Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:27

Müdafiə Nazirliyi əsgərin ölümünün komandirlə əlaqəsi olmadığını deyir


Müdafiə Nazirliyi ölən əsgərlə bağlı məlumatların təhrif olunduğunu deyir.

Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlunun açıqlamasında bildirilir ki, 26 mart 2010-cu ildə Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində Ermənistan Silahlı Qüvvələri tərəfindən öldürülən əsgər Vüqar Pənahi haqqında KİV-də təzadlı xəbərlər yer alır:

“Müdafiə Nazirliyi əsgərin doğmalarının həyəcanını, çəkdikləri dərd və ağrıları başa düşür və bunu anlayışla qarşılayır. Müharibə şəraitində itkilərimizin olmayacağına təminat vermək çox çətindir. Elə cəbhə əraziləri vardır ki, tərəflər 50-100 metr məsafədə üzbəüz dayanırlar. Atəşkəsin pozulduğu anda hər iki tərəfdən itkilərin olduğu qaçılmazdır. Nə etməli ki, bu, indi həyatımızın reallığıdır”.

Nazirlik rəsmisi bildirib ki, bəzən hər hansı hadisə baş verərkən onu olduğu kimi yox, tamamilə təhrif olunmuş formada ictimaiyyətə təqdim edirlər. Bu da son hesabla fikir çaşqınlığına şərait yaradır:

“Vüqar Pənahinin timsalında bunun bir daha şahidi olduq. Heç bir əsas, dəlil və sübut gətirmədən əsgərin guya hərbi hissə komandiri tərəfindən güllələndiyi, hadisədən əvvəl yenə həmin komandirin Vüqarı guya ayağından silahla vurduğu iddia olunur. Axı bunların heç biri söylənilən kimi deyil. Dərd adamı danışdırar, ancaq bu zaman da həqiqətin üzərinə pərdə çəkmək olmaz. Bir daha araşdırdıq. Aydın oldu ki, Vüqarı ayağından komandrin gülləsi yox, 26 avqust 2009-cu il tarixdə ehtiyatsızlıqdan əlindəki silahdan açılan öz gülləsi yaralayıb. Bu barədə onun öz imzası ilə təsdiq etdiyi izahatı da vardır. 19 sentyabr 2009-cu ildə həmin hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1 maddəsinə əsasən Füzuli Hərbi Prokurorluğu tərəfindən cinayət işinin başlanılması rədd olunmuşdur”.

E.Sabiroğlu bildirir ki, maraqlananlar həmin sənədlərlə tanış ola bilərlər.

Cəbhə xəttində həlak olmuş əsgər Vüqar Pənahinin cənazəsi martın 27-də doğulduğu Dəliməmmədli şəhərinə gətiriləndən sonra yaxınları etiraz aksiyası keçirərək Bakı-Qazax yolunda hərəkəti dayandırmışdı. Yaxınları iddia edirdi ki, əsgər hərbi hissədə mübahisə zamanı güllələnib.
XS
SM
MD
LG