Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:42

İşgəncə dünən də var idi, bu gün də var, sabah da olacaq...


Azərbaycan həbsxanalarındakı işgəncə faktlarından
Azərbaycan həbsxanalarındakı işgəncə faktlarından
«2009-cu ilin yanvar ayının 14-də Biləsuvar Rayon Polis Şöbəsinin işçiləri evə hücum ediblər. Gecə 11-12 radələrində oğlum Vaqif Süleymanovu yerindən qaldırıb aparıblar. Ayın 18-də bizə məlumat çatdı ki, ağır vəziyyətdə xəstəxanadadır».

«CİNAYƏTKARDIRSA, CƏZA VER, İŞGƏNCƏ NİYƏ VERİRSƏN? »

Amerika Dövlət Departamentinin 2009-cu il üçün Azərbaycanda İnsan Haqlarının vəziyyətinə dair hesabatında Biləsuvar Rayon Polis Şöbəsində işgəncələrdən öldüyü bildirilən Vaqif Süleymanovun da adı yer alıb. Onun adı hesabata atası Elbəy Süleymanovun yerli hüquq müdafiə təşkilatlarına müraciəti əsasında düşüb:

«Sağ qolu biləkdən sınıb, bir də başı sağ tərəfdən partlayıb, küt alətlə vurulub. Ayın 18-dən 25-ə kimi həmin xəstəxanaya bizi yaxın qoymadılar ki, qəti qadağandır, sizin övladınız cinayətkardır. Deməli, bütün narkotik maddə alverçilərin rayon şöbələrində işgəncə verə-verə öldürməlidirlər? Niyə? Cinayətkardır, cəza ver, nə səbəbə işgəncə verib öldürürsən?»

Hesabata görə, Vaqif Süleymanov da daxil olmaqla ötən il ərzində Azərbaycanda azı dörd nəfər işgəncələrdən ölüb.

Dövlət Departamentinin hesabatında göstərilib ki, mayın 19-da Ədliyyə Nazirliyinin tibb müəssisəsində 70 yaşlı Toğrul Məmmədzadə vəfat edib. Nazirlik onun ölümünü intihar kimi təqdim etsə də, bəzi mənbələr onun döyülərək öldürüldüyünü bildirib.

İyunun 11-də Lənkəran şəhər sakini Rüstəm Əliyev bir həftə polis məntəqəsində saxlanıldıqdan sonra müəmmalı şəkildə dünyasını dəyişib. Tibbi sübutlar onun döyülərək öldürüldüyünü göstərir.

Avqustun 2-də Ağa Turabov Bakının Nərimanov rayonunda polis tərəfindən döyülüb. Bunun nəticəsində hadisə yerindəcə onun ürəyi dayanaraq ölüb.

Hüquq-mühafizə orqanları bu ölümlərə görə məsuliyyət daşımayıb.

Məlumatları Dövlət Departamentinə Azərbaycanın qeyri-hökumət təşkilatları təqdim edib.

BU, ƏDALƏTSİZLİKDİR...
Millət vəkili Azay Quliyev


Millət vəkili, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev hesab edir ki, Dövlət Departamentinin hesabatında göstərilənlər həqiqəti əks etdirmir, Departament son illər Azərbaycanla bağlı qeyri-dəqiq məlumatlar verir və öz hesabatlarında çox ziddiyyətli məlumatlardan istifadə edir.

Millət vəkilinin fikrincə, konkret həbsxanalardakı vəziyyətə gəldikdə, Dövlət Departamentinin hesabatında məsələlər şişirdilib:

«Qeyd olunanlar həbsxanalardakı vəziyyətə adekvat deyil. Həbsxanada kimsə dünyasını dəyişibsə, bu, normal həyatda da ola bilər. Mənim bildiyimə görə, yalnız bir nəfər – Novruz Məmmədov dünyasını dəyişdi, o da xəstəliyi ilə bağlı idi. Dünyanın hansı ölkəsində həbsxanada ölüm halı olmur ki? Bizdə də, təəssüf ki, bir neçə fakt olub. Amma bunu bütövlükdə ölkədə məhbusların hüquqlarının pozulması ilə bağlamaq yumşaq desək, ədalətsizlikdir».

İŞGƏNCƏ FAKTLARINI GİZLƏDƏN HÜQUQ MÜDAFİƏÇİLƏRİ DƏ VAR

Demokratik Təsisatlar və İnsan Haqları İctimai Birliyinin rəhbəri Elçin Abdullayev isə hesab edir ki, Azərbaycan polisində və həbsxanalarında işgəncələrə məruz qalanların sayı Dövlət Departamentinin son hesabatında göstərilən rəqəmdən qat-qat çoxdur. O hesab edir ki, işgəncə faktları təkcə rəsmi şəxslər tərəfindən yox, bəzən elə hüquq müdafiəçiləri tərəfindən də gizlədilir. Çünki işgəncə məsələlərini çox qabardan istənilən hüquq müdafiəçisi hökumətin ona verdiyi az-çox güzəştlərini də itirə bilər:

«Səmimi deyim ki, əksər hüquq müdafiəçiləri münasibətlərin gərginləşməsində maraqlı deyil. Ən azı bu, onların güzəştlərinin ləğv olunması ilə nəticələnə bilər».

ELEKTRİKƏ VERMƏK AZALSA DA, «DUBİNKA»YLA DÖYMƏK ÇOXALIB

İşgəncə hallarının azalıb çoxalmasına gəlincə, Elçin Abdullayev deyir ki, ötən il işgəncəyə məruz qalma halları əvvəlki illərdən çox olub:

«İşgəncə halları əvvəlki illərə nisbətən artıb. Düzdür, əvvəllər işgəncə metodları daha ağır idi, hansı ki, insanları elektrikə verirdilər və sair. Bu metodlar demirəm ümumiyyətlə yoxdur, var, amma əvvəlki illərə nisbətən azalıb. Ancaq başqa formada döyülmə halları, məsələn, taxta parçasıyla, dubinkayla və sair, artıb».

Hüquq müdafiəçisi hesab edir ki, Azərbaycanda cəzasızlıq hökm sürdükcə, işgəncə hallarının qarşısını almaq mümkün olmayacaq:

«Azərbaycanda dünən də işgəncə var idi, bu gün də işgəncə var, ehtimal var ki, sabah da işgəncə olacaq. Çünki işgəncə verənlər cəzalandırılmır. Cəza mexanizmi yoxdursa, işgəncə həmişə olacaq».

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ehsan Zahidovsa Dövlət Departamentinin Azərbaycana dair hesabatında qeyd olunanlara münasibət bildirmək istəmədi. O bildirdi ki, Daxili İşlər Nazirliyi Dövlət Departamentinin oxşar hesabatlarına bu vaxtadək saysız-hesabsız münasibət bildirib və Nazirliyin münasibəti hər kəsə bəllidir. Daxili İşlər Nazirliyinin rəsmiləri bundan əvvəlki şərhlərində bildirirdilər ki, işgəncələrlə bağlı şikayətlər olanda araşdırılır. Lakin indiyədədək bu şikayətlərin heç biri sübuta yetirilməyib.

Hüquq müdafiəçisi Elçin Abdullayev bu günədək hər hansı işgəncə faktının sübuta yetirilməməsini belə şərh edir:

«Azərbaycan hökuməti istəmir ki, belə faktlar təsdiqlənsin. Ən azı beynəlxalq təşkilatlar qarşısında qınağa çevrilməmək üçün».
XS
SM
MD
LG