Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:02

Adı Orxan Pamuk


Əslində Orxan Pamuk haqqında “Qara kitab ” və “Mənim adım Qırmızı” kitablarını oxuyandan sonra yox (“Qar”ı və “Bəyaz Qala”nı çoxdan oxumuşdum), yaxınlarda oxumağı düşündüyüm “Məsumiyyət muzeyi” və “İstanbul: xatirələr və şəhər” əsərlərini bitirəndən sonra yazmağı düşünürdüm.

Yaxınlarda oxuduğum bu iki kitab mənə elə bir təsir elədi ki, bir quyuya “İsgəndərin buynuzu var, buynuzu” deyə pıçıldamasaydım ürəyim partlayardı.

Bizdə yanlış olaraq yazıçılığı istedada, ilham pərisinə bağlayırlar. Guya yazıçının qulağının dibində qanad çalan ilham pərisi “Sakit Don” kimi böyük bir əsəri onun qulağına pıçıldayır, o isə bunları yazır.

Markeslə həmyaşıd dəyərli yazıçımız İsa Hüseynov deyir ki, mən yazarkən heç bir şey düşünmürəm, sadəcə mənə nə ün gəlirsə onu yazıya köçürürəm.

Pamuku oxuyandan sonra yazmağın bu cür sadə bir proses olmadığına əmin olursan.

Onun əsərlərində yüksək mərtəbəli bir binanın layihəsini fasadından tutmuş, binanın daxili divarlarının rənginə kimi, təxliyyə planından tutmuş vintilyasiya sisteminə kimi hər şeyi dəqiqliyi ilə düşünüb hazırlayan bir memarın əziyyətini duyursan.

“Heç bir şey həyat qədər təəccübləndirici ola bilməz. Yazı xaric. Yazı xaric. Bəli, təbii, tək təsəlli yazı xaric”.
O. Pamuk
Ola bilsin Pamukun romanlarını memar dəqiqliyi ilə düşünüb yazmasında onun yarıda bıraxdığı memarlıq təhsilinin də rolu olub. Romanlar sadəcə ard-arda düzülmüş fəsillərdən ibarət deyil. Bu romanlar

CİDDİ ŞƏKİLDƏ DÜŞÜNÜLMÜŞ KONSTRUKSİYAYA MALİK ROMANLARDIR

İstər “Qara kitab”, istərsə də “Mənim adım Qırmızı”nın, lap elə “Bəyaz qala”nın da konstruksiyasına diqqət yetirəndə görüsən ki, bu nə “ilham pərisi”nin, nə də “ün”ün işidir. Bu əsərlər bütün işi-gücü yazmaq olan bir yazıçının masa arxasına əyləşib ciddi-cəhdlə gündə on iki saat çalışmasının nəticəsidir.

Bu əsərlər insan beyninin məhsuludur. Aydın olur ki, yazıçılıq istedad filan deyil, o intellektuallıqdır.

Akademik biliyə sahib olmayan heç bir adam bu cür dərin mənalı, mürəkkəb konstruksiyalı əsər yarada bilməz, ona bu işdə ilham pərisi kömək etsə belə.

“Qara kitab” əmisi oğlu və qayını Calal Salikin köşə yazılarından yola çıxaraq müəmmalı şəkildə evi tərk edib getmiş arvadı Röyanı axtaran Qalibin başına gələnlərdən bəhs edir. Burada hər fəsildən sonra Calalın bir köşə yazısı verilib.

İstanbul
Və Qalib Calalın ədəbi-tarixi köşə yazılarını diqqətlə oxuyaraq, onlardakı hürufi elementlərini açaraq həm Mövlanənin yaşadığı dövrə qədər gedib çıxır, həm də müasir İstanbulun içindəki “gizli İstanbul”u kəşf edir. 500 səhifəlik bu “qazan”ın içində bircə dəfə də

“YEMƏYİN XƏŞİLİ ÇIXMIR“,

hər cümlə, hər fəsil , hər fikir bir –birini bağlayır, biri o birinə ayaq verir.

Bəzən bir səhifəni aşan, axırına çatanda əvvəlini unutduğun uzun, mürəkkəb cümlələr oxucunu yormur, oxucu baş verənləri asanlıqla dərk edir.

Özü də bu cümlələr o qədər asan şəkildə yazılıb ki, kitabı yarımçıq qoyub bir az sonra yenidən həmən yerdən oxumağa başladıqda belə oxucuya heç bir qaranlıq mətləb qalmır. “Qara kitab”ı oxuduqca mənə elə gəlirdi ki, bir zamanlar rəssam olmaq arzusunda olmuş Pamuk boyaqları mayenin içinə dağıdıb sonra qələmin incə toxunuşu ilə onları qatışdıraraq gözəl əsər ərsəyə gətirən əbru ustası kimi ona lazım olan sözləri bir yerə toplayıb sonra qələminin bir toxunuşu ilə onları kağıza köçürür.

Əbru ustasının fokusçu sayaq çubuğunun hərəkəti ilə xariqələr yaratmasının arxasında nə kimi çətinliklərin durduğunu, bu sənətin nə qədər diqqət, tələbkarlıq, dəqiqlik tələb edən peşə olduğunu bilənlər bilir, bilməyənlərə isə “Qurtlar vadisi” serialında Poladın atası Ömər babanın məşğul olduğu sənətin məhz əbru sənəti olmasını deyək ki, qoy onların da bu sənət haqqında vizual təsəvvürləri yaransın.

“Mənim adım Qırmızı”nın annotasiyasında yazılıb ki, burada hər şey, ölülər də, əşyalar da, heyvanlar da, şeytan da, rənglər də -

HƏR ŞEY DANIŞIR

Doğrusu annotasiyada bu izahatı oxuyandan sonra yadıma “Bir qalanın sirri” filmi düşdü, elə bildim bu kitabda da at itlə, kitablar Qara ilə danışacaq. Lakin əsəri oxuyandan sonra Pamukun intellektual qabiliyyətinə heyran olmaya bilmirsən.

Əsərdə obrazlar öz dillərilə danışır və hadisələrə öz münasibətlərini bildirirlər. Burada ədəbiyyata ilk dəfə hadisələri müxtəlif obrazların baxış açısından analiz etmə texnikasını gətirmiş Polşa əsilli ingilis yazıçısı Jozef Konrad yada düşür.

“Bənim adım Qırmızı”nın hər fəslində bir obraz danışır. Onun hadisələrə olan münasibəti verilir. Bir fəslidən o biri fəslə keçərkən isə sujet itmir, daha da inkişaf edir.

Beləcə bir ölünün başlatdığı hadisəni qatil davam etdirir, o eniştəyə, eniştə, ata, at Qaraya, Qara Şəkurəyə, Şəkurə Estərə, Estər, Kəpənəyə, Kəpənək Leyləyə, Leylək Zeytuna, Zeytun qəlp pula ötürür. Beləcə obrazlar estaferti bir-birlərinə ötürə-ötürə əsər davam edir.

İstanbul. Sultanəhməd camesi
“Bəyaz Qala” və “Qara kitab” əsərlərinin mərkəzində bu suallar durur: “Mən nədən mənəm?” və “Mən kiməm?”. Pamuku insanın özü olması və ya özü olmaması istəyi çox düşündürür.

“Bəyaz qala” insanın bir başqasına çevrilməsini göstərir və burada

PAMUKUN METAMORFOZU (KAFKA) ÇOX UĞURLU ALINIR

Hətta əsərin sonunda Venesiyalı kölə özünün kimliyini belə qarışıq salır, Venesiyalı alim, yoxsa İstanbullu xoca olduğunu ayırd edə bilmir.

“Qara kitabda” Qalib “çevrilmə”yə çalışır. O Calalın bütün köşələrini oxuyur, onun arxivində eşələnib şüurunun bütün gizlinlərinə yol tapır, hətta bu bacarığından yararlanıb Calalın adından “Milliyyət” qəzetində köşə yazır, Calal Salik adıyla BBC müxbirlərinə müsahibə verir.

Qalib uşaq vaxtlarından ona qibtə ilə yanaşır, bütün həyatı boyu özünü ona bənzətməyə çalışır. Əsərin bir yerində Qalib təsadüfən rast gəldiyi, uzun müddət gizli-gizli Qalibi sevmiş sinif yoldaşından onun da bəzən özünü Röyanın yerinə qoyduğunu öyrənir.

Qalib öz kimliyi ilə Calalın kimliyi arasında mücadilələr sırasında İstanbulun yeraltı dünyasına da gedib çıxır.

İstanbulun saraylardan tutmuş uca qəsrlərinə qədər dəyişik nöqtələri bir-birinə bağlayan bizanslardan qalma bu gizli yolların qovşağında yerləşən yeraltı muzeydə Qalib İstanbulun ilk mum fiqurçusunun əsr yarımlıq fiqurlarına rast gəlir.

Sən demə hələ keçən əsrdə mumdan gerçək insandan fərqlənməyən fiqurlar düzəldən saray ustasını ilk öncə saray şeyxi allah şərik qoşmaqda günahlandırmışdır.

Sonra isə geyim dükanları sahibləri özü olmaq istəməyən istanbulluların qarşısına özlərinə bənzəyən manekenlər qoyulmuş dükanlardan deyil, əcnəbilərə bənzəyən, üstlərinə əcnəbi geyimləri keçirilmiş manekenlərin qoyulduğu dükanlardan al-ver etdikləri üçün xidmətlərindən imtina edirlər.

Qalib bu yeraltı muzeydə kafedə çay içən, alver edən, gülən, ağlayan, yük daşıyan, qaçan, dönər satan, şoferlik edən istanbullunun onlarla, yüzlərlə fiqurunu görür. Bu fiqurların isə yeraltına sığınmasının bircə səbəbi var.

Çünki əcnəbilərə bənzəmək istəyən, onlar kimi gülən, onlar kimi geyinən istanbullu özü olmaq, özünə tamaşa etmək istəmir.

“Qara kitab”da “Ələddinin dükanı” adlı bir hissə var. Ələdddinin dükanı Nişantaşında Qalibin məhəllələrində yerləşir.

Qalib də, Calal da, Röya da bu dükanı lap uşaq vaxtından tanıyırlar- Röyanın cəsədi də bu dükandan tapılır. Bu dükanda bizim hər tin başı üstünə “MARKET” yazılmış dükanlarımız kimi hər şey satılır.

Təkcə kitab, qəzet-jurnallardan başqa. Bizim marketlərdə kitab, qəzet-jurnal satılmaz. Pamuk bu hissədə Ələddinin dükanını təsvir edib. Özü də necə bir bacarıqla.

SANKİ ƏLİNƏ BİR KAMERA ALIB

bütün dükanı ən kiçik əşyasına qədər, ən gözdəniraq guşəsinə qədər çəkib göstərir.

Dükanın sahibi Ələddinin dilindən alıcıların xarakterləri, xasiyyətləri, davranışları açılıb göstərilir, keçmiş alıcılarla indiki alıcıların fərqi, malların xüsusiyyətləri, fərqləri bitdə-bitdə sadalanır.

“Şənbə axşamı əllərində paketlərlə alış-verişdən dönənlər, yeni-yeni alışmağa başladıqları bir planetin yumşaq səthinə basar kimi diqqətlə yeriyirdilər”
“Qara kitab”da Pamuk Cümhuriyyətin nöqsanlarını da tənqid edir.

Yeri gələndə bəzən Atatürkə də ilişir, ondan əsərin bəzi yerlərində ədəbi material kimi də yararlanır: “Öncə Atatükrün bu acıqlı qəsəbədə görüləcək tək şeyin oranı tərk etmək olduğunu işarə edər kimi barmağıyla avtobus qarajını gösətərən heykəlindən söz etdik”.

“Cocuqluğunda bacısıyla tarlada qarğa qovalayan sapıq bir padşah...”

“Mənim adım Qırmızı”da Şərqin Qərb qarşısıdakı məğlubiyyəti, onun iflası göstərilib. Əsərdə 1591-ci il III Murad hakimiyyətinin doqquz günündə qarlı İstanbulda baş verən hadisələr göstərilib.

Padşah eniştənin vasitəsi ilə saray xəttat və nəqqaşlarının ən mahir dörd ustasına gizli bir kitab düzəltmək tapşırığı verib.

Bu sıradan bir hal olsa da

PADŞAHIN KİTABI ƏVVƏLKİ SİFARİŞLƏRƏ BƏNZƏMİR

Burada Firəng rəsm üsullarından istifadə olunmalı və İslamda qadağan olunan insan sifətləri çəkilməlidir. İstanbul bir-birinə dəyib, padşahın sifariş verdiyi bu gizli kitabdan xəbər tutan müxtəlif təriqət başçıları, əsər boyu dəfələrlə sərt yumorla tənqid atəşinə tutulan Ərzurumlu xocalar xütbələrində nəqqaşları bidətçilikdə günahlandırır, təriqətçilər onları təqib edirlər.

Saray nəqqaşlarının arasına da təfriqə düşüb; bir qrup nəqqaşlıq sənətinə yeniliyin, yeni rəsm texnikasının əxs, əlavə olunmasının tərəfdarı olsalar da çoxluq bunun əleyhinədir və onlar Herat, Təbriz, Qəzvin, Çin nəqqaşlığının ənənələrinin saxlanmasının tərrəfdarlarıdırlar.

Onlar kiçik bir yeniliyin belə qədim nəqqaşlara qarşı sayğısızlıq olacağını, Firəng üsulunun nəqqaşlığa tətbiqi ilə ustaların öz üslublarını itirəcəklərini düşünürlər.

Əsərin sonunda ifşa olunan qatil Diyari-Hində gedib orada yeni bir kitab hazırlatmağı düşünən Əkbər Xanını sarayında öz nəqqaşlıq sənətini davam etdirəcəyini söylədikdə Qara ona bu cür cavab verir:

“Əkbər Xanın bütün nəqqaşlarını rəsmlərini imzalamağa təşviq etdiyini bilirsənmi? Portuqaliya keşişləri Firəng rəsm və üsullarını oraya çoxdan aparıbar. Onlar artıq hər yerdədir.”

“Mənim adım Qırmızı”da Pamuk rəsm vasitəsilə uzun illər bir çoxlarının beynini məşğul edən “Qərb-Şərq münasibətləri”ni araşdırır.

Özünün qədim ənənənələri ilə öyünən Şərq ya axmaq təşəxxüsdən əl çəkib yeniliyi əxz edib, yeni qaydalara tabe olmalı, inteqrasiyaya, inkişafa nail olmalı, ya da daşa dönməlidir.

Bu qaçılmazdır. Çünki “Geriyə baxan daşa dönür!” Nağıllarda deyildiyi kimi.

Mirmehdi Ağaoğlu







("Oxu zalı"na göndərdiyi yazıya görə Mirmehdi bəyə təşəkkür edirik).

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG