Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:40

«Xeyir-şər məclislərində ifratçılığın qarşısının alınmasında ağsaqqalların rolu»


Bakıda yas çadırı

Bakıda yas çadırı

Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası «xeyir-şər məclislərində ifratçılığın qarşısının alınmasının təbliğində ağsaqqalların rolu»na 7 min manat xərcləyəcək.

Dövlət Şurası 1 milyon manatdan çox qrant verəcəyi təşkilatların siyahısını açıqlayıb. 200-ə yaxın qeyri-hökumət təşkilatının qalib gəldiyi siyahı birmənalı qarşılanmır. Bəzi mətbuat orqanları bu siyahının təftişini apararaq ayrılacaq vəsaitin səmərəsizliyini bəri başdan bəyan edib. Elə Gəncə sakini Muraz Həsənov da təəccüblənir:

7 MİN MANAT?

- 7 min manat? Bu qədər problem olan halda…Gəlin Gəncəyə, görün adamların nə qədər sosial-iqtisadi problemləri var.

AzadlıqRadiosunun daimi dinləyicisi Zülfüqar Qubadov isə deyir:

- Bu təbliğatı aparmaq üçün pul ayırmağa nə ehtiyac var? Dövlət televiziyası var, elə orda təbliğat aparsınlar da.

Zülfüqar Qubadova görə, cəmiyyətdə QHT sektorunun görəcəyi kifayət qədər iş var, amma Dövlət Şurasının pul xərcləyəcəyi layihələrin yarıdan çoxu bu problemləri əhatə etmir. Məsələn, siyahıdakı layihələrdən bir neçəsini təqdim edək: «Uşaqlara təmiz su-sağlam həyat» layihəsini həyata keçirmək üçün 4 min manat ayrılıb.

BU MƏBLƏĞ YALNIZ KİMLƏRİNSƏ MAAŞ ALMASINA AYRILIB

Zamin Hacı
Qalib layihələr siyahısını araşdıran jurnalist Zamin Hacı baş sındırır ki, 4 min manata uşaqlara necə təmiz su verəcəklər. Axı hökumət Bakını içməli suyla təmin etmək üçün çəkdiyi Oğuz-Bakı su kəmərinə yüz milyonlarla manat xərcləyir, hələ də tikintini başa çatdırmayıb. Eyni adlı - «Saatlı rayonunda əhalinin sosial problemlərinə dəstək» layihəsi üçün iki təşkilata 15 min manat ayrılıb. Zamin Hacının fikrincə, bu məbləğ yalnız kimlərinsə maaş almasına ayrılıb:

- Bu layihələrə baxsaz, görərsiz ki, yol çəkilişi var. Yol çəkilməsinin QHT-yə nə dəxli?

BU MƏBLƏĞƏ HANSISA KƏND YOLUNU ƏSASLI TƏMİR ETMƏK OLMAZ

Şuranın dəstəklədiyi layihədə «Kənd yollarının təmiri və bərpası» adlı bir layihəyə 6 min manat ayrılıb. Millət vəkili Nazim Məmmədov bu vəsaiti səmərəsiz sayır. Onun fikrincə, bu məbləğə hansısa kənd yolunu əsaslı təmir etmək olmaz:

- Azərbaycan hökuməti Dünya Bankı ilə birgə kənd yollarının təmiri və bərpası ilə bağlı işlər aparır. Elə mənim seçildiyim rayonda bir neçə kənddə yollar düzəldilib. Bunun üçün 60-70 min dollar xərclənib. 6 minə onlar neyləyəcəklər? Uzaqbaşı çalanı örtəcəklər, bu isə problemin həlli demək deyil.

HÖKUMƏT SADƏCƏ GÖZDƏN PƏRDƏ ASMAQ İSTƏYİR

Jurnalist Zamin Hacının fikrincə, hökumət vəsait ayırmaqla özünü vətəndaş cəmiyyətinin inkişafına dəstəkçi kimi göstərmək istəyir, amma qalib siyahıdakı layihələr bunun əksini deyir:

Sahib Məmmədov
- Demokratiya, xalq hakimiyyəti, liberal dəyərləri təbliğ edən layihələr yoxdur burda. Hökumət sadəcə gözdən pərdə asmaq istəyir ki, guya vətəndaş cəmiyyətini dəstəkləyir.

XEYİR-ŞƏR MƏCLİSLƏRİNDƏ İFRATÇILIQ AKTUAL MƏSƏLƏDİR

Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov isə səs verdiyi layihələrin cəmiyyətdəki problemlərə dəstək olacağı qənaətindədir. Məsələn, o, xeyir-şər məclislərində ifratçılığı aktual məsələ sayır:

- Əslində, xaricdə verilən layihələrin 90 faizi heyvanların hüquqları, belə mərasimlərin təşkilidir. Bizdə insan hüquqları daha aktualdır deyə, indi hamı hesab edir ki, məsələn, məhbusların hüquqlarıyla bağlı layihə olmalıdır.

Sahib Məmmədova görə, seçilən layihə mövzularının hər biri cəmiyyətdə aktualdır, amma artıq hər bir layihənin öz hədəfinə necə çatacağını monitorinqlər zamanı görmək olacaq. Millət vəkili Nazim Məmmədov isə bu layihələrə ictimai nəzarəti vacib sayır.

Şərhləri göstər

XS
SM
MD
LG