Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:39

Avropada miqrantların imici getdikcə daha çox korlanır


İspaniya cəmiyyətinin 12 faizini immiqrantlar təşkil edir

İspaniya cəmiyyətinin 12 faizini immiqrantlar təşkil edir

İSPANİYADA MİQRANTLARA OĞRU KİMİ BAXMAĞA BAŞLAYIBLAR

Mariya Şkurnıtska 12 il əvvəl Ukraynadan İspaniyaya köçüb. Çətinliklə iş tapsa da, yeni evinə çox tez öyrəşib. O, sabit iş yeri tapıb. İspan dilini öyrənib, yaşadığı şəhərdə yeni gələnlər icmasının liderinə çevrilib. Amma bütün uğurlarına baxmayaraq, onu hələ də immiqrant deyə çağırırlar. Hazırda İspaniya cəmiyyətinin 12 faizini immiqrantlar təşkil edir. Onların da 1/3-i Şərqi Avropadan gələnlərdir.

«Mən bir ağrı hiss edirəm. Hayqıraraq demək istəyirəm ki, Şərqi Avropadan gələn adamların 99 faizinin əsas istədiyi işləmək, iş tapmaqdır, kiməsə zərər vurmaq yox».

Son vaxtlar çoxu Gürcüstandan olan bir qrup immiqrantın mafiya yaratmaq ittihamı ilə tutulmasından sonra immiqrantlara münasibət bir qədər də pisləşib.

İspaniyada polis təkcə keçən həftə keçirdiyi əməliyyatlarda oğurluqda şübhəli bilinən 21 nəfəri saxlayıb. Avstriyada 25 nəfər saxlanılıb, Fransa, İtaliya, İsveçrə, Almaniyada da saxlananlar var. Demək olar ki, tutulanların tam əksəriyyəti qafqazlılardır.

Mafiya başçısı kimi təqdim edilən Kaxaber Şuşanaşvili də həbs olunanlar arasındadır.

AZƏRBAYCANLI İŞADAMI ƏSAS PROBLEMİ İQTİSADİ BÖHRANDA GÖRÜR

İspaniyanın Torrelaveqa şəhərində tikinti şirkətinə rəhbərlik edən azərbaycanlı işadamı Elşən Bayramov da miqrantlara münasibətin pisləşdiyini deyir. Amma o, bildirir ki, əsas problem iqtisadi böhrandır, işsiz adamın ev kirayəsini, yemək, paltar və başqa xərcləri ödəməsi indi faktiki olaraq mümkün deyil. Şərqi Avropadan olan insanlar belə vəziyyətdə ölkələrinə daha asan qayıda bilirlər. Amma Azərbaycan kimi ölkələrdən olan adamların vətənlərinə dönmələri də çətindir.

AMMA MEDİANI QINAYANLAR DAHA ÇOXDUR

Madriddə yaşayan və İspaniya Beynəlxalq Əlaqələr və Xarici Dialoq Fondunda təhlilçi kimi çalışan Nataliya Şapovalova bildirir ki, medianın məsələni birtərəfli işıqlandırması da şərqi avropalılar haqqında yanlış fikir formalaşdırır:

«Bütün icmalar kimi, buradakı şərqi avropalılar arasında da pis adamların olması mümkündür. Problem məsələnin işıqlandırılmasındadır. İmmiqrantların törətdikləri oğurluq haqqında olduqca çox məlumatlar verilir. Amma xəstəxanalarda tibb bacısı kimi çalışanlar, yaşlı adamların qayğısına qalanlar, İspaniya iqtisadiyyatına kömək edən adamlar haqqında heç kim danışmır».

İspaniya prokuroru Sezar Yutera Molina da etiraf edir ki, məlumatların indiki şəkildə yayılması cəmiyyətdə pis təsəvvürlər yaradır:

«Gürcülərin yaratdıqları bandanı qurmaq hər adamın işi deyil. Amma əlbəttə, bu barədə xəbərlər ictimai rəyə təsirsiz qalmır».

İspaniyada yayılan xəbərlərin bir xarakterik cəhəti də odur ki, keçmiş SSRİ məkanından olan cinayətkarların demək olar hamısı adətən «rus mafiyası» kimi təqdim edilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG