Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:47

Yeni prezident Şaymiyevdən qalan Tatarıstana nə verə biləcək?


Mintimer Şaymiyev Prezident Ştandartını xələfi Rüstəm Minnixanova təhvil verir, 25 mart 2010
Mintimer Şaymiyev Prezident Ştandartını xələfi Rüstəm Minnixanova təhvil verir, 25 mart 2010
DÖRD PREZİDENT GÖRMÜŞ ŞAYMİYEV

Martın 24-də prezident kimi səlahiyyət müddəti başa çatan Mintimer Şaymiyev indi Tatarıstanın dövlət müşaviridir. 73 yaşlı Şaymiyev Qorbaçovun, Yeltsinin, Putinin və Medvedevin rəhbərliyi dövründə Tatarıstana başçılıq edib. 1991-ci ildə hakimiyyətə gələn bu adam 1996 və 2001-ci illərdə iki dəfə təzədən postunda qaldı, üçüncü dəfə isə özü prezidentlikdən əl çəkib yerini baş nazir Rüstəm Minnixanova verdi.

ŞAYMİYEV GETDİ, TATARISTAN NECƏ OLACAQ?

Şaymiyev Rusiyada Tatarıstan üçün başqa federasiya subyektlərinin heç birində olmayan qədər müstəqillik almışdı.

O, öz respublikasını Rusiyanın ən varlı və dinamik bir regionuna çevirə bilmişdi. Eyni zamanda, siyasi sistemi bir çox hallarda repressiv metodlarla özünə ram etmiş bir adam idi.

ŞAYMİYEVİN MİLLƏTÇİLİK KARTI

Moskvadakı Karneqi Fondunun təhlilçisi Nikolay Petrov bildirir ki, hətta dikbaş KQB veteranı Putin də Şaymiyevlə ehtiyatlı davranmağa məcbur olurdu. Bunun da səbəbi Şaymiyevin tatar millətçiliyi ilə məharətlə oynaması idi:

«O, federal mərkəzlə oyunda millətçilik kartını həmişə çox məharətlə oynadırdı. Yeltsin, ondan sonra Putin Tatarıstana qarşı sərt siyasət yeritməyə başlayanda, respublikada millətçilik dalğası qalxırdı. Belə siqnallar da yayılırdı ki, yalnız Şaymiyev vəziyyəti nəzarətdə saxlaya bilər».

Yeni prezident Rüstəm Minnixanov, 25 mart 2010
İndi müşahidəçilər də deyirlər ki, Tatarıstan Rusiyanın olduqca qeyri-adi bir nümunəsidir. 3.8 milyonluq əhalisinin 53 faizə yaxını müsəlman, 40 faizə yaxını ortodoks xristianlardır. Buna baxmayaraq, burada etnik-milli zəmində toqquşmalar çox nadir hadisələrdir.

Tatarıstanda müxalifət qrupları üçün Şaymiyev tatarların deyil, Rusiyanın maraqlarına işləyən bir siyasətçi idi.

Tatarıstanın üçüncü böyük şəhəri olan Nijnekamskda Tatar Mərkəzinin rəhbəri Xəlil Ayupov:

«Tatarıstan xalqı ondan respublikanın suverenliyini qorumasını istəyirdi. Amma təəssüf ki, indi o, suveren respublikanın prezidenti kimi deyil, Rusiyanın bir regionunun lideri kimi vəzifədən gedir. Tatarıstanın öz suverenliyini itirməsində onun çox böyük rolu var».

Tatarıstanda Xalq Demokrat Partiyasının rəhbəri Məhəmməd Minaçev də hesab edir ki, Şaymiyev tatar millətçilərini məyus edib:

«Onun ən böyük uğuru 2005-ci ildə Kazanın 1000 illiyinin keçirilməsinə nail olması idi. Ən böyük səhvi isə özü tatar olsa da və tatar dilində danışsa da, tatarların maraqlarını nəzərə almaması oldu. Biz hamımız sovet dövründə oyanmışdıq. 1990-cı illərdə tatarlar daha cəsarətli addımlar ata bilərdilər».

Mintimer Şaymiyev, 23 yanvar 2010
Amma buna baxmayaraq, respublikada tatar dilinin saxlanmasını və orta məktəblərdə pravoslav xristianlığın təbliğini dayandırmasını çoxları Şaymiyevin uğuru sayırlar.

ŞAYMİYEV ƏLDƏ ETDİKLƏRİNİ ÖZÜ ƏLDƏN VERİRDİ

1990-cı illərin əvvəllərində Şaymiyev daha çox müstəqillik istəyirdi. Buna bir qədər nail olmuşdu da. Hətta bu gün Tatarıstan Rusiyanın başqa regionlarından daha çox muxtariyyətə malikdir.

Karneqi Mərkəzindən Nikolay Petrov hesab edir ki, yeni prezident Minnixanov çətin ki, Kremlin istəklərinə Şaymiyev qədər müqavimət göstərsin:

«Minnixanov daha zəifləmiş bir Tatarıstanı təmsil edəcək. Şaymiyevə isə Tatarıstanın həyatında təsiredici rol oynamaq olduqca çətin olacaq. Məncə, Minnixanov Şaymiyevin sistemini saxlaya bilməyəcək, o, həmin sistemin zəifləmiş variantını bəlkə əlində saxlaya bilər».

Amma Kreml elə Şaymiyevin vaxtından Tatarıstanın muxtariyyətini kifayət qədər cilovlaya bilmişdi.

2005-ci ildə Putin Tatarıstanda prezident seçkisini ləğv edəndə, Şaymiyev buna etiraz olaraq istefa verəcəyini bildirdi. Amma az sonra Putin onu yola gətirərək yenidən prezident vəzifəsinə irəli sürdü. Bununla da Şaymiyev həm də respublikanın xalqın seçmədiyi, parlamentin Kremlin namizədi kimi təsdiq etdiyi ilk prezidenti oldu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG