Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:30

Aprelin 14-də «Fatimeyi Zəhra» məscidinin kassasiya şikayətinə baxılacaq


Aprelin 14-də Ali Məhkəmədə «Fatimeyi Zəhra» məscidi dini icmasının kassasiya şikayətinə baxılacaq. Dini icmanın sədri Mirtofiq Rəzizadə ümid edir ki, məhkəmə məscidin sökülməsi ilə bağlı qərarı ləğv edəcək, əksinə dövlət onun tikintisinə maliyyə ayıracaq:

«Məscidin tikintisi üçün sərəncam 1996-cı ildə rəhmətlik prezident Heydər Əliyevin xeyir-duası ilə verilib. Məscidin tikintisi üçün ilk işləri – maliyyəsini, texnikası, icazəsini, sənədlərini hamısını dövlət verib. Biz möminlər də istəyirik ki, məscidin sökülməsinin qarşısını alaq. Amma bəzi məmurlar xalqla dövləti üzə-üzə qoyur. Amma biz möminlər məhkəmə sökülmə barədə qərar çıxarsa da, dövlətə qarşı heç bir addım atmayacağıq».

Dini icmanın sədri dindarlara müraciət edib ki, məhkəmə qərarından asılı olmayaraq təxribata uymasınlar:

«Biz nəsə etsək bizə dərhal bir ad qoyulacaq. Möminlərə müraciət edirəm ki, 14-ü apreldə nə olursa-olsun təxribata getməsinlər, emosiyalarını özlərində saxlasınlar və Allaha dua etsinlər».

Bakı Apellyasiya Məhkəməsi «Fatimeyi-Zəhra» məscidinin sökülməsi haqda 2 saylı Yerli İqtisad Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Dini icma bu qərardan Ali Məhkəməyə şikayət edib.

Məhkəmə qərarında məscidin sökülməsi və həmin ərazinin Suraxanı rayon İcra Hakimiyyətinin balansına verilməsi nəzərdə tutulur.

«Fatimeyi-Zəhra» məscidinin tikintisinə 1996-98-ci illərdə icazə verilib. 2002-ci ildə məscidin tikintisinə verilən icazə Bakı meri Hacıbala Abutalıbov tərəfindən ləğv edilib.
XS
SM
MD
LG