Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:25

"Amma arzum da var ki, mükafatı təsis edənlər yerlibazlığa, qrupbazlığa uymasınlar..."


Hekayələri Milli Kitab Mükafatı müsabiqəsinin onluğuna düşən Kamran Nəzirli ilə söhbət.

- İşdən baş açıb yazmağa vaxtınız, enerjiniz nə dərəcədə olur?

- Yazmaq istəyən adam üçün vaxt problemi yoxdur. Siz təsəvvür edin ki, mən işdə bir arayışı yazmaq üçün nə qədər enerji sərf edirəmsə, eyni ilə bir hekayəni yazanda da o qədər enerji sərf edirəm. Yəni mən bir qədər bu yazı manerasına həssasam.

Yəni adi məmurun gördüyü kargüzarlıq işi adamın nə qədər enerjisini alırsa, bir hekayə, esse, ədəbi bədii məqalənin özü də o qədər enerji alır.

- Yazmaq üçün şərəaitiniz necədir?

- Normaldır. Evdə də iki kompüterim var, işdə də. Amma təbii ki, işdə evdə elədiklərimi edə bilmirəm. Ona görə də yaradıcılıq işlərim əsasən axşam saatlarında başlayır.

Ümumiyyətlə, yazı rejimim günün, həftənin, ayın müəyyən hissələrinə bölünür və bu bölgüdən məmmunam.

"MÜKAFATI TƏSİS EDƏNLƏRİ ALQIŞLAYIRAM"

- Hələ ki, Azərbaycanda bədi əsər yazmaqla dolanmağın mümkün olmadığını deyirlər. Yəni mütləq haradasa işləməlisən.

- Təbii. İndi Azərbaycanda, o cümlədən bir sıra ölkələrdə yazıçı əsərlərinin hesabına dolana bilmir. Halbuki, yazıçının qonorarı ona həm stimul olmalıdır, həm də 5-6 ay onu dolandırmalıdır.

Təəssüf ki, hələ ki, Azərbaycanda bu yoxdur. Bu baxımdan Milli Kitab Mükafatını təsis edənləri alqışlayıram. Bədxahları da olmasına baxmayaraq bu yeni və xeyirxah bir təşəbbüsdür və onu dəstəkləmək lazımdır.

Amma bir arzum da var ki, bu mükafatı təsis edənlər dedi-qodulara, siyasətə, intriqalara, yerlibazlığa, qrupbazlığa uymasınlar.

- Varmı elə bir ehtimal?

- Ehtimal hər zaman var. Lap elə Nobel mükafatı təsis ediləndə elə ilk təqdimatda dedi-qodular olub. Hətta Nobel tarixinə nəzar salanda, bu mükafatdan imtina edənlər, onu lağa qoyanlar, təsisçilərin, yaxud təşkilat komitəsi üzvlərinin hər hansısa bir qrupa xidmət göstərməsindən narazı qalanlar da olub.

- Kimin necə dəyərləndirməsindən asılı olmayaraq ilk onluqdasınız. Və müsabiqədə hekayələr toplusu ilə iştirak edirsiniz. Hansı hekayələrdir və nə demək istəyirsiniz bu əsərlərdə?

- Müsabiqə haqqında məlumatı internetdən aldım və 5 hekayəmi göndərdim. Son illərin məhsullarıdır bunlar. Mən onları yazı üslübü, qoyulan problemə və müasirliyinə görə seçmişəm.

Özü də bunlar dünyanı düşündürən qlobal məsələlərdir. Qaçqınlıq, narkomaniya, talassemiya xəstəliyi və sair məsələlər. Nə dərəcədə həll edə bilmişəm, onu oxucular deyəcək.

MİLLƏTÇİLİYİN FÖVQÜNDƏ...

- Gəlin onların məzmunundan bir az danışaq.

- «Qann azlığı» hekayəsində bir uşaq öləndən sonra xəstəxana palatasında öz ölümü haqqında danışır.

O 6 yaşında dərk edir ki, özü və onunla birlikdə xəstəxanada olan uşaqların əksəriyyəti öləcək. Pəncərənin qabağında dayanıb hekayətini danışır və atasını gözləyir.

Bu hekayə bir az qəmgin notlarla qurtarır. Bu hekayə də dünyaya qlobal bir xəstəlik barədə ədəbiyyat vasitəsilə bir mesajdır.

Növbəti hekayə «Erməni gəlini»dir. Bu hekayə erməni ilə azərbaycanlı arasındakı sevgidən danışır.

Məqsəd sevginin hər şeyə, hətta milli və etnik münaqişələrə cəlb olunmuş xalq arasında da yaranmış gərginliyə qalib gəlməsi fikrini anlatmağa çalışmışam.

- Anlatmaq olurmu, bacardınızmı?

- Bilmirəm nə dərəcədə bacardım, amma çalışmışam ki, buna siyasi don geyindirilməsin.

Bu hekayədə həm də böyüklərin etirafı məsələsi qoyulub. Yəni münaqişədə onların rolu nə dərəcədə olub. nə dərəcə bu problemə sağlam münasibət bəsləyiblər.

Bu münasibət, yerində, vaxtında olubmu? Hekayədə bu suallar qoyulur.

Sonuncu – «Lidiya İvanovnanın qəyyumları» hekayəsində söhbət qəyyumluq mədəniyyətindən gedir.

Bu hekayədə o qadının obrazı ilə yəhudi xarakterinin bəzi çalarlarını göstərməyə çalışmışam.

- Nə istəyir o qadın?

- Bu bir qədər xudpəsənd qadındır. Öz sevgisini də, ona yaxın olan, qiymətli olan hər şeyini özü ilə basdırmaq istəyir. Və dünyadan da bunu istəyir.

Məsələn, o qadının yalnız bir otağı var. Onu eyni zamanda azərbaycanlıya, gürcüyə və erməniyə vəsiyyət edir. Özü də bir birindən xəbərsiz.

Hətta otağındakı antik əşayaları da vəsiyyət edir onlara.

Bircə öz tarixi sevgisi ilə bağlı şəkildən başqa. Vəsiyyət edir ki, o şəkli onunla birlikdə dəfn etsinlər. Yəni o şəkil onun sevgisi ilə bağlıdır. Bir insanamı, ya dünyayadımı bu sevgi, bilmək olur. Yəni söhbət ondadır ki, bu dünyaya olan sevgisini özü ilə basdırır insanları da aldadıb gedir.

- Nə idi bu qadının məqsədi?

- Bu qadın 95 il tək yaşayıb. Söhbət ondan gedir ki, tənhalıq məqsədsiz öldürür insanı. Yəni tək qalmaq olmaz. Xüsusilə qadın, xüsusilə yəhudi qadını tək qala bilməz.

Məntiqi hökm bundan ibarətdir. Belə ki, vaxtında başı işə qarışmasaydı tək qalmazdı. Və tənhalıq onun sevgisini, mərhəmətini öldürməzdi, onu yalan danışmağa aludə etməzdi.

"ŞƏKİL ÇƏKƏN" KAMRAN NƏZİRLİ...

- Obrazlarınız həyatdan götürülmədir deyəsən. Rastlaşmısınızmı belələri ilə?

- Bəli. Yazıçı o həyat hadisələrinə yaxın olmasa, o obrazları görməsə, duymasa o insanları heç vaxt yaza bilməz. Çalışıram şəkil çəkim. İnsanın obrazını və onun içinin şəklini.

- Baxmayaraq ki, hamısı doğmadır, sevimlidir, amma bu çəkdiyiniz 5 şəkildən yalnız biri gözünüzün qarşısından asılmalı olsaydı, hansını seçərdiniz və nəyə görə məhz onu?

- Qoca uşağı asardım gözümün qabağından. «Qoca uşaq» gənc bir azərbaycanlı ailənin bədbəxtliyindən bəhs edir. Söhbət ondan gedir ki, Azərbaycan qaçqınları hansı yaşda olmalarından asılı olmayaraq vaxtından tez qocalıblar.

Hekayədəki cavan ər və arvadın ikisinin də 25 yaşı var. Amma kənardan onlara 50 yaş vermək olar. Onlar çadırda yaşayırlar və elə orada da uşaq dünyaya gətirmək istəyirlər.

Onların valideyinlərinin 50 yaşı var, 70-80 yaşda görünürlər. Torpaq, ev itkisi, bu həsrət onların hamısını biryolluq qocaldıb. Onlar bu qocalığı yaşaya yaşaya torpaqlarının qayıdacağını, eləcə də bir azdan çadırda körpə çığırtısını eşitmək ümidlə gözləyirlər.

Hamı çadırın ətrafında dayanıb gözləyir ki, orada bir uşaq doğulacaq. Bu həm də bir torpaqdır, bir ümiddir.

Amma uşaq doğulur, lampa işığında, görürlər ki, o qoca doğulub. Burada bir mistika var. çadırda hamı əl-ayağa düşür ki. bu nədi, niyə bu uşaq ağlamır. Nəhayət uşağın babalarından biri özünü içəri salır. Nə olub. niyə qışqırırsınız-deyir. baxıb görür ki, uşaq bir az ağ uşaqdır.

Sadəcə arvadların gözünə qoca görünüb. Deyir gül kimi uşaqdır. Anna südünü dadan kimi hər şey yoluna düşəcək. Söhbət hətta qaçqınların ana bətnindəki ümidlərinin də qoca doğulmasından gedir.

- Sizi məsələləri qlobal qoymağa nə vadar edir?

- Mən tez tez xarici səfərlərdə oluram və görürəm ki, ədəbiyyat adamları, yazıçılar dünyada gedən siyasi, iqtisadi proseslərdən çox narahatdırlar. Bu mənada onları dünyanın gələcək taleyi düşündürür. Ona görə də onlar insanları ədəbiyyat vasitəsilə xilas etməyə çağırırlar.

Həmçinin oxu
Kamran Nəzirli "ERMƏNİ GƏLİNİ" (Hekayə)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG