ehtiyac görmürlər.

MTN RUSİYAYA YARINMAQ İSTƏYİR

Sülhəddin Əkbər
Amma martın 29-də Moskva metrosunda törədilən terrordan sonra Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçdi. Həmin gün MTN martın 16-da keçirdiyi əməliyyatla bağlı məlumat yaydı. Həmin məlumata görə, bir neçə nəfər qanunsuz yolla ölkəyə silah-sursat keçiriblər və Bakıda yerləşən «Salam» Çeçen Əllilər Cəmiyyətinin sədri Elbert Qayrbiyevə çatdırıblar.

Məlumata görə, saxlananlardan biri öz ifadəsində ölkədə əhalinin kütləvi yığışdığı yerlərdə terror törətməyə hazırlaşdıqlarını göstərib.

Milli təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbər deyir ki, nazirliyin bu açıqlaması Moskva terroruyla bağlıdır:

- MTN həm Rusiyaya yarınmaq istəyir, göstərmək istəyir ki, hər zaman Rusiyanın yanındadır. Həm də Azərbaycan ictimaiyyətinə demək istəyir ki, ölkədə belə təhdidlərin qarşısı zamanında alınır.

HAKİMİYYƏTDAXİLİ ÇƏKİŞMƏLƏR SÜRPRİZLƏR VƏD EDİR

«Zerkalo» qəzetinin siyasi icmalçısı Azər Rəşidoğlu bu bəyanatı birmənalı qiymətləndirmir, onun fikrincə, bunu ölkə ictimaiyyətinə, siyasi rəqiblərə mesaj kimi də dəyərləndirmək olar, eyni zamanda real terror təhlükəsinin qarışısının alınması kimi də:

Azər Rəşidoğlu
- Azərbaycanda sabitliyi sevməyən ölkələrə də mesaj ola bilər ki, biz istəyəndə belə təhlükələrin qarşısını ala bilirik. Azərbaycanı öz maraqlarına salan ölkələrin də mesajı ola bilər ki, bu ölkənin təhlükəsizliyi bizim əlimizdədir.

Azər Rəşidoğlunun fikrincə, hakimiyyətdaxili çəkişmələr parlament seçkisi qabağı bir çox sürprizlər vəd edir və proseslər siyasi rəqiblərin terrorçuluq ittihamıyla kənarlaşdırılması kimi epizodlarla zəngin ola bilər.

ALLAH ETMƏSİN Kİ, BU SİLAHLAR AÇILAYDI

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri Komitəsinin üzvü Zahid Oruc isə MTN əməliyyatlarında siyasət axtaranlarla razılaşmır:

Zahid Oruc
- Allah etməsin ki, bu silahlar açılaydı və onun müxtəlif yaşlı qurbanları olardı. Onda hakimiyyətə hansı ittihamlar səsləndiriləcəyini təsəvvür eləyirəm.

Zahid Oruca görə, əksinə, MTN milli təhlükəsizliyə peşəkar yanaşıb böyük bir faciənin qarşısını alıb.

Keçmiş nazir müavini Sülhəddin Əkbər isə hesab eləyir ki, MTN o vaxt uğurlu əməliyyat keçirir ki, xarici xüsusi xidmət orqanları onları məlumatlandırırlar:

- Azərbaycanda sabitlikdə maraqlı olmayan xidmət orqanlarının nəzarətində olan qruplarla bağlı isə vaxtında tədbir görülmür. Məsələn, Neft Akademiyasındakı hadisə və ya general Rail Rzayevin öldürülməsi.

Ötən il fevralın 11-də Hərbi Hava Qüvvələrinin baş komandanı Rail Rzayev yaşadığı evin yaxınlığında snayper gülləsiylə qətlə yetirilib. Təxminən iki ay sonra, aprelin 30-da isə Gürcüstan vətəndaşı Fərda Qədirov 12 nəfəri və özünü öldürüb.
XS
SM
MD
LG