Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:22
«Biz girov təklif etdik, həm də istənilən şərti qəbul etməyə hazır olduğumuzu bildirdik. Hakimin nə qərar qəbul etməsi aydındır. Ancaq bu qərar nəyə söykənir, bu aydın deyil. Hakim onun bir dənə də olsun ağlabatan izahını vermədi. Ona görə də hesab edirəm ki, tamamilə qanunsuz və əsassız bir qərardır»

Keçən ilin dekabrında Bakı Apelyasiya Məhkəməsində bloqqerlər Adnan Hacızadə ilə Emin Millinin apelyasiya şikayətinə baxılanda vəkil İsaxan Aşurov onların hər birinin 5 min manat girov qarşılığında azadlığa buraxılmasıyla bağlı vəsatət vermişdi. Ancaq hakim Qail Məmmədov bu vəsatəti qəbul etməmişdi.

2007-ci ilin dekabrında elə həmin bu məhkəmə instansiyasında «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin 11 min manat girov qarşılığında azadlığa buraxılmasıyla bağlı da vəsatəti təmin olunmamışdı. Vəkil Elçin Sadıqov qərarı əsassız adlandırmışdı.

ABŞ Dövlət Departamentinin 2009-cu il Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatında bildirilir ki, ölkədə girov qoyma sistemi işləmir. Hərçənd, saxlanılan şəxsin məhkəməyə qədərki istintaq dövründə zaminə buraxılmasına bəzən icazə verilir.

QANUNDA VAR, AMMA...

Azərbaycan qanunvericiliyində girov, qəti imkan tədbirinin 10 növündən biridir. Cinayət Prosessual Məcəllənin 164-cü maddəsində deyilir ki, haqqında həbs-qətimkan tədbiri seçilmiş şəxs haqqında həbs-qətimkan tədbiri girovla əvəz oluna bilər. Bu, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərdə müdafiə tərəfinin vəsatəti ilə həll olunan məsələdir. Qanuna görə, böyük ictimai təhlükə törətməyən cinayətlərdə girov 5 min manatdan, az ağır cinayətlər və ehtiyatsızlıq üzündən törədilən ağır cinayətlərdə isə 10 min manatdan aşağı olmamalıdır.
Hüquqşünas Müzəffər Baxışov


«Hüquqi Dövlət» Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışov deyir ki, girov üsulunun tətbiq olunmaması Azərbaycanda məhkəmələrin və hakimlərin müstəqil olmaması ilə bağlıdır:

«Məhkəmələr bir qayda olaraq prokurorların verdiyi təqdimatları araşdırmadan təqsirləndirilən şəxs haqqında həbs-qətimkan tədbirinin seçilməsinə zərurət olmadıqda belə həbs-qəti imkan tədbiri seçirlər. Bunun da əsas səbəbi Azərbaycanda müstəqil məhkəmə hakimiyyətinin mövcud olmaması, məhkəmələrin icra hakimiyyətinin nəzarəti altında olması ilə bağlıdır».

Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə isə bu fikirlə razı deyil. Onun fikrincə, bu, daha çox vətəndaşların girov təklif etməməsiylə bağlıdır:

«BU, O DEMƏK DEYİL Kİ, HAKİMLƏR MÜSTƏQİL DEYİL»

«Girovu qəbul edib-etməmək məhkəmənin vəzifəsi yox, hüquqdur. Bütün hallarda qəbul olunmalı deyil. Necə ola bilər ki, hakimlərin heç biri müstəqil olmasın. Birində, ikisində qəbul etməyiblərsə, o demək deyil ki, hakimlər müstəqil deyil. Hüquqi maarifçiliyin aşağı olması da səbəblərdən biridir. Vətəndaşların, bəzən hüquqşünasların da bu haqda kifayət qədər biliyi olmur. Başqa bir səbəb isə girovun məbləğinin yüksək olmasıdır».

Ali Məhkəmənin sədri Ramiz Rzayev isə bu günlərdə Azərbaycanda hakimlərin qəti-imkan tədbiri kimi həbsə üstünlük verdiklərindən narahat olduğunu bildirmişdi. O, bu məsələdə ciddi dəyişikliyin olacağına ümid etdiyini də demişdi. Ali Məhkəmədən verilən məlumata görə, bunun üçün xüsusi əyani vəsaitlər hazırlanıb hakimlərə təqdim olunub.

2000-ci ilə qədər Azərbaycanda həbs-qəti imkan tədbiri seçilməsi prokurorluğun səlahiyyətində olub. 2000-ci ildə isə bu səlahiyyət məhkəmələrə verilib. Məqsəd insanların hüquqlarının daha yaxşı qorunmasını təmin etmək idi. Hüquqşünaslar deyir ki, üstündən 10 il keçsə də məhkəmələr bu səlahiyyətdən istifadə eləmir.
XS
SM
MD
LG