Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:12

Koçaryan gizli şəkildə Heydər Əliyevlə görüşdüyünü iddia edir


Ermənistan və Azərbaycan prezidentləri Robert Koçaryan (solda) və Heydər Əliyev (sağda) növbəti görüşlərin birində - 2002-ci il.

Ermənistan və Azərbaycan prezidentləri Robert Koçaryan (solda) və Heydər Əliyev (sağda) növbəti görüşlərin birində - 2002-ci il.

H. ƏLİYEVLƏ R. KOÇARYANIN GİZLİ GÖRÜŞÜ OLMUŞDU?

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın ofisi martın 28-də xüsusi bəyanat yayaraq, Dağlıq Qarabağın erməni rəhbərliyinin sülh danışıqlarından çıxması barədə deyilənləri inkar edib.

Bəyanat ofisin rəhbəri Viktor Soqomonyanın adından yayılıb.

Sənəddə deyilir ki, Koçaryan prezident seçilməzdən bir il əvvəl, 1997-ci ildə artıq Dağlıq Qarabağ danışıqlar prosesində yox idi: “Qeyd olunan bütün dövr ərzində yalnız bir dəfə, 1993-cü ildə Qarabağın faktiki lideri Robert Koçaryanla Azərbaycan prezidenti Heydər Əliyev arasında görüş olmuşdu.

Ancaq bu görüş gizli idi. Dağlıq Qarabağ, Ermənistan və Azərbaycan rəhbərliyinin daha bir üçtərəfli görüşü Rusiyanın Xarici İşlər naziri A.Kozırovun vasitəçiliyi ilə, səhv etmirəmsə, 1995-ci ildə Moskvada keçirilmişdi. Amma bu format da davamlı deyildi. Ona görə də Qarabağın iştirakı ilə danışıqlar formatı Robert Koçaryan prezident seçiləndən əvvəl hələ mövcud deyildi.

Halbuki, Koçaryandan əvvəl prezident olmuş, indi isə müxalifət lideri olan Levon Ter-Petrosyan hakimiyyətdə olarkən dəfələrlə azərbaycanlı həmkarı ilə görüşüb. Ona görə də danışıqlarda Koçaryanın hansısa səhvlərindən bəhs edənlər əvvəlcə məsələnin xronologiyasına nəzər salsalar, daha yaxşı olardı.

Robert Koçaryan dəfələrlə bildirib ki, Azərbaycanla Ermənistan arasında hər hansı razılaşma, əgər Dağlıq Qarabağ erməniləri bunu qəbul etməsə, effektiv olmayacaq.” – deyə sənəddə qeyd edilir.

MÜXALİFƏT KOÇARYANIN DEDİKLƏRİNİ "AĞ YALAN" ADLANDIRIR


1996-1998-ci illərdə Ermənistanın Xarici İşlər naziri olmuş, hazırda isə Ter-Petrosyanın Erməni Milli Konqresinin rəhbərlərindən olan Aleksandr Arzumanyan isə AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində Koçaryanın bu iddialarını “ağ yalan” adlandırıb:

“Ermənistanın Xarici İşlər Nazirliyinin saytını açıb baxmaq kifayətdir. Orada görəcəksiniz ki, Minsk Qrupunun tam tərkibdə, bütün 3 tərəfin də iştirakı ilə sonuncu görüşü 1997-ci ilin aprelində Helsinkidə keçirilib. Robert Koçaryan hakimiyyətə gələndən dərhal sonra isə Qarabağı danışıqlar prosesindən kənarlaşdırdı. Bunun şəxsən Koçaryanın xahişi ilə edildiyini Metyu Brayza, Fasye də vaxtilə bildiriblər. Bu artıq çoxdan təsdiq edilmiş bir faktdır”.

H.ƏLİYEV KOÇARYANI "ÖZÜNÜ QEYRİ-QANUNU PREZİDENT ELAN ETMİŞ AZƏRBAYCAN VƏTƏNDAŞI" SAYIRDI

Bakıdan verilən rəsmi məlumatlarda isə danışıqlar prosesinin lap əvvəlindən Dağlıq Qarabağ ermənilərini danışıqlarda bir tərəf kimi tanımadıqlarını bildirirdilər.

1995-ci il dekabrın 3-də prezident Heydər Əliyev Mond diplomatik qəzetinin müxbirinin bu mövzuda suallarına cavabında deyirdi:

“Qeyri-qanuni bir qurumla mən necə danışıq apara bilərəm? Dağlıq Qarabağ Azərbaycanın torpağadır. Koçaryan da Azərbaycan vətəndaşıdır. Mən də Azərbaycanın prezidentiyəm. Mən Azərbaycanın prezidenti kimi Azərbaycanın hər bir vətəndaşı ilə görüşüb danışa bilərəm. Amma qeyri-qanuni özünü prezident elan edən adamla mən necə görüşüb danışa bilərəm?”

Bu məsələ Bakıda növbəti dəfə bu il yanvarın 25-də prezidentlərin Soçi görüşündən dərhal sonra aktuallaşmışdı. O zaman Ermənistan tərəfi bildirirdi ki, artıq Azərbaycan Madrid prinsiplərinə razılaşıb və Qarabağ erməniləri danışıqlar prosesinə qoşulur.

Amma Azərbaycanın Xarici İşlər nazirliyinin sözçüsü bildirdi ki, “Dağlıq Qarabağın erməni icması danışıqlarda tərəf kimi qəbul edilə bilməz. Münaqişənin həlli ilə bağlı tərəflər ümumi razılığa gəldikdən sonra danışıqların hansısa mərhələsində Dağlıq Qarabağın azərbaycanlı və erməni icması müzakirələrə qoşula bilər. Amma hələ belə bir razılıq yoxdur və bu, real deyil”.

Keçmiş prezident Robert Koçaryanın son günlər ikinci dəfədir ki, Ermənistanda geniş əks-səda doğuran çıxış edir. Bir neçə gün əvvəl o, Sarkisyan hakimiyyətini ölkənin ağır iqtisadi vəziyyətinə görətənqid etmişdi. 2008-ci ilin aprelində prezidentlik müddətinin başa çatması ilə hakimiyyətdən gedən Koçaryan ötən müddət ərzində demək olar ki, media ilə ünsiyyət saxlamırdı.

Ermənistan müxalifəti Koçaryanı həm də onda günahlandırır ki, saxtakarlıqla Serj Sarkisyanı özündən sonra prezident seçdirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG