Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:35
Səudiyyə Ərəbistanından olan evdar qadın canlı efirdə oxuduğu şeirində radikal ruhaniləri “darmadağın edib”.

Başdan ayağacan qara çadraya bürünmüş və yalnız gözləri görünən Hissa Hilal Birləşmiş Ərəb Əmirliklərinin populyar TV-lərinin birində keçirilən “Milyonların şairi” müsabiqəsində iştirak edir və öz şeirində ölkəsində qadınlara qarşı qadağanedici fitvaların əleyhinə çıxıb.

“Fitvaların xaosu” adlanan şeirdə fitvaların qadınların ictimai həyatda kişilərlə bərabər əsaslarda iştirakına, bəzi peşələrə qadınların da yiyələnməsinə icazə verməməsinə etiraz bildirilir.

Münsiflər Heyəti Hilala çox yüksək bal verib, o, 50 mümkün baldan 47 bal toplayıb, beləliklə də indi əsas mükafata ən real namizəd sayılır.

Bu şeirin Səudiyyə ruhanisi Əbdül Rəhman əl-Barraka bir cavab olduğu güman edilir. Həmin ruhani deyib ki, təhsildə və iş yerlərində kişilərlə qadınları “qarışdırmaq istəyənlər” ölümə məhkum edilməlidir.

Bu fitva İordaniyada qızlarla oğlanların bir yerdə oxuduğu universitetin yaradılmasından sonra verilib.

Canlı efirdə radikal ruhanilərin tənqidindən sonra şairəyə qarşı bəzi islamçı saytlarda ölüm hədələri yerləşdirilib.

Hilal “Frans-press”ə deyib ki, özünün və ailəsinin həyatına təhlükə olmasından ehtiyatlanır. Amma onu da qeyd edib ki, istəyi yalnız öz şeirləri vasitəsilə ekstremizmə qarşı mübarizə aparmaqdır.

“Bir meçə il qabaq Səudiyyə cəmiyyəti daha açıq idi. İndi isə bəzi kişilər daha əvvəlki kimi öz qadın qohumlarının əlini sıxmır”.

Səudiyyə qadınlarına maşın sürmək və kişisinin müşayiəti olmadan yola çıxmaq, səyahət etmək də qadağandır.

Ərəb ölkələrində şeir müsabiqələri Qərb ölkələrində mahnı müsabiqələri qədər populyardır və belə müsabiqələrə milyonlarla tamaşaçı baxır.

Müsabiqə martın 31-də yekunlaşacaq və qalibə 1,3 milyon dollar mükafat veriləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG