Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:52

Klinton Moskvadan istədiyini ala biləcəkmi?


Hillari Klinton Moskvada, 18 mart 2010
Hillari Klinton Moskvada, 18 mart 2010
Hillari Klintonun Moskva səfərində Amerikanın xarici siyasətinin prioriteti olan iki əsas məsələ var - İrana qarşı sərt sanksiyalar və nüvə silahlarının ixtisarı haqda Rusiya ilə yeni müqavilə.

Bu məsələlərdə Amerika ilə Rusiyanın mövqeləri heç də uzaq deyil, ancaq Birləşmiş Ştatların Dövlət katibi Klinton Moskva səfərindən prezident Barak Obamanın istədiyini gətirə biləcəkmi?

DETALLAR 100 SƏHİFƏDİR

Hələ keçən iyulda Amerika və Rusiya prezidentləri mövcud nüvə başlıqlarını və raketləri azı 25 faiz azaltmaq razılığına gəlsələr də, müqavilə indiyə kimi imzalanmayıb, köhnə müqavilənin vaxtı isə dekabrda bitdi.

AzadlıqRadiosunun Vaşinqton müxbiri Hiter Mahirin məlumatına görə, yeni müqavilənin mətninin layihəsi artıq 9 aydır ki, hazırdır. Ancaq müqaviləyə detallar haqda əlavə var və bu, 100 səhifədir.

Cenevrədə yeni müqavilə haqda Amerika-Rusiya danışıqları məhz bu detallar ətrafında gedir.

RUSİYA OPTİMİSTDİR?


Klintonun səfəri ərəfəsi Rusiyanın Xarici işlər naziri Sergey Lavrov dedi ki, danışıq iştirakçıları yeni müqaviləni yaxın 2 ya da 3 həftəyə tamamlamaq istəyirlər.

Ancaq RAND Korporasiyasının Beynəlxalq Təhlükəsizlik və Müdafiə Siyasəti Mərkəzinin direktoru, əvvəllər isə Dövlət katibinin Avropa məsələləri üzrə köməkçisi olan Ceyms Dobbins Klintonun Moskvadan əlində hazır müqavilə ilə qayıdacağına şübhə edir:

«Bu müqavilənin əldə olunmasına həmişə bir neçə həftə qalır, ancaq sonda fikir ayrılıqlarını aradan qaldırmaq mümkün olmur. Mən rusiyalıların indiyədək dediklərini belə yoza bilərəm ki, bir sıra həll olunmamış məsələlər qalır və onlar ümid edirlər ki, Birləşmiş Ştatları yola gətirə biləcəklər. Ancaq bu fikir ayrılıqları böyük deyil, bir araya gəlmək şansı var».

Steven Payfer
Bruking İnstitutunda Silahlara Nəzarət Təşəbbüsü adlı proqrama rəhbərlik edən Steven Payfer isə deyir ki, indi vaxtı qurtaran müqavilənin hazırlanmasına 6 il vaxt getmişdi, yeni müqavilə danışıqları isə cəmi 9 aydır başlanıb.

İRAN SANKSİYALARI AMERİKANIN İSTƏDİYİ SANKSİYALAR OLMAYACAQ

Klintonun Moskva səfərində ikinci əsas məsələ İrandır. Mümkün razılaşmalara zəmin də yaradılıb. Rusiya aydın deyib ki, İranın nüvə silahlı olmasını istəmir və sanksiyalar vaxtı sürətlə yaxınlaşır.

Ancaq keçmişi yada salsaq, sanksiya məsələsi gedib Təhlükəsizlik Şurasına çıxanda, Rusiya 3 dəfə İran sanksiyalarının, necə deyərlər, dişini çıxartdı.

Düzdür, indi Rusiya Amerika mövqeyinə daha yaxındır, ancaq Rusiya İran məsələsində Amerika ilə çiyin-çiyinə dayanacaqmı? Payferin fikrincə, hazırda bu, ağlabatan deyil:

«Mən düşünürəm ki, rusiyalılar daha sərt sanksiyalara razı olmağa hazırdırlar. Bu sanksiyalar Rusiyanın Təhlükəsizlik Şurasında əvvəllər müdafiə etdikləri sanksiyalardan sərt olacaq. Ancaq mən şübhə edirəm ki, bu sanksiyalar sonda Amerikanın istədiyi sanksiyalar olacaq».

Amerikalı ekspertin fikrincə, Rusiya ola bilər, qonşu İranı nüvə silahlı görmək istəmir. Ancaq Vaşinqtonun tələskənliyinə lüzum görmür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG