Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:45

Əsgərin evə buraxılmağına 3 gün qalmışdı...


19 yaşlı əsgər aprel ayının əvvəllərində hərbi xidmətini başa vurmalıymış
Cəbhə xəttində həlak olmuş əsgər Vüqar Pənahinin cənazəsi martın 27-də doğulduğu Dəliməmmədli şəhərinə gətirilərkən onun yaxınları etiraz aksiyası keçirərək Bakı-Qazax yolunda hərəkəti dayandırıblar.

Hərbi hissədən yaxınlarına bildirilib ki, Goranboy rayonundan olan 19 yaşlı əsgər xidmət müddətinin bitməsinə 3 gün qalmış təmas xəttində erməni qoşunları ilə atışmada həlak olub. Amma yaxınları buna inanmırlar. Onlar əsgərin cənazəsini də çiyinlərinə alaraq martın 27-də Bakı-Qazax yolunu bağlayıblar.

«Azadlıq» qəzetinin Gəncəbasar müxbiri Ərşad İbrahimlinin dediyinə görə, mərhum əsgərin valideynləri hərbi hissədə mübahisə düşdüyünü, nəticədə 2 əsgərin güllələndiyini iddia edirlər:

«Dünən axşam valideynləri ilə əlaqə saxlayıb, 3 günüm qalıb gəlməyə deyib. Bu gün isə meyitini gətiriblər. Valideynlər də meyiti əllərinə alıb, yolda etiraz aksiyası qaldırıblar. Onlar tələb edir ki, hökumət, ya hərbi hissə evinə qayıtmağa 3 gün qalan əsgərin ölümünün həqiqi səbəbini açıqlasın».

Goranboy-Naftalan seçki dairəsindən deputat Gültəkin Hacıbəyli də AzadlıqRadiosuna bildirib ki, həqiqətən əsgərin yaxınları yolu kəsiblər. Hətta, onun köməkçisi məsələni öyrənmək üçün hadisə yerinə gedib çıxa bilməyib.

G. Hacıbəyli deyir ki, o, da əsgərin ölümünün həqiqi səbəbi barədə hələlik məlumatsızdır.

Goranboy rayon Polis Şöbəsinin rəisi İmran Həsənov isə günün ikinci yarısında AzadlıqRadiosuna qısaca onu bildirib ki, yolda hərəkət bərpa olunub.

Müdafiə Nazirliyi ilə isə əlaqə saxlamaq mümkün olmur. Nazirliyin mətbuat xidmətində əməkdaşların bəzilərinin telefonları söndürülüb, bəziləri isə zənglərə cavab vermirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG