Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 23:47

Xaricdə təhsil üçün tələbə seçiminə nə təsir edir?


Təhsil naziri Misir Mərdanov xaricdə təhsil alan tələbələrlə görüşdə
Təhsil naziri Misir Mərdanov xaricdə təhsil alan tələbələrlə görüşdə
«Müsahibə mərhələsindən keçəndən sonra dedilər ki, hər şey yaxşıdır, təqaüd müqaviləniz hazırlanacaq, filan vaxt götürə bilərsiniz. Sonra maraqlandım, dedilər ki, daha Amerikaya tələbə göndərmirik».

Adının çəkilməsindən ehtiyatlanan həmsöhbətim ötən il Amerika ali məktəblərindən birinə qəbul olunub. O ümidlə ki, ili təxminən 35 min ABŞ dollarına başa gələn təhsil haqqını dövlət ödəyəcək. Prezident İlham Əliyevin sərəncamı ilə hələ 2007-ci ildə dövlət proqramı qəbul olunub, bu proqrama əsasən 2007-2015-ci illər ərzində 5 min tələbənin dövlət hesabına xarici ölkələrdə təhsil alması nəzərdə tutulur. Həmsöhbətim deyir ki, onun qəbul olunduğu ali məktəbin adı Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda da olub, amma buna baxmayaraq son mərhələdə dövlət ona təqaüd verməkdən imtina edib.

ABŞ-A TƏLƏBƏ GÖNDƏRMƏKDƏ EHTİYAT?

«Belə düşünürəm ki, bu qərara böyük ehtimalla Adnan və Emin məsələsinin təsiri olub. Hadisədən bir neçə həftə əvvəl bizə gedəcəyimizi söz vermişdilər, amma bu hadisədən sonra dedilər ki, heç kim Amerikaya getməyəcək, yəqin ki, burda bir əlaqə var».
Amerika Dövlət Departamentinin hesabatında deyilir ki, Adnan Hacızadə və Emin Millinin həbsindən sonra hökumət ABŞ məktəblərinə qəbul olunan tələbələrə vəd etdiyi təqaüdü verməkdən imtina edib


Amerika Dövlət Departamentinin də 2009-cu illə bağlı sonuncu hesabatında Azərbaycan hökumətinin dövlət hesabına xaricdə təhsil almaq üçün tələbələrin seçilməsi prosesi ilə bağlı narahatlıq öz əksini tapıb. Hesabatda deyilir ki, Adnan Hacızadə və Emin Millinin həbsindən sonra hökumət ABŞ məktəblərinə qəbul olunan tələbələrə vəd etdiyi təqaüdü verməkdən imtina edib. ABŞ-ın Riçmond Universitetində siyasətşünaslıq üzrə təhsil almış Adnan Hacızadə və Almaniyada Avropa Saarbruecken Hüquq Məktəbində magistr dərəcəsi almış Emin Milli ötən il xuliqanlıq ittihamı ilə həbs olunublar. Gənclər isə həbslərinin siyasi motivli olduğunu iddia edirlər.

TƏLƏBƏLƏR PREZİDENT LEHİNƏ TƏDBİRLƏRƏ QATILMAĞA MƏCBUR OLUB

Hesabatda da qeyd olunur ki, ölkənin ali təhsil müəssisələrində tələbələr siyasi fikirlərinə və fəaliyyətlərinə görə təzyiqlə üzləşirlər. Deyilir ki, 2008-ci il prezident seçkisi kompaniyası zamanı bir neçə universitet tələbəsi dekanları tərəfindən təzyiqə məruz qalmamaq üçün seçkini monitorinq edən müstəqil QHT-lərlə əməkdaşlıqdan boyun qaçırıblar. Tələbələr həmçinin prezident lehinə tədbirlərə qatılmağa məcbur olunublar, əks təqdirdə universitetdən qovulacaqları ilə hədələniblər.

Müsavat Partiyasından Gülağa Aslanlı da deyir ki, hesabatda qeyd olunan bu faktlar reallığı əks etdirir.

Gülağa Aslanlı
«Haqq sözü deyən tələbələrə qarşı müxtəlif tədbirlərin görülməsi faktları var. Ən azı keçən il Lənkəran Dövlət Universitetində belə hal var idi, bu il Neft Akademiyasında belə hal var».

Ötən il Lənkəran Dövlət Universitetinin rəhbərliyi nizam intizam qaydalarını pozduğuna görə Pərviz Əzimovu, bu il isə Azərbaycan Dövlət Neft Akademiyasının rəhbərliyi imtahandan kəsildiyinə görə Elmin Bədəlovu universitetdən xaric edib. Amma hər iki tələbə iddia edir ki, mətbuatda universitetlə bağlı tənqidi yazılarla çıxış etdiklərinə görə ali məktəbdən qovulublar.

TƏHSİL NAZİRLİYİ RAZILAŞMIR

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə deyilənlərlə razılaşmır. Onun dediyinə görə, tələbələrə ali məktəblərdə hər hansı təzyiqdən söhbət gedə bilməz və əgər tələbə universitetdən qovulursa bu, onun siyasi fəaliyyəti ilə yox, bilik göstəricisinin aşağı olması ilə bağlıdır. O ki qaldı xaricdə təhsil almaq üçün tələbələrə dövlət təqaüdü verilməsinə, Bayram Hüseynzadə deyir ki, bu zaman tələbənin seçdiyi ixtisasın ölkə üçün nə dərəcədə gərəkli olması əsas amil kimi götürülür.

«Bizim üçün konkret ölkə məhdudiyyəti yoxdur, məktəblərin siyahısında ABŞ-ın da ən nüfuzlu məktəblərinin adları var. Dövlət proqramının mahiyyəti ondan ibarətdir ki, ölkədə ehtiyac olan mütəxəssislərin təhsil alması üçün vəsait xərclənsin. Əgər bu mütəxəssisə ölkədə ehtiyac yoxdursa, ali məktəbin Amerika, Almaniya ya başqa bir ölkədə olması heç bir rol oynamır».

Təhsil Nazirliyinin məlumatına görə, 2009-2010-cu tədris ilində 250-yə yaxın tələbə dövlət hesabına xarici ölkələrdə təhsil alır. ABŞ Dövlət Departamentinin isə ötən ilki insan haqları hesabatının Azərbaycana aid hissəsində də deyilirdi ki, bəzi yerli müşahidəçilər dövlət xəttiylə xaricdə oxumağa göndərilənlərin seçimindən narahatdırlar.
XS
SM
MD
LG