Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:26

«Azərbaycanda heç kim və heç nə dəyişmir…»


18 mart referendumu
18 mart referendumu
- Altı nəfəri mən gətirmişəm, on beş nəfəri də bu gətirib. Biz özbaşına heç kimin qapısını döymürük, bizə nə deyirlər onu edirik. Göndərirlər qapılara, gedib qapıların döyüb seçkiyə gətiririk…

Bu, ötən il martın 18-də Azərbaycanda konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən ümumxalq referendumunda seçki məntəqələrinin önünə gətirilən marşrut avtobuslarından birinin sürücüsünün etirafları idi. Artıq bu referendumdan bir il keçir. Həmin referendumla ölkə konstitusiyasının 29 maddəsinə 40-dan çox dəyişiklik edildi. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin sözlərinə görə, ötən bir il sübut edir ki, orda bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin götürülməsi heç də təsadüf deyilmiş:

ÖMÜRLÜK, QEYRİ-MƏHDUD HAKİMİYYƏT

Əli Kərimli
- Bununla avtoritarizmin daha da möhkəmləndirilməsi və ömürlük qeyri-məhdud hakimiyyətin əsası qoyuldu. Heç təsadüfi deyil ki, sonradan bu bir il ərzində Baş prokurorla, ombudsmanla da bağlı məhdudiyyətlər götürüldü.

Əli Kərimli deyir ki, bu referendumun məqsədi xalqın iradəsindən asılı olmayan bir hakimiyyət formalaşdırmaq və ömürlük qeyri-məhdud səlahiyyətlərdən istifadə edərək xalqın sərvətlərini talamaqdır.

ONSUZ DA XALQ ONLARA ETİMAD GÖSTƏRMİR

Ancaq hakim düşərgədə isə konstitusiyaya edilən dəyişiklikləri özlərinin yox, xalqın mənafeyi baxımından dəyərləndirirlər. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyir ki, bu dəyişikliklərdə söhbət prezident İlham Əliyevdən, onun şəxsiyyətindən və xalq qarşısında gördüyü işlərdən getmir:

- Burada dövlətçiliyimizin tarixində belə bir ənənənin qoyulmasından gedir ki, əgər prezidenti xalq seçirsə, ona xalq etimad göstərirsə, bu etimadın dərəcəsi xalqın iradəsindən, istəyindən asılı olsun. Nəinki konstitusiyaya qoyulan məhdudiyyətlərdən.

Musa Quliyev
Musa Quliyevin sözlərinə görə, əgər müxalifət partiyalarının rəhbərləri düşünürlərsə ki, bu dəyişikliklər olmasaydı, onlar hakimiyyətə gələcəkdilər, bununla yanılırlar. Millət vəkilinin fikrincə, onsuz da xalq onlara etimad göstərmir.

ABŞ DÖVLƏT DEPARTAMENTİNİN DƏYƏRLƏNDİRMƏSİ

ABŞ Dövlət Departamenti də Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı illik hesabatında 18 mart referendumuna yer ayırıb. Hesabatda deyilir ki, demokratik ənənələrin olmadığı ölkələrdə məhdudiyyətlərin tətbiq edilməsi son dərəcə vacibdir.

«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu isə deyir ki, məsələ təkcə Azərbaycanda bir nəfərin ömürlük prezident seçilmək imkanı əldə etməsində deyil. Əsas məsələ bir çoxlarının «ömürlük nazir», «ömürlük məmur» statusu əldə etməsindədir:

- Azərbaycanda heç kim və heç nə dəyişmir. Müxalifət partiyalarının sədrləri də dəyişmir, Şeyxülislam da dəyişmir, Yazıçılar Birliyinin sədri də dəyişmir…

Azər Rəşidoğlunun sözlərinə görə, elə buna görədir ki, son illər Azərbaycanda baş verən özbaşınalıqlarla bağlı hakimiyyətin aşağı orqanları bəzən yuxarı orqanları belə geridə qoyurlar.
XS
SM
MD
LG