Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:06
Pənah Hüseynin iddiasına martın 31-də baxılacaq

Millət vəkili Pənah Hüseyn bildirib ki, proses martın 31-i saat 14.00-dək təxirə salınıb. Səbəb deputatın Mülki Prosessual Məcəllənin 19-cu maddəsinin 2.3. bəndinə görə hakimə etiraz etməsi olub : «Hakimin obyektivliyi və qərəzsizliyi ilə bağlı kifayət qədər şübhə doğuran halları əsas gətirərək etiraz etdim. Həmin etirazı sabah yazılı şəkildə təqdim edəcəm».

***

Millət vəkili Pənah Hüseyn Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və nazir Füzuli Ələkbərovu məhkəməyə verib. Martın 30-u saat 16.30-da Yasamal Rayon Məhkəməsində deputatın iddiasına baxılacaq.

P.Hüseyn nazirliyə ünvanlı sosial yardımla bağlı sorğulara cavab vermədiyinə görə iddia qaldırıb:

«Biz informasiya azadlığı və deputatın fəaliyyətinin məhdudlaşdırılması ilə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş məsuliyyət normasına istinad edərək məhkəmədə iddia qaldırmışıq. Neçə müddətdir ünvanlı sosial yardımla bağlı bizim həm MM-də şifahi sorğularımız olub, həm də yazılı sorğular göndərmişik. Deputat seçildiyim dairədən də bu yardımın kimlərə göstərilməsi ilə bağlı informasiya istəmişik. Bu informasiya sorğusuna cavab verilməyib».

Millət vəkili bildirir ki, ona ünvanlı sosial yardımın mənimsənilməsi, qanunla nəzərdə tutulmuş əhali kateqoriyasına yox, korrupsiya məqsədi ilə digərlərinə verilməsi haqda şikayətlər daxil olur. Bu iddianı qaldırmaqda məqsədi 210 milyon büdcə vəsaitinin hara xərcləndiyinə aydınlıq gətirməkdir.

Martın 16-da hökumətin hesabatı dinlənən zaman Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, bəzən yardım göstərilən şəxslərin adlarının açıqlanmasını tələb edirlər:

«Bu, çox gülünc məsələdir. Belə populist addımlar atmaq lazım deyil. Dində də var ki, sağ əlin verdiyini sol əl bilməməlidir».

Azərbaycanda ünvanlı sosial yardımların verilməsinə 2006-cı ilin yayından başlanıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG