Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:20

«Yolkəsənlər» qəsəbəsi


Gəncənin Natəvan qəsəbəsinin sakinləri özlərini «yolkəsənlər» adlandırır. Çünki bir ildə 4 dəfədir ki, yaşadıqları ərazidə olan dəmiryolunu kəsiblər.

Onlar da yaşayışlarının çətinliyini, etirazlarını bu cür ifadə edirlər. Qəsəbə sakini Səidə deyir ki, bu heç də asan yol deyil, sadəcə onların şikayətlərini başqa cür heç kəs dinləmir. Sakinlər qəsəbədə çox problem danışırlar, ən əsası isə susuzluqdur:

VƏTƏNDAŞLARIN ÖZ TƏŞƏBBÜSLƏRİ

«Burda nə vaxtdan su yoxdur, alüminium zavoddan işlədirdik. Ora da işləmədi, su tam kəsildi. Ordan-burdan gətiririk. Aznixi ərazisinə gedirik o tərəfə. Samux rayonuna baxan yerə gedirik. Orda da üzümüzə artezianı bağlayırlar. Biz çox şikayət edəndən sonra 15 gündən su verdilər. O da yarım gün, sən onla əynini dəyiş, paltar yu, ya uşaq çimdir. Çox çətindir. Camaat artıq evlərini satır».

«O qədər demişik qatar yoluna qədər kəsmişik. Az qaldı qatar neçə qadını vura. Müraciət edirik, Şahmalı müəllim gəlir, o da bir söz tullayır çıxır gedir».

Qəsəbədə yaşayanlar bir problem barədə danışıb qurtarmamış digərinə keçirlər. Deyirlər artezian vurulub, xətti çəkilməyib. İşığı, qazı da öz təşəbbüsləri ilə çəkiblər. Hətta yolu da özləri salıblar, amma ancaq piyadaya yarayır. Ona görə marşrutlar bu tərəflərə sərnişin daşımaq istəmir:
«Bu əraziyə elə bil heç baxan yoxdur. Yoldur, özümüz çəkmişik qazı da özümüz, bax nazik borularladır. Hər yerdən qaz çıxır. İşığı da özümüz çəkmişik. Sonra gəlib məftilləri yığıb kabel bağladılar».

«400-500 manatımız yoxdur bizim. Nə transformator qoyublar, nə xətt, elə quruca adı da arteziandır».

SEÇKİDƏN-SEÇKİYƏ YADA DÜŞƏN İNSANLAR...

«Marşrut deyilən şey yoxdur. Səhiyyə yox, telefon yox. Poçt yox. Ancaq seçki vaxtı bu qəsəbə yada düşüb. Seçkidə də xüsusi avtobuslar ayrılır. Camaat gedir səs verir hər şey sonra yaddan çıxır».

«Biz bələdiyyəmizi tanımırıq, deputatımızı tanımırıq. Bu dəfə seçkiyə getməmişik, hamı acıq elədi, getmədi. Ona görə ki, bizim problemlərimizlə maraqlanmır, nəyə görə getməliyik?».

Gəncə Su kanal Törəmə Cəmiyyətinin icraçı direktoru Məhəmməd Hüseynov deyir ki, qəsəbədəki problem idarəni də narahat edir. Buna görə də 2 il əvvəl əraziyə artezian qazdırıblar, lakin xətlərin çəkilməsi üçün vəsait yoxdur:

«SAKİNLƏR ANLAMAQ İSTƏMİRLƏR Kİ... »

«2 il bundan əvvəl biz həmin qəsəbəyə artezian qazdırdıq. Bilirsiniz ki, bizim idarə təsərrüfat hesablıdır ona görə təklif etdik ki, xəttin çəkilişini də qəsəbə sakinləri etsinlər, suyun verilməsini icra edək. Lakin sakinlər bunun anlamaq istəmirlər. Biz əsas işi görmüşük».

Natəvan qəsəbəsi Gəncə dəmiryolu xətlərinin yanında salınıb. Məktəbə gedən başqa yol olmadığından hər gün məktəblilər bu xətləri adlamalı olur. Qatar uşaqların dərsə getdiyi vaxt hərəkət etdiyindən son 2 ildə 3 uşaq qatarın altda qalıb həlak olub:

«Dəmiryolu çox yaxındır. Uşaq dərsə gedəndə həmin xətlə keçirlər. Başqa keçid yoxdur. Keçən il bir uşaq su gətirməyə gedəndə qatarın altda qaldı, həlak oldu».

Qəsəbənin problemləri ilə bağlı Gəncə şəhər İcra başçısının təsərrüfat işləri üzrə müavini Şahmalı Cavadova müraciət etsək də, müsahibə vermək istəmədiyini dedi.
XS
SM
MD
LG