Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:34

MTN daha bir "meşə qardaşı"nı tutduğunu deyir


“Meşə qardaşları” silahlı birləşməsinin fəallarından olan Samir Mehdiyev həbs olunub. Milli Təhlükəsizlik Nazirliyi (MTN) İctimai Əlaqələr Mərkəzindən Turana verilən məlumata görə 2010-cu ilin yanvar ayında Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat məlumatı əsasında Samir Mehdiyev Pakistan ərazisində saxlanılıb.

Bu il martın 16-da Samir Mehdiyev Pakistandan Azərbaycana gətirilib.

Məlumata görə, 2008-ci il avqust ayının 17-də Bakı şəhəri, Nərimanov rayonunda yerləşən «Əbu-Bəkr» adı ilə tanınan «Cümə məscidi»nə atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb, 18 nəfərin sağlamlığına müxtəlif dərəcəli zərər yetirilib.

"Faktla bağlı Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Lakin istintaqın sonrakı gedişatı zamanı baş vermiş cinayət hadisəsində terrorçuluq cinayətinin əlamətləri müəyyən olduğundan istintaqın aparılması MTN-in İstintaq Baş İdarəsinə həvalə edilib.

MTN tərəfindən həmin cinayətin tezliklə açılması istiqamətində həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, cinayətdə şübhəli bilinən şəxslər, əslən Zaqatala rayonundan olan, Şimali Qafqazdakı qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edən, özünü «Dağıstan camaatı»nın əmiri elan etmiş «Əbdülməcid» ləqəbli İlqar Mollaçiyev, onun qaynı «Suleyman» ləqəbli Samir Mehdiyev və onlarla cinayət əlaqəsində olan radikal dini təmayüllü digər şəxslərdir".
XS
SM
MD
LG