Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:49

Roma Papası və uşaqbazlıq qalmaqalı


New-York Times “Papa və uşaqbazlıq qalmaqalı” adlı baş məqaləsində yazır ki, Papa 16-cı Benediktin uşaqbaz keşişlərin hərəkətlərinə görə üzr istəməsi əslində Roma Katolik Kilsəsinin uzun illər əvvəl atmalı olduğu bir addımdır.

İndi Papanın bu hərəkətini katoliklərin öz kilsələrinə inamını bərpa etmək üçün yetərli saymaq olmaz.

Hazırda az qala bütün Avropanı başına alan qalmaqal Papanı məcbur edib ki, keçən həftə “bu kriminal hərəkətlərə görə” - onilliklər boyu minlərlə uşağın seksual basqıya məruz qalmasına görə irland katoliklərindən üzr istəsin.

16-cı Benedikt irland katoliklərinə yazdığı məktubda zorakılığa məruz qalanların baş verənlər haqda açıq danışmasını cəsur addım adlandırır və uşaqbazlığı sübut edilən keşişlərin hərəkətlərini pisləyir.

Bundan dərhal sonra İrlandiya katolik kilsəsinin rəhbəri kardinal Şon Breydi papanın üzrxahlığını yüksək qiymətləndirib.

BBC-nin məlumatına görə, kardinal deyib ki, papa bu məktubu ilə uşaqları zorakılığa məruz qalan valideynlərin necə şoka düşdüklərini anladığını bildirir:

“Özü də bu biabırçılıqlar elə bir mühitdə baş verib ki, ora

BÜTÜN DÜNYADA ƏN PAK VƏ TƏHLÜKƏSİZ YER OLMALI İDİ”

Amma New-York Times yazır ki, Papa günaha batmış keşişləri cəzalardan qoruyan və onları bir kilsədən o birisinə yollayan, bununla da onların öz cinayətlərini davam etdirmələrinə şərait yaradan yepiskopların məsuliyyətə cəlb olunmasının vacibliyi haqqında heç nə deməyib.

Keşişlərin zorakılığına məruz qalanların şəbəkəsinin təmsilçisi Bekki Yanni də eyni mövqedədir.

Yanni BBC-yə deyib ki, Papa niyə yalnız bir ölkənin katoliklərindən üzr istəyir, axı başqa ölkələrdə də yüzlərlə belə uşaqbazlıq halları olub...

New-York Times yazır ki, Papanın üzrü həm də ona görə yetərli deyil ki, o, Vətəni Almaniyada keşişlərin uşaqbazlığı haqda iddialara münasibət bildirməyib.

Buna oxşar iddialar Avstriya və Hollandiyada da səslənir. Amma Vatikan müxtəlif ölkələrdə ortaya çıxan bu iddiaları araşdırmaq üçün cəmi 10 nəfər ayırıb.

Məsələn, Vatikanın İrlandiyada keşişlərin uşaqbazlığı haqda iddiaları araşdırmaq üçün yaratdığı təhqiqat qrupu çox ləng işləyirdi və bunun nəzərəçarpacaq nəticəsi də olmadı.

Yalnız irland polisinin iki işlə bağlı ortaya qoyduğu faktlar Vatikanı bu ölkədəki icması ilə bağlı çevik tədbirlər görməyə məcbur etdi.

Alman katolikləri isə sual verirlər ki, hələ 30 il qabaq Münxen yepiskopu olarkən 16-cı Benedikt

NİYƏ UŞAQBAZ KEŞİŞİN BİR KİLSƏDƏN BAŞQA BİRİSİNƏ KEÇİRİLMƏSİNƏ ŞƏRAİT YARADIB

Həmin keşiş keçən həftəyə qədər öz ruhani missiyasını icra edirdi. Yalnız qalmaqal böyüyəndən sonra onu işindən kənarlaşdırıblar.

Bundan başqa Vatikan kardinalı olarkən 16-cı Benedikt 2001-ci ildə dünya ölkələrindəki yepiskoplara direktiv göndərib ki, keşişlərin pedofilliyi haqqında iddiaların araşdırılmasını məxfi saxlasınlar.

Əks halda katolik icmasından kənarlaşdırılacaqlar.

Vatikan deyir ki, bunu günahı olmayan keşişlərin ləkələnməsinə imkan verməmək üçün ediblər.

Qəzet yazır ki, düzdür, Papa uşaqbazlıqla bağlı iddiaların tam araşdırılmasının və bununla bağlı hüquq-mühafizə orqanları ilə əməkdaşlığın vacibliyini daim bildirsə də, onun direktivi yepiskoplara şərait yaradıb ki, məhkəmələrdə uşaqbaz keşişlərin ifşa olunması üçün yetərli süburların ortaya çıxmasına imkan verməsinlər.

New-York Times qeyd edir ki, Vatikan rəsmilərinin Amerikada keşişlərin uşaqbazlığı ilə bağlı qalmaqaldan nəticə çıxarmaması təəssüf doğurur. Həmin qalmaqal zamanı

ÜÇ İL ƏRZİNDƏ 700 KEŞİŞ İŞİNDƏN UZAQLAŞDIRILMIŞDI

Bundan sonra New-York Times yazı dərc etmişdi ki, Vatikanda kardinal olarkən 16-cı Benediktə kor uşaqlar üçün seminariyada 200-ə qədər uşağa seksual basqı etmiş keşiş haqda şəxsən məlumat verilib, amma Vatikan uşaqları yox, qalmaqaldan yayınmaq üçün özünü müdafiə etmək yolunu tutub.

New-York Times yazır ki, Papanın irland katolikləri qarşısında üzr istəməsi sözsüz ki, müsbət addımdır, amma indi həm də Almaniya kansleri Merkelin dediyi kimi “bütün olanlar haqqında aydınlığın yaranmasına və həqiqətin ortaya çıxmasına” ehtiyac var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG