Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:44
“Çeşmə” satirik qəzetinin redaktoru olmuş Ayaz Əhmədov MTN təcridxanasında yaşadıqları barədə “Dilim-dilimovun bir aprel tezisləri” adlı kitab yazmışdı. Hər bazar ertəsi 1996-cı ildə işıq üzü görən bu kitabdan ən maraqlı bölümləri təqdim edirik.

ƏVVƏLİ: Jurnalistin türmə gündəliyi-1 Jurnalistin türmə gündəliyi-2 (Bir aprel hoqqası) Jurnalistin türmə gündəliyi-3 (Qusik), Jurnalistin türmə gündəliyi-4 (Kamerada buraxılan qəzet), Jurnalistin türmə gündəliyi-5 (Divarüstü rəqabət ), Jurnalistin türmə gündəliyi-6 (MTN-dən qaçış qalmaqalı), Jurnalistin türmə gündəliyi-7 (Həkimin qəribə alətləri)

Tezis: AXTARAN TAPMAZ

SİZOniyanın absurdlarla dolu qanunları arasında bəlkə də ən qəribəsi, məhbusların “şmon” adlandırdığı axtarış əməliyyatları idi.

“Artezian”ın səhifələrində bu nəzarət mərəzi “oblava” adlandırılırdı.

Bir prosedura kimi mütəmadi olaraq kameralarda həyata keçirilən axtarışlar məhbusları alçaltmağa yönəlirdi.

Amma dərinə getsən, görərdin ki, “oblavalar”la çekistlər ilk növbədə öz mənliklərində qurdalanırlar. Niyə?

Niyəsi yoxdu ki: məhbus təcridxanaya daxil olanda üst-başı möhkəm axtarılır.

Kamerada milçək və nəzarətçilərdən başqa heç bir canlı məxluqla ünsiyyətdə olmur.

Barmaqlıqlar arasından nə isə əldə etməsi ancaq vertolyot vasitəsilə mümkündür.

Qapını əcinnələrdən savayı dəhlizdə quraşdırılan videokameralar da pusur.

Belə çıxır ki, yasaq edilən hər hansı əşya ancaq çekistlərin əlindən keçib dustağa qismət ola bilər.

Deməli axtarış əmrlərini verməklə rəhbərlik kimdənsə şübhələndiyini təsdiq edir.

Deməli çekistlər bir-birinə etibar etmirlər. Amma kolleqalarına yerli-yersiz “paqon yoldaşı” deməkdən doymurlar.

Oblavalar səhər tezdən, məhbusun yuxusunun ən şirin vaxtlarında baş verirdi.

Qıfılın həyasız şaqqıltısı hücrədəki sükutu qılınc kimi yarır.

“Obısk! Litsom k stene!” əmri, sonra da “Ostro rejuşşe-kolyuşşiye predmetı yest?” sualı səslənirdi.

Bir qayda olaraq iki və ya üç nəzarətçi kameraya daxil olur, kirli alt paltarından tutmuş (əlbəttə ki pardon) zibil vedrasına kimi hər şeyi nəzərdən keçirirdilər.

Məhbəsimin ilk dövründə oblavaya çox nadir hallarda məruz qalırdım, onlar da “xala-xətrin qalmasın” devizi ilə keçirilərdi.

Vəziyyət “Artezian”ın ilk türmə sayı işıq üzü görəndən sonra kəskin şəkildə dəyişdi: həm kəmiyyət (mütəmadilik), həm də keyfiyyət baxımından.

May ayını – bütövlüklə, iyun ayının isə yarısını demək olar ki günaşırı hücrəmə soxulur, onun altını üstünə çevirirdilər.

Özü də “rejuşşe-kolyuşşiye” nədənsə heç yada düşmürdü.

Əlyazmalara xüsusi diqqət yetirirdilər. Bütün cızma-qaralarımı müsadirə edirdilər.

Qiymətli türmə qeydlərim də məhz belə bir axtarış əməliyyatlarının birində, “Artezian”ın reytinq cədvəlinə “Karlson” ləqəbi ilə daxil olan növbə rəisi tərəfindən müsadirə olundu.

Çarəsiz qalıb ərəb əlifbası ilə (amma öz dilimizdə) yazırdım, yenə götürürdülər.

Üstündə müxtəlif simvollarla qeydlər apardığım təqvimi də mənə çox görürdülər.

Halbuki təqvimdə havanın necə keçməsini, gəzintiyə, istintaqa, həkimə, hamama və s. aparılmağımı şərti işarələrlə qeyd edirdim.

Bəlkə elə bilirdilər Çin heroqlifləri ilə yazıram? (təqvimin bir səhifəsini qoruyub saxlamaq mümkün oldu. Bax şəkilə).

Hər şeyin sonu olduğunu bilirdim, axtarışlarınsa – görmürdüm.

Nəhayət elə bezdirdilər ki, fırıldağa əl atmaq lazım gəldi.

Bir Allah bilir ki, çekistlərlə işim yox idi, bütün günü mütaliə ilə məşğuldum.

Necə deyərlər, birinci özləri başladılar...

...İyunun 16-da aşağıdakı mətndə şifroqram tərtib etdim:

Soverşenno sekretno. Şifroqramma.

Doroqiye nadzirateli, pod matratsem etoqo neqodyaya Dilima spryatano psixotronnoye orujie, polzuyas kotorım on daje otsyuda – iz etoqo zdaniya prodoljayet vozdeystvovat na çlenov oppozitsionnıx orqanizatsiy, s tem, çto bı pomeşat im “Dursun Əlibabayev ətrafında sıx birləşməyə”!


Ştirlits

Şifroqramı səliqə ilə büküb “Parijskiye volki” kitabının içində “gizlədim”. Fikir vermişdim, hər dəfə bütün kitabları diqqətlə yoxlayırdılar.

Elə ertəsi gün çekistlər qarmaqdakı soxulcanı udan balıq kimi fırıldağımın “pazına” keçdilər.

Bir cüt göz istəyirdi şifroqramı tapan “Şeyx” ləqəbli əcinnəyə tamaşa etsin.

İlahi, necə sevinirdi! “Mən, Mən tapdım!” deyə tapıntını əlində qol vuran futbolçular kimi yuxarı qaldırdı, güllə sürətilə kameradan çıxdı.

Güman etmək olardı ki, rəisin yanına, özünün tapıcılıq qabiliyyətinin əşyayi-dəlilini nümayiş etdirməyə tələsdi. Yoldaşları da onun ardınca qaçdılar (futbol analogiyasına davam edim: qol vuran oyunçunun ardınca komanda yoldaşları necə qaçırlar, bax eyni ehtirasla kameradakı çekistlər Şeyxin dalınca yüyürdülər).

Onlar tapıntını öz gözləri ilə görməyə elə tələsirdilər ki, az qala kameramın qapısını bağlamağı da unutmuşdular, üstəlik hələ bir qapının ağzındakı zibil vedrasını da vurub aşırdılar.

Şifroqramın təsiri özünü dərhal büruzə verdi.

Axtarışlara son qoyuldu. Bu hadisədən 3 gün sonra məhbusları yoluxan təcridxana rəisi hücrəmə daxil olub hal-əhval tutdu.

Sonra isə günahkar bir təbəssümlə soruşdu: “Ştirlis təzə teleqram göndərməyib ki?” Mənə elə gəldi ki, rəis öz işçisinin kütbeyinliyinə görə xəcalət çəkir.

Ola bilər səhv edirəm, amma sentyabr ayınadək çekistlərlə aramızda atəşkəs hökm sürdü, mənasız oblavalarla narahat etmədilər.

Başına gələn başmaqçı olar. Sentyabrda “Artezian”ın növbəti nömrəsi üzərində işləyərkən çekistlərin sırasına çaxnaşma düşdü.

Güman var ki, hər gün növbəni təhvil verərkən əcinnələr növbətçilik jurnalında iri hərflərlə “Dilim-dilimov nəsə yazır!” qeydini edirdilər.

Bir nəticə kimi tezliklə növbəti oblava kampaniyası başladı.

Bu dəfə axtarışlar çox gərgin keçirdi, xüsusilə mənimçün.

Karikaturaların, əlyazmaların və digər kağız-kuğuzun ələ keçməsi təhlükəsi məni narahat etməyə bilməzdi.

Hələlik onları uğurla nəzarətçilərin nəzərlərindən gizlədə bilirdim.

(Daha doğrusu bunu kamera yoldaşlarımla birlikə həyata keçirirdim).

Amma hiss olunurdu ki, çekistlər axtarışdan-axtarışa daha da azğınlaşır. Təcili olaraq bir şey fikirləşmək lazım idi.

Günlərin birində bizim üçün uğurlu keçən oblavadan sonra böyük ruh yüksəkliyi ilə təşkil etdiyimiz çay süfrəsi arxasında (çay məclisləri kameramızda əsl ritual xarakteri daşıyır, ancaq təntənəli hadisələrdən sonra qurulurdu) məhbus yoldaşım Rövşən (Koroğlu) öyünməyə başladı:

- Eh, lazım gəlsə bu oblavalardan nəinki qəzeti, lap elə TANK da gizlətmək olar!

Bu tarixi nəticədəki TANK sözü mənim üçün xüsusi bir intonasiya ilə səsləndi: TANK... TANK?.. Əlbəttə ki TANK!!! Çarə tapılmışdı.

...18 sentyabr 1995-ci il. Sübh çağı. Kameranın qıfılı şaqqaraq çəkib axtarışın başlanmasından xəbər verir. Növbə rəisi içəri daxil olur:

“Hə, Dilim-dilimov hanı o kağızların? Gətir qoy ortalığa, onsuz da tapacağıq”.

Onun ardınca sanki sözlərinin təsdiqi kimi hücrəyə nəzarətçilər doluşur: bir, iki, üç, dörd... beş. Bu nədir, niyə belə çoxdular?!Altı! Yeddi!!! Yox, belə getsə, həqiqətən də tapacaqlar.

Həyəcan ürəyimi sürətlə döyünməyə vadar edir. Kamera yoldaşlarım da təşvişlərini gizlədə bilmirlər.

Çekistlər bunu hiss edir, daha da hərisləşirlər.

Növbə rəisi Karlson ovçu azarı ilə gah bizə, gah da dördnəfərlik kameranı ələk-vələk edən əcinnələrə baxır.

Gözündən azğınlıq yağır.

Hücrənin kasıb havasında nəsə bir gərginlik var və birdən bu gərginlik şimşək kimi çaxaraq ildırım kimi əks-səda verən “Vot, naşyol” sözləri ilə kulminasiya nöqtəsinə çatıb qüvvəsini boşaldır.

Bütün nəzərlər ikiqat əyilib mənim çarpayımın altında qurdalanan nəzarətçiyə dikilir.

Mənə elə gəlir ki, toz düşməmək üçün ərzaq rəflərinin üstünə sərdiyimiz “Günay” qəzetinin birinci səhifəsindəki Əlibabayevin fotosurəti də nəzərlərini həmin növbətçiyə zilləyib.

O dikəlib nidasına səbəb olan kibrit qutusu boyda bağlamanı növbə rəisinə verir. Otaqdakı çekistlər rəisin başına toplaşır.

Gözlərində qəribə acgöz maraq var.

Rəis isə sanki bomba götürürmüş kimi ustufca bağlamanı əlinə alır, onun siqaret kağızından ibarət üzqabığını açır.

Qəzet konfet kağızı kimi açılsa da, içindən eyni materiala bükülən daha bir bağlama çıxır.

Artist Arif Quliyev kimi “I-hı!” deyə irişən Karlson mənə sarı baxır. Onun baxışlarını ancaq bir cürə xırdalamaq olar: “yenə nə fırıldaqdı, bizə gəlirsən?”

Sonra ciddiləşib bu bağlamanı da açır.

İçindən başqası çıxır. Hiss olunur ki, çekistlərin hövsələləri daralır, tapıntının tərkibini görməyə tələsirlər.

Növbə rəisinin hərəkətlərində əvvəlki ehmallıqdan əsər-əlamət qalmayıb, artıq bağlamanı əsəbi şəkildə açır. Soğan qabığı kimi təbəqələrlə qavqarılan bağlama isə öz məzmununu açıqlamağa tələsmir.

Nəhayət sonuncu – 9-cu qat açılandan sonra onun tərkibi öz zərifliyi ilə rəisin ovcuna zillənən 12 cüt nəzəri oxşamağa başlayır: çeçələ barmağının yarısı boyda miniatür TANK maketi.

Çörəkdən düzəltdiyim bu maketin ən böyük məziyyəti əsl döyüş texnikasındakı kimi qülləsinin ora-bura fırlanması idi.

Elə ciddiliklə başlayan, amma belə məzhəkə ilə başa çatan 18 sentyabr oblavası MTN təcridxanasında məruz qaldığım saysız-hesabsız “dom Feyzulla” əməliyyatlarının sonuncusu oldu.

“Tank arabatay” bəzəməsindən çəkinən əcinnələrin axtarış ehtirasları bundan sonra elə buxarlandı ki, SİZOniyadan Bayıl türməsinə keçirilərkən yekə boxçamın içinə baxmadılar, “qoy cəhənnəm olsun, yoxlasaq, cibindən samolyot-zad çıxacaq!” deyə başlarından elədilər.

Ətraflı təsvirini verdiyim sonuncu axtarışdan sonra rahatca “Artezian”ın növbəti sayını ərsəyə gətirdim.

(Ardı gələn cümə günü)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG