Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:13

Hamı Avropaya!


Azərbaycan vətəndaşları yaşamaq üçün ABŞ, Fransa, Kanada, Böyük Britaniya və Almaniyaya üstünlük verirlər

Azərbaycan vətəndaşları yaşamaq üçün ABŞ, Fransa, Kanada, Böyük Britaniya və Almaniyaya üstünlük verirlər

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının martın 23-də yaydığı hesabata görə, 2009-cu ildə Azərbaycanda xarici ölkələrdən sığınacaq almaq üçün müraciət edənlərin sayı 2008-ci illə müqayisədə artıb. Əgər 2008-ci ildə 1691 Azərbaycan vətəndaşı sığınacaq almaq üçün xarici ölkələrə müraciət etmişdisə, 2009-cu ildə bu rəqəm 2319 olub. Artım 36 faiz təşkil edib.

«ANAM MƏHKƏMƏ YOLLARINDA MƏHV OLDU»

Hesabata görə, Azərbaycan vətəndaşları əsasən Avropa Birliyi ölkələrinə getməyə, yaşamaq üçün ABŞ, Fransa, Kanada, Böyük Britaniya və Almaniyaya üstünlük verirlər. Bir sözlə, hamı Avropaya üz tutur.

Elə müsahibim də sığınacaq üçün Almaniyanı seçib və bir neçə gün əvvəl ailəsi ilə birlikdə yaşamaq üçün Azərbaycandan Almaniyaya köçüb. Sığınacaq aldığı ölkədə hələ ki, tam oturuşmadığından və Azərbaycanda qalan yaxın qohumlarına problem yaratmaq istəmədiyindən adının açıqlanmasını istəməsə də, ölkəni tərk etməsinin səbəblərini danışmaqdan çəkinmədi:

«Təsəvvür edin ki, el ağsaqqalı olan, uzun illər əmək veteranı olan adam, öz ölkəsi üçün çalışmış insan, parlamentdə Azərbaycanın ilk konstitusiyası qəbul edilən zaman səsvermədə iştirak etmiş bir adam xuliqanlıqda ittiham edilərək tutuldu, 5 ay məhkəməsiz saxlanıldı, sonra da öldürülmüş şəkildə bizə təhvil verildi. Bundan sonra çox yerlərə müraciət etdik, demək olar ki, son 8 ili elə məhkəmələrdə keçirdik. Heç yerdə də baxmadılar işimizə. Anam rəhmətlik elə məhkəmə yollarında məhv oldu».

Müsahibim deyir ki, həbsdə vəfat edən atasına heç olmasa ölümündən sonra bəraət verilməsi və ölümünün əsl səbəblərinin araşdırılması ilə bağlı illərlə Azərbaycan məhkəmələrinin qapılarını döysələr də, nə bəraət almağa müvəffəq olublar, nə də rəhmətliyin ölüm səbəblərini üzə çıxarmağa. Azərbaycanı tərk etmək isə son addım olub:

«Biz bilirik ki, indi Azərbaycanda rejim necədir. Azərbaycandan insanların kənara getməsinin bircə səbəbi var – o da ölkədə azadlığın olmamasıdır. Hamı sıxılır, hamı boğulur, heç kəs də sözünü deyə bilmir. Elə bir aura yaradılır ki, guya demokratiyadır, kimsə nəsə deyə bilər, ancaq faktiki heç kim sözünü heç yerə çatdıra bilmir. Mən də yekunda çıxış yolu kimi mühacirət etməyi gördüm».

Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin sədri Əlövsət Əliyev də deyir ki, ötən il Azərbaycandan getmək istəyənlərin sayı əvvəlki illərlə müqayisədə daha çox olub:

Əlövsət Əliyev
«2009-cu ildə daha çox gənclər getdi ölkədən. Xüsusilə də Adnangilin həbsindən sonra siyasi fəaliyyətlə məşğul olan və müxalifətdə olan şəxslərin əksəriyyəti öz övladlarını göndərdilər xaricə, sığınacaq almaq üçün. Çünki heç bir valideyn sığortalanmayıb ki, onun uşaqlarının başına sabah həmin oyunlar gəlməyəcək».

Elə Almaniyada mühacirət həyatına başlamış müsahibimin də 30 yaşı var. Azərbaycan Dillər Universitetini bitirib, ixtisasca avropaşünasdır. Deyir ki, atasının başına gələnlərdən sonra ailəsi təqib olunduğundan o da ölkədən getmək qərarı verib.

HAMI AVROPAYA!

Bəs nəyə görə Azərbaycandan getmək istəyənlər məhz Avropa ölkələrini seçir? Almaniyada mühacirət etmiş müsahibim deyir ki, Avropa insanlara dəyər verilən məkandır:

«Hansısa bir postsovet ölkəsinə, yaxud Türkiyəyə, İrana üz tutarsansa, həmin ölkələrdəki vəziyyət Azərbaycandakından o dərəcədə də fərqlənmir. Ancaq hamı bilir ki, Avropada demokratiya necədir, sözünü deyə bilərsən və ən azı güvənə bilərsən ki, sənin haqlarını tapdalamayacaqlar».

Müsahibimin fikrincə, ölkədən getmək istəyənlərin sayının artması təbiidir. Səbəb odur ki:

«Beş il bundan qabaq ölkədən getməyin əleyhinə çıxanlar çox idi, onların arasında dövlət işində işləyən, yaxud bizneslə məşğul olan yaxın adamlar da var idi. Ancaq indi onlar özləri də ölkədən getmək istəyirlər. Çünki dövlət orqanlarında işləyənlər nə qədər haqsızlıqlarla üzləşirlər, kiminsə sahibkarlıq fəaliyyəti ilə məşğul olması isə ümumiyyətlə, qeyri-mümkündür. Bu səbəbdən getmək istəyirlər».

«BİZ QAYIDACAĞIQ»

Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin sədri Əlövsət Əliyev xaricdə yaşamağa üstünlük verənlərin göstərdikləri səbəblərdən danışır:

«Səbəblərdən birincisi, Azərbaycanda korrupsiyanın inkişaf etməsidir. Vətəndaşların orta sahibkarlıq fəaliyyətilə məşğul olması imkan xaricindədir. İkincisi, Azərbaycanda Qarabağ probleminin həll olunmaması, müharibə təhlükəsinin tam aradan qaldırılmamasıdır. Başqa bir səbəb isə Azərbaycanda təhsil sisteminin aşağı olması və pullu təhsilin həddən artıq bahalılığıdır».

Almaniyaya köçən müsahibimsə deyir ki, vaxt gələcək, qürbətə üz tutanların hamısı öz yuvasına dönəcək. Ancaq zamana ehtiyac var:

«Heç bir normal insan, əgər onu öz vətənində sıxışdırmasalar, haqlarını pozmasalar, vətənindən getməz. Biz də həmişə torpağa, Azərbaycanımıza bağlı insanlar olmuşuq. Mövcud rejim dəyişildikdən sonra, düşünürəm ki, təkcə mən yox, bir çox azərbaycanlılar vətənə qayıdacaqlar».

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG