Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:21
Kişi və qadın sola burulub beton blokun önünə çatdılar.

Qadın yuxuda gördüklərini xatırlaya bilməyib içini çəkdi. Üstlərinə doğru əsən küləkdən qaçıb qurtulan kimi - çox soyuqdu, - kişi dilləndi. Bir az sonra qadının cavab səsi güclə eşidildi.

Şəffaf və həyəcanlı səs idi, günəş üçün növbəyə dayanmış bu üşüyən səs öz zəif ahəngindən uzağa gedə bilməsə də sirayətedici idi.

Dodağını gəmirən kişi bu dəfə onları yaladı, azacıq aralanmışdı ki, əks tərəfə burulub, - İlahi, bu nə səsdi? - deyə pıçıldadı.

Buna tam əmin olmasa da səmada görünən yeganə maviliyə - bunu yalnız təsəvvüründə görə bilərdi, - baxıb düşündü ki, bu səs onu əməlli-başlı sarsıtdı. Dərinə getsən, bəlkə də, özünün narahat olmaq vərdişindən idi, amma bu sözlərlə kimi rahatlayasan?

Daha betər üzüldü. Az qaldı soruşa ki, yol boyu xəstələnib eləməyib ki, ya da təsadüfən, səhvən xətrinə dəyən olmayıb ki.

Amma bunların müqabilində, kişi yalnız onu hansı sözlərlə yoldan çıxarmışdısa, qəribə də olsa - qadının arxasınca pillələri addımladığı bu yerdə - onun dalınca harda düşdüyünü xatırlamalı oldu. Yağışda islanıb donmuş beyninin az qala çalışmaması nə qədər xoşagəlməz olsa da, ona bir şeylər söylədi.

İkisi də sürücünün arxasında oturmuşdular, avtobus çox bərk səs çıxarırdı. İlk ağlına bu gəldi və dərhal da növbətilər... Sürücü getdikcə sürəti artırır, körpünün üstündən keçəndə qadın soldakı maşınlara baxır.

Sadəcə, bir an belə olur, sonra da üstlərinə yağış yağmağa başlayır, ayaqlarını yerdən çətinliklə qopara-qopara qaçmaq dərəcəsinə çatırlar.

Ayaqqabılarındakı palçığı çırpa-çırpa, pəncələrini yerə döyə-döyə, - adam avtobus sürərkən çox dəhşətli görünür - kişi düşündü.

Düz qapının yanındaydılar (bir-birindən aralı şəkildə) içəri girirdilər. Bu ana qədər heç nə baş verməmişdi.

Amma kişi yandan ötüb, qadının önünə keçəndə, qadın barmaqlarını çantasının üstündə gəzdirirdi, uzun saçları hər iki tərəfdən boynuna, tutqun kölgəsi isə daha çox aşağıya sürüşüb düşmüşdü.

Qadın çevrildi, barmaqlarını çantasından ayırıb saçlarını üzünə yapışdırdı və kişi qadının həyəcanını bu zaman anladı. Gözünün biri qəribəydi.

Baş verənlərdən çaş-baş qalan kişi qadının çənəsindən yapışıb seyr etməyə başlamışdı. Ağappaq guşədəsə, sadəcə, heç nə yox idi, heç qımıldanmırdı da, uçurum kimi sakitcə, gəlincik gözü kimi eləcə yerində durmuşdu.

Üstəlik də bu zaman üzlərinə qapı açılmışdı, çırpılmaq üzrə olan qapını kişi palçıqlı, su buraxmış ayaqqabısının ucuyla tutub saxladı.

Qadın kişiyə baxdı, kişi də qadına, qımıldanmadılar və içəridən sızan işıq aralarından keçdi.

Kişinin nəzəri sürüşüb aşağıya düşmüşdü. Baxışları kimi bir az sonra qapını bağlayan əlləri də yanına düşüb,- sahibinin hərəkətindən utanmış şəkildə- ayaqqabılarının bağını açmağa başlamışdılar.

Həyəcandan üzülən qadınsa bir az əvvəl onu dəlicəsinə izləyən kişinin artıq funksiyasını itirmiş ayaq izlərinin üzərində dayanmışdı, bir-neçə teli ağzının qırağına yapışmışdı, titrəyirdi.

Bu mənzərəyə altdan - yuxarı baxanda, qalanlar içində, kişi düşündü, - sinəsi ən gözəlidir. Amma bu qısa vaxt ərzində gözləri canavar sürüsü kimi dolaşıb döşlərində daha qəti qərar tutanda ona elə gəldi ki, sanki, döşlərinin içiylə də irin axır. Fikri elə bir cəncələ düşdü ki, bir anda dikəldi, əliylə ayağını çimdikləyib:

- Ev çox hündürdədi, hə?,-soruşdu.

Qadın bunun belə olduğunu başıyla təsdiqlədi. Bu yersiz suala cavab işarə şəklində gəlmişdi, dodaqları ikiyə ayrılmışdı, dodaqların arasında nə görüntü var idi, nə də ordan səs gəldi.

Bəlkə də, elə buna görə idi ki, kişi qadına pis bir şey bildirir şəkildə dalınca qapıya baxa-baxa irəlilədi.

- Elədi, mən tək yaşayıram, indisə qadının əlavəsi eşidildi.

Kişi bir göz qırpımında paltosunu çıxarıb əlinə almışdı. Dəhlizdən ötüb birbaş pəncərəyə yaxınlaşdı. Sonra da hər axşam öz evinin pəncərəsindən baxdığı kimi, yanından keçib gəldikləri binalara, ağaclara baxdı.

Qol-qola bir kişi ilə bir qadın keçirdi, indi o binaların arasından.

Pərdənin bir hissəsini külək sorub çölə çıxarmışdı, külək onu bir saniyə də nəzarətsiz buraxmırdı. O, başını aşağı saldı, qadınsa mətbəxə keçdi.

Pəncərə, elə bil, paralanmışdı. Bir tayı nə zaman açıq qalmışdısa, ev tər-təmiz soyumuşdu.

Otaqda hər şey buz kimi soyuq olardı. Kişiyə elə gəldi ki, özü də burda donub murdar ola bilər. Burda olan hər bir adam yəqin ki, ilk olaraq özünü ordan atacağını təsəvvür edərdi.

Hər kəsin ürəyində ilk düşdüyü yerə müvafiq qorxular olur. Görünür, kişidə də elə bu idi.

Qadını izləmişdi, yoxsa evinə dolan küləklər onu niyə cəzalandırsın? Üstəlik, pəncərəsi də açıq qalmışdı. Nə üçünsə kişi düşürdü, gözlərini düşəcəyi nöqtəyə zilləyə-zilləyə düşürdü və mükəmməl üz xətləri çilik-çilik olurdu.

- Bu dəhşətdi, kişi düşündü, gözlərinin ikisi birlikdə olsaydılar yəqin ki, çox ağıllı görünərdilər.

Qadın bu zaman mətbəxdə gecədən çirkli qalan qabları yumağa girişmişdi.

Bayaqdan bəri sakitləşə bilməyən qadın burda da hövsələsiz idi. Kişi özünü pəncərə şüşəsində gözdən keçirdikdən sonra birdən nə düşündüsə durduğu yerdəcə sağ dizini yuxarı qaldırdı.

Qıçını pəncərə altlığına qoyanda çətinlik çəkdi və dibçəyi yerə saldı, -bu dibçəyin bir az əvvəl üsulca dibinə tüpürmüşdü, bu zaman gülün özünə xas qoxusunu da duymuşdu. - dibçək dodağa bənzər yerindən döşəməyə dəyib bir-neçə yerə parçalandı.

Kişi başını çevirəndə axırıncı dəfə pəncərə şüşəsinə əlini dayayan qadının gözünü görə bildi.

O, dibçəyin içindəki gülə baxandan sonra başını qaldırmışdı.

Kişi yanlarından ötüb-keçəndə yarpaqlar daha bərk titrəməyə başladılar, - aşağıdan tappıltı səsi gələndə isə qadın səksəndi və yuxuda səksənməyinin səbəbi məlum oldu.

Günün bütün mövzuları

XS
SM
MD
LG