Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:30

Putinavotstavku.ru yoxsa Putinaostavit.ru?


Martın 17-də Moskvada “Putin getməlidir” şüarı ilə piket olub. Piketdə onlarla müxalifət fəalı Putinin istefası tələbinə sıravi Moskva sakinlərindən imza toplama aksiyası keçirib.
Müxalifət internetdə etdiyini bu gün küçədə edib.

Nümayişin təşkilatçıları Vladimir Putinin istefasına internet çağırışını təşkil edənlərdir.

Onlar məlum olduğu kimi, Putinavotstavku.ru saytı açıblar, Putinin istefasına tərəfdar olanlar bu sayta girib, «hə» deyirlər.

İndiyədək baş nazirin istefasına internet vasitəsilə 10 min adam «hə» deyib.

Bu saytın adının tərcüməsi «Putini istefaya»dırsa, Putinaostavit.ru saytı, yəni «Putini saxlayın» portalı da açılıb. Müxalifətin saytına cavab olaraq. Dünən bu petisiyaya, bu şüara 3 min adam qoşulub.

Vladimir Putinin istefası çağırışına imza atan tanınmış simalar arasında şahmat üzrə keçmiş dünya çempionu, keçmiş bakılı Harri Kasparov, keçmiş baş nazir müavini Boris Nemtsov, insan haqları fəalları Lev Ponomaryov, Yelena Bonner və başqaları var.

Nemtsov AzadlıqRadiosunun rus xidmətinə deyir ki, müxalifət boş şüarlardan ölkədə vəziyyətin pisləşməsində günahkar olanların adlarının çəkilməsinə keçməlidir.

MÜXALİFƏT NƏ İSTƏYİR?

Nemtsov deyir: «Biz ədalətli seçki istəyirik. Biz bu ölkədə siyasi rəqabət istəyirik. Biz müzakirə keçirilən parlament istəyirik. Və biz istəyirik ki, hakimiyyət dəyişsin. Mən düşünürəm ki, etiraz aksiyaları güclənəcək».

Ancaq siyasi şərhçi Aleksey Makarkin müxalifətin diqqətinin Putində cəmlənməsini səhv strategiya adlandırır: «Sosioloji sorğulara baxın. Kimin keçirməyindən asılı olmayaraq nəticələr oxşardır. Sorğularda hökumətə etimad yüksəkdir. Rusiyalılar dəyişiklikdən qorxurlar. Rusiyalılar istəyirlər ki, baş nazir qalsın. Onlar bürokratlardan şikayət edirlər, ancaq çoxusu baş nazirin işdən çıxarılmasını istəmir».

Makarkinin fikrincə, müxalifətin strategiyası Putinə ictimai etimadın azalacağına əsaslanır. Müxalifət hesab edir ki, Putinin istefasını gündəliyə çıxarmaqla, bunu ictimai narazılıqla əlaqələndirməklə, Putinə etimadın daha da azalacağına nail olacaq.

SORĞULAR NƏ GÖSTƏRİR?

Rusiyanın «Levada» sorğu mərkəzinin keçən ay keçirdiyi sorğuda iştirakçıların 46 faizi dedi ki, Rusiya vahid, mərkəzləşmiş dövlət olmalıdır, yerli hakimiyyətlərin başçısı mərkəzdən təyin olunmalıdır.

Eyni sorğuda 62 faiz deyirdi ki, hakimiyyətlə kontaktlardan yayınırlar, 77 faiz isə öz siyasi fəallığını artırmaq fikrində olmadığını bildirirdi.

Ancaq müxalifətin siyasi hesablamaları yəqin ki, təkcə ictimai əhvalı ya ictimai şüuru nəzərə almır, həm də real iqtisadi vəziyyətə söykənir.

RUSİYADA İŞSİZLİK 1994-CÜ İLDƏKİNDƏN ÇOXDUR?!...

Moskvada müxalifət nümayişə çıxmağa hazırlaşanda Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyası bildirib ki, 2008-ci ilin sentyabrından bu günə kimi Rusiya 2 milyon iş yeri itirib. Bu, hökumətin rəsmi dediyindən iki dəfə çoxdur.

Federasiyanın sədri Mixail Şmakov bu gün deyib ki, işsizliyi Beynəlxalq Əmək Federasiyasının qaydaları ilə hesablayanda, Rusiyada işsizliyin indiki səviyyəsi 1994-cü il səviyyəsindən çoxdur. 1994-cü ildə isə Rusiyada istehsal indikindən qat-qat ağır tənəzzüldə idi.

Rusiyada və ondan kənarda, elə Azərbaycanın özündə belə bir fikir var ki, Yeltsin prezident olanda Rusiyada vəziyyət pis idi, Putin gəldi, düzəldi. Ancaq 1994-cü il, Yeltsin dövrü ilə işsizlik müqayisəsi bu fikri də deyəsən alt-üst edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG