Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:16

Qaza görə iki ölkənin münasibətləri soyuya bilər


«Şahdəniz» layihəsinin 2-ci fazası üzrə çıxarılacaq qazın Avropa Birliyinin dəstəklədiyi «Nabucco» layihəsi üçün önəmi böyükdür

«Şahdəniz» layihəsinin 2-ci fazası üzrə çıxarılacaq qazın Avropa Birliyinin dəstəklədiyi «Nabucco» layihəsi üçün önəmi böyükdür

SİYASİ MƏSƏLƏLƏRƏ GÖRƏ DAYANAN QAZ DANIŞIQLARI

«Azərbaycan və Türkiyə arasında qaz nəqliylə bağlı danışıqlar siyasi səbəblər üzündən yarımçıq qalıb».

«Reuters» agentliyinin məlumatına görə, bu sözləri Türkiyənin enerji naziri Taner Yıldız martın 23-də keçirdiyi mətbuat konfransında deyib. Nazir siyasi səbəb deyəndə, Ankara-Yerevan yaxınlaşmasını nəzərdə tutduğunu bildirib.

Taner Yıldız deyib ki, «Şahdəniz» layihəsinin 2-ci fazası üzrə çıxarılacaq qazın Avropa Birliyinin dəstəklədiyi «Nabucco» layihəsi üçün önəmi böyükdür. «Ancaq siyasi səbəblər üzündən biz azərbaycanlılarla hardasa bir ay, ay yarımdır ki, bu məsələdən danışmamışıq», - deyə türkiyəli nazir bildirib.

Taner Yıldız həmçinin Azərbaycan qazının bazar qiymətlərindən aşağı tariflərlə Avropaya nəqli təklifinin də hələ açıq qaldığını bildirib.

Amma azərbaycanlı ekspertlər qazla bağlı danışıqların təkcə siyasi məsələlərə görə yarımçıq qalmadığını deyirlər. Enerji məsələləri üzrə ekspert İlham Şabana görə, Azərbaycan istəyir ki,
İlham Şaban
Türkiyəyə dünya bazar qiymətlərindən hardasa 20-30 faiz ucuz, amma stabil və uzunmüddətli qaz satsın. Bundan başqa, Azərbaycan istəyir ki, «Şahdəniz» layihəsinin 1-ci mərhələsində qazın əsas alıcısı olan Türkiyə 2-ci mərhələdə də əsas alıcı olsun.

Amma ekspert bu şərtlərin bir qədər riskli olduğunu düşünür. İlham Şabana görə, 2001-ci ilin martında «Şahdəniz» layihəsinin 1-ci mərhələsilə bağlı imzalanan müqavilədə Türkiyənin hər il Azərbaycandan 6, 3 milyard kubmetrdən 6,6 millyard kubmetrə qədər qaz alması öz əksini tapsa da, Türkiyə indiyə qədər Azərbaycandan bu həcmdə qaz almayıb:

AZƏRBAYCAN QAZLA BAĞLI QƏRARINI TÜRKİYƏNİN SON ADDIMINDAN SONRA VERƏ BİLƏR

«Ötən ilin nəticələrinə görə, Türkiyə tərəfi 6 milyard əvəzinə cəmi 5 milyard 45 milyon kubmetr qaz alıb. 2010-cu ildə isə Türkiyə Azərbaycandan 4 milyard 700 kubmetr qaz almaq niyyətindədir. Bunu da onunla əsaslandırırlar ki, Türkiyədə getdikcə təbii qazın istehlakı azalmaqdadır».

İlham Şabana görə, belə olan halda Türkiyənin Azərbaycandan sabit və uzunmüddətli qaz alması bir qədər müşkül məsələdir.

Türkiyənin enerji nazirinin dediyi siyasi məsələlərə toxunan «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, əgər indiyə qədər Azərbaycan Ermənistanla
Elxan Şahinoğlu
Türkiyə arasında sərhədlərlə bağlı müzakirələrin sonunu gözləyirdisə, indi də aprelin sonunu - ABŞ prezidentinin erməni soyqırımı iddiası ilə bağlı edəcəyi çıxışını gözləyir. Mərkəz rəhbərinə görə, indi Azərbaycan qazla bağlı özünün son qərarını Türkiyənin atacağı addımlardan sonraya saxlayıb. Azərbaycan hələ də narahatdır ki, Türkiyə aprelin 24-nə qədər təzyiqlər qarşısında Ermənistanla sərhədlərin açılmasıyla bağlı protokolları təsdiqləyə bilər:

«Azərbaycan aprelin 24-nə qədər gözləyir və istəyir ki, bundan sonra qərarını versin. Amma mən düşünürəm ki, bu, Türkiyə ilə Azərbaycan arasındakı strateji münasibətlərə uyğun olmayan münasibətdir».

Elxan Şahinoğlu hesab edir ki, əslində, belə bir yanaşma hər iki ölkənin münasibətlərinə mənfi təsir göstərə, qaz məsələsi iki tərəf arasında isti münasibətləri soyuda bilər. Şahinoğlu bildirir ki, Azərbaycanla Türkiyə arasında qaz danışıqlarının siyasi məsələlərə görə yarımçıq qalmasıyla bağlı Türkiyə enerji nazirinin verdiyi açıqlama həm də Türkiyəyə təzyiq göstərən dövlətlərə və beynəlxalq qurumlara məsələnin Türkiyədən asılı olmamasıyla bağlı verilən mesajdır:

Sinan Oğan
«Artıq bu həm dünyaya, həm də Azərbaycan cəmiyyətinə açıq mesajdır ki, Azərbaycan bu sazişi qazın qiymətinə görə yox, siyasi səbəbdən imzalamaq istəmir».

MƏSƏLƏYƏ PREZİDENT VƏ BAŞ NAZİR SƏVİYYƏSİNDƏ BAXILMALIDIR

Ankara «Türksam» Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan isə deyir ki, o, Azərbaycanla Türkiyənin bir-birinə qarşı neft və qazdan bir siyasi təzyiq vasitəsi kimi istifadəsinə inanmır. Sinan Oğan hesab edir ki, məsələnin öz həllini tapması üçün iki tərəf arasında ən yüksək səviyyədə aparılacaq danışıqlara ehtiyac var:

«İki ölkənin prezidentləri, baş nazirləri səviyyəsində müzakirə olunması gözlənilən bu məsələ indiyə qədər daha aşağı səviyyələrdə müzakirə olunub. Qarşılıqlı görüşlər olmadan, telefon danışıqları ilə görülən işlər elə belə olur. Bu, iki qardaş arasında istifadə olunan silah deyil, bundan yalnız üçüncü bir tərəfə qarşı istifadə etmək olar».

Enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, 2009-cu ilin yekunlarına görə, Avropaya qazı ən baha qiymətə Rusiyanın «Qazprom» şirkəti satıb - min kubmetri 296 dollara olub. Bu il üçün isə 326 dollar proqnozlaşdırılıb. İlham Şabana görə, əgər Avropada qazın qiyməti 300-320 dollar arası olarsa, Türkiyədə bu 250-260 dollar civarında olur. Ekspert hesab edir ki, belə bir qiymət həm hasilatçı, həm də alıcını qane edən bir qiymətdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG