Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:28
"Yeni Ulduz-106"nın iştirakçısı olan yazarın, Namiq Qaraçuxurlunun həmmüəllifi olduğu, Nadir Qafarzadənin ön söz yazdığı,"Eşşək qanqalı - şəfa mənbəyi" adlı kitab artıq satışda! Siz Ətağa Cəddi almağa tələsin!..

Azərbaycanlıların kitaba patoloji nifrəti haqqında çox yazmışıq. Bundan sonra nə qədər yazsaq, yenə azdı. Təsəvvür edin, Orxan Pamukun Bakıda cəmi 500 tirajla çap olunan romanının heç 100 nüsxəsi satılmadı. Orta statistik azərbaycanlını qoyaq qırağa.

Azərbaycanda 1500 adam cibində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, hərbi bilet, nə bilim, metro kartı ilə bərabər AYB-nin şair-yazıçılıq vəsiqəsini də gəzdirir. AYB-dən kənarda ədəbiyyata iddialı olanlar itətökdür.

Bunu da 1500-ün üstünə gələndə eşşək boyda rəqəm alınır. Yaxşı, bunların qarnının ağrısı nədir, onlar niyə kitab oxumur? Əziz Nesinin sözü olmasın, "həriflər həp yazıyor, yazıyor, heç okumuyorlarmı?".

1500 rəsmi şair-yazıçısı olan ölkədə yaşadığımız zamanın bütün dünyada ən parlaq yazıçısının 500 tirajla kitabı satılmırsa, sadə xalqdan nə gözləyək?

Kitabları çıxan yazar yaşıdlarımın ümidsizliyini, depressiyasını görsəniz...

Onlar kitabların sevincindən çox, fiaskosunu yaşayırlar. Köşə yazıları ilə az-çox oxucu auditoriyası toplayan yaşıdlarımın əksəriyyəti kitabları çıxandan sonra depressiyaya düşdülər. Niyəsi məlumdur.

Bu dostlarımın köşələrini oxuyub onlara dostluq-qardaşlıq elan edən, qonaqlıq, mənzil, kontur boyun olan oxucu ortaya kitab gələndə sivişib aradan çıxdılar.
Aydın oldu ki, bizdə qəzet oxucusu hələ kitab oxucusuna çevrilməyib, sevdiyi müəlliflərin qəzet yazılarını vəhşicəsinə gözünə təpsə də, onların əsl yaradıcılığına biganədir.

Bir sözlə, qəzet səhifələrindən topladığımız oxucuya ümid olub, kitab buraxmaq eşqinə düşməyimiz bəri başdan intihara bərabərdir. Ona görə də, azərbaycanlılara kitab satmağın, kitab oxutmağın başqa yollarını axtarıb tapmaq lazımdır. Şəxsən mənim üç variantım var.

Birinci,

hamı bilir ki, Azərbaycanda Namiq Qaraçuxurlunun, Səməd Səmədovun, Nadir Qafarzadənin hörməti istənilən intellektual, istedadlı adamdan çoxdur. Murad Köhnəqala acından ölsün, heç kim tikəsini onunla bölməz, amma hamı borca girib oğul-qız toyuna Nadiri, Namiqi, Səmədi gətirməyə hazırdır.

Ona görə də kitab buraxanda hərə onlardan birini özüylə həmmüəllif götürsə, bütün satış rekordlarını qıra bilər.

Sizi inandırıram, istənilən azərbaycanlı tutaq ki, Murad Köhnəqalanın kitabının üzərində həm də Namiq Qaraçuxurlunun adını görsə, mütləq əlini cibinə salacaq, evə qədər hövsələsi çatmayacaq, elə marşrutda, metroda kitabı gözünə təpəcək.

İkinci,

Biz kitablarımıza yekə-yekə adlar qoyub Azərbaycan oxucusunu özümüzdən daha da perik salırıq. Bizim oxucunun intellekti, savadı, beyni "Unutmaq sözünün şəkli", "Elektron sevdalar", nə bilim, "18, 6 sm." kimi ağırtonnajlı kitab adlarını həzm etməyə bəs eləmir.

Ona görə də kitablarımızı satmaq, azərbaycanlılara oxutmaq istəyiriksə, onlara "Yuxuyozmalar", "Dualar", "101 hədis", "Lotu filankəs", "Pirlərin kəraməti", "Eşşək qanqalı - şəfa mənbəyi" kimi adlar qoymaq məsləhətdir. Görərsiniz, onda azərbaycanlılar kitabınızı almaq üçün növbəyə dayanır, ya yox.

Üçüncü,

Düzdür, bu variant dilənçilərin bazarına girməkdir, amma başqa yol da yoxdur.

Deməli, neyləyirik, gedib dururuq küçədə, gəlib-keçən azərbaycanlının qarşısını kəsirik, kitabımızı ona uzadıb on iki imama, Ətağa cəddinə, Həzrət Abbasa, yanındakı qızın qara gözünə and verib yalvarırıq ki, alıb oxusun.

Dördüncü,

Yazdığımız romanlarda, hekayələrdə qəhrəmanların adını məşhur seriallardan götürürük.

Məsələn, «Qurdlar vadisi - Pusu»dan. Mən, qəhrəmanlarının adı Polad Alemdar, Memati, İsgəndər Büyük, Əbdülhey, nə bilim, Qladio-mladio olan romanların üstündə kitab mağazalarında necə bir basabas düşdüyünü, qırğın-qiyamət qopduğunu indidən təsəvvür eləyə bilirəm.

«Ezel», «Aşkı-Memnu», «Yapraq dökümü» seriallarının qəhrəmanlarının adları da satış rekorları qırmaq üçün kifayətdir.

Beşinci,

Bu variant bir az zəhmət və vaxt tələb edir, amma nə etməli, xalqı maarifləndirmək üçün ziyalı bütün məhrumiyyətlərə qatlaşmağı bacarmalıdır. Ona görə də istənilən yazıçı və şairimiz əvvəlcə «Yeni Ulduz», yaxud «Xalq ulduzu» müsabiqəsinə qoşulur.

Şərt deyil ki, müsabiqədə qalib gələsən, yox. Elə bir-iki dəfə mikrafonu əlinə alıb televizora çıxmaq, üç-dörd toyxana mahnısı qırıldatmaq, axırda da «mən burdan bütün xalqımıza salam göndərir, hamıdan səs gözləyirəm» demək kifayətdir.

Sonra? Sonrası asandır: kitabınızın üz qabığında imzanızın yanında, məsələn, «Yeni Ulduz-106»nın iştirakçısı», yaxud «Xalq Ulduzu-525»in finalçısı» yazdırdınızmı, görün, camaat sizin kitabınıza qarışqa qəndə daraşan kimi daraşır ya yox?

Hələ ki ağlıma bu beş variantdan başqa bir şey gəlmir. Başqa variantlar ortaya çıxsa, söz verirəm ki, paxıllıq eləməyəcəm, yazar dostlarla böyük məmnuniyyətlə paylaşacam. Gələn variantlarda görüşənədək!

Elnur Astanbəyli
Milli.Az

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG