Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:48

Naxçıvana getmək zülmü [Yenilənib]


Təxminən bir ay əvvələ qədər «Azərbaycan Hava Yolları» (AZAL) Naxçıvana Bakıdan gündə 6-7 reys həyata keçirirdi

Təxminən bir ay əvvələ qədər «Azərbaycan Hava Yolları» (AZAL) Naxçıvana Bakıdan gündə 6-7 reys həyata keçirirdi

«Mən Naxçıvana heç avtobusla getməmişdim. Təyyarə ilə getmişdim. İndi məcburam, çünki həm qiymət bahadır, həm də gediş-gəliş çətindir».

Abid Əliyev deyir ki, Naxçıvanda yaşayan valideynlərinə əvvəlki kimi tez-tez baş çəkə bilmir. Bakıdan Naxçıvana gediş-gəliş 150 manata qalxandan və təyyarə reysləri azalandan valideynlərini görməyə İrandan keçməklə avtobusla gedir. Deyir yol uzun olduğundan, sərnişinlər çox əziyyət çəkirlər. Baxmayaraq ki, avtobus biletinin qiyməti təyyarə biletindən bir neçə dəfə (14 manat ) ucuzdur.

Təxminən bir ay əvvələ qədər «Azərbaycan Hava Yolları» (AZAL) Naxçıvana Bakıdan gündə 6-7 reys həyata keçirirdi. Uçuşlar «Silk Way Holding»ə məxsus özəl «Turan Air» aviaşirkətinə veriləndən sonra uçuşlar azaldılıb.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyir ki, hazırda Naxçıvana uçuşları AZAL-ın TU-154 təyyarələri həyata keçirir. Təyyarələrdəki bələdçilər də, pilotlar da AZAL-ın əməkdaşlarıdır. Uçuşları AZAL-ın yox, «Turan Air»in həyata keçirməsinə gəldikdə isə Məhərrəm Səfərli bunları deyir:

«AZAL-dan tələb olundu ki, TU-154-lər Avropa məkanına uça bilməz. Biz də həmin təyyarələri «Turan Air»ə verdik. Təyyarələr də, pilotlar da, bələdçilər də bizimdir. Gündə 3 dəfə uçuş kifayət edir. Ehtiyac olanda reysləri artırırıq».

Bakıda yaşayan bəzi naxçıvanlılar bir gileyi dilə gətirdilər ki, onlar uçuş biletlərini yalnız aeroportda əldə edə bilirlər. Bakının müxtəlif yerlərindən hava limanına getmək üçün taksiyə 20 manatadək xərcləməli olurlar.

İNDİ MÜMKÜN DEYİL

AZAL-ın mətbuat xidmətindən Məhərrəm Səfərli isə deyir ki, belə bir problem 2-3 ay əvvəl olub. İndi isə Naxçıvana getmək istəyən bileti təkcə aeroportdan deyil Bakıdakı aviakassadan da ala bilərlər:

«Bu məsələ 2-3 ay bundan əvvəl olan məsələ idi. İndi belə şey mümkün deyil. Bileti aeroportdan da, şəhərdəki aviakassadan da almaq olur. Kassada isə bu günə də bilet olur, sabaha da. İndi hər yerdə elektron sistemə keçilib. Üç gün əvvəl telefonla da, internetlə də bilet sifariş edə bilərsən».

Bakı aerokassasından bildirdilər ki, Nizami 84 ünvanda yerləşən kassadan Naxçıvana hər gün bilet satılır. Əvvəlcədən sifariş etmək də mümkündür.

Məhəmməd Talıblı
İqtisadi İnnovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı isə deyir ki, Naxçıvana təyyarə biletlərinin qiyməti qlobal maliyyə böhranı dövründə bahalaşdı ki, bu özü ziddiyyətli haldır:

HAMIDA AZALIR, BİZDƏ ARTIR

«Qlobal maliyyə böhranında qiymət azalır, bizdə isə bahalaşdı, bu paradoksdur. Reyslərin azalması və qiymətlərin bahalaşması gediş-gəlişi çətinləşdirir. Həm də İran vasitəsi ilə gedən avtobuslarda da limit tətbiq olunub. Avtobuslar bu xətdən 4-6 dəfə istifadə edir. Fikrimcə, bütün bunlar Naxçıvanla Bakı arasındakı əlaqələrin məhdudlaşmasına hesablanıb».

Millət vəkili Fazil Qəzənfəroğlu isə deyir ki, Naxçıvana uçan təyyarələr həm nasaz, həm də bahadır:

«Bunu bir neçə dəfə ora gedəndə hiss eləmişəm. Çox biabırçı vəziyyətdir. Hesab edirəm ki, ora dövlət büdcəsindən pul ayrılmalıdır, Naxçıvana normal təyyarələr işləməlidir. Qiymət də aşağı salınmalıdır. Bir tərəf 75 manatdır. Bir dəfə getmək təqaüdçünün təqaüd pulunun sərf olunması deməkdir. Gəlmək üçün isə insan artıq borca düşməlidir. Bu qiymət naxçıvanlılara verilən böyük cəzadır».

AZAL-da isə təyyarələrin nasaz olması fikrini qəbul etmirlər.

GEDİŞ-GƏLİŞ 170 MANATA BAŞA GƏLİR

İşiylə bağlı tez-tez Bakı-Naxçıvan təyyarəsindən istifadə edən Mehman Mehdiyev deyir ki, o da bir çox sərnişinlər kimi onsuz da baha olan biletin artıq qiymətə satılmasından əziyyət çəkir:

«Naxçıvanda təyyarə bileti 75 manatdır, ancaq 80 manata satırlar. Bakıda isə 75 manatdır. Taksi pulunu da üstünə gəlsək, gediş-gəliş hər dəfə bizə 170 manata başa gəlir».

Mehman Mehdiyev deyir ki, əvvəllər Bakıda bileti ancaq aeroportdan alırdılarsa, bir neçə aydır Bakıdakı aerokassadan da ala bilirlər.

Naxçıvana gediş-gəlişin çətin olmasını rəsmilər Ermənistanın Naxçıvanı blokadada saxlamasıyla izah edirlər.

YANLIŞ SİYASƏTİN NƏTİCƏSİ

Fazil Qəzənfəroğlu
Millət vəkili Fazil Qəzənfəroğlu isə deyir ki, Naxçıvan camaatına indiki münasibət yanlış siyasətin nəticəsidir:

«Naxçıvana biletin bu bahalıqda olması Ermənistanın vurduğundan çox olmasa da Naxçıvana böyük zərbə vurur. Çünki əsas insanların yaşayışı, rifahıdır. Bu rifah düşünülmür».

Son vaxtlar Naxçıvandan Bakıya daimi yaşamağa və müvəqqəti işləməyə gələn naxçıvanlıların sayı çox olsa da, onların rəsmi statistikası aparılmır. Naxçıvanın Bakıdakı nümayəndəliyinin rəhbəri Həsən Hacıyev bildirdi ki, onlarda belə bir məlumat yoxdur. O, Muxtar Respublikaya gediş-gəlişin çətin olması ilə bağlı deyilənlərlə isə razı deyil:

HEÇ BİR ÇƏTİNLİK YOXDUR

«Naxçıvana gedib-gəlməkdə heç bir çətinlik yoxdur. Təyyarə də işləyir, avtobuslar da. Yayın gəlişi ilə bağlı reyslər artırılacaq. Biletin qiymətinə gəldikdə isə, bunu Tarif Şurası müəyyən edib. Ancaq camaat İrandan keçməklə xeyli ucuz qiymətə olan avtobus xidmətlərindən istifadə edir».

Naxçıvana reyslər son qiymət artımına qədər qismən dövlət dotasiyası hesabına həyata keçirilirdi.

2009-cu il noyabrın 1-dən Bakı-Naxçıvan istiqamətində birtərəfli uçuşun qiyməti 40 manatdan 75 manata qalxıb. Naxçıvana uçuşları isə «Turan Air» bu il fevralın 23-dən həyata keçirməyə başlayıb.

Şərhləri göstər

XS
SM
MD
LG