Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:57

Hakim partiya həm uddu, həm uduzdu


Rusiyada hakim partiya sevinclə bildirir ki, bazar günü keçirilmiş regional və yerli seçkiləri böyük üstünlüklə qazanıb. Ancaq Vahid Rusiya Partiyası demir ki, keçən seçkilərlə müqayisədə geriləyib.

Rusiyanın 83 federasiya subyektindən 76-da keçirilən seçkilər haqda Dumanın spikeri Boris Qrızlov deyir: «Vahid Rusiya bütün mandatların 68 faizini qazanıb. Bu, keçən ilin mart və oktyabr aylarındakı seçkilərlə müqayisədə qat-qat yaxşıdır».

Ancaq oktyabrdakı seçkilərdə hakim partiya seçki keçirilən bütün regionların hər birində səslərin yarısından çoxunu yığmışdı. İndi isə 8 regiondan cəmi 4-də səslərin 50 faizindən çoxunu yığa bilib.

Altay Respublikasında hakim partiyaya 43 faiz səs verilib, Sverdlovsk Vilayətində - 42 faiz.

Hakim partiya iki mühüm yerdə mer seçkisini uduzub. İrkutskda hakim partiyanın namizədi kommunistlərin, Ust İlimskdə isə Ədalətli Rusiya Partiyasının namizədinə çox böyük fərqlə məğlub olub.

Bazar günü seçkilərinin nəticəsinə görə, Dövlət Dumasında təmsil olunan 4 partiyanın hamısı regional və yerli səviyyələrdə də qanunverici orqanlarda təmsilçilik qazanıb. Kommunist Partiyası təxminən 20 faiz, Liberal Demokratik və Ədalətli Rusiya partiyaları isə hərəyə 15 faiz səs qazanıb.

VAHİD RUSİYA NİYƏ GERİLƏDİ?

Bir il əvvəlki seçkilərlə müqayisədə hakim partiyanın daha az dayaq qazanmasını nə ilə izah edirlər?

Bu seçkilər artan narazılıq, bir sıra şəhərlərdə insanların nümayişə qalxması şəraitində keçib.

İlin əvvəlində nəqliyyat, işıq, qaz haqlarının qalxması insanları küçələrə çıxartdı.

Rusiyanın nüfuzlu «Kommersant» qəzeti adının çəkilməsini istəməyən bir rəsminin sözlərini sitat gətirir ki, «bazar günü seçkiləri etiraz səsverməsinə bənzəyirdi».

Bununla belə, bu seçkilərlə hakim partiyanın cəmiyyət üzərində nəzarəti bütün səviyyələrdə yenə möhkəmlənir.

POZUNTULAR...

Müstəqil müşahidəçilər seçkilərdə çoxsaylı pozuntular olduğunu deyirlər. Onların sözlərinə görə, seçkidən qabaq seçki qanunlarında dəyişikliklər də hakimiyyətə mandatları bölüşdürməyə imkan verdi.

Seçkilərə monitorinqlə məşğul olan «Qolos» təşkilatının icraçı direktoru Lilya Şibanova: «Yekaterinburqda kütləvi pozuntular olub. Adamları avtobuslara doldurub məntəqələrə gətirirdilər, avtobuslardan çox geniş istifadə olunub. Səsvermə satış yerlərində təşkil olunmuşdu, orda isə hədiyyə kampaniyası gedirdi. Səs verənlərə hədiyyə verilməsindən də fəal istifadə olunub. Yekaterinburqda özü şəxsən olmayanların yerinə səs verilməsi faizi çox yüksək olub».

Şibanova deyir ki, müxalifətçi Yabloko Partiyası bir sıra yerlərdə seçkilərə buraxılmadığı kimi seçkiləri izləyən müşahidəçilər də azalıb: «Əvvəllər yerli seçkilərdə azı 10-12 müşahidəçi olurdu. İndi seçkidə 3 müşahidəçi olanda bunu yaxşı hesab edirik. Siyasi rəqabət azaldıqca, ictimai monitorinq də azalır».

Rusiyada növbəti böyük seçki mərhələsi bir də qaldı gələn ilin dekabrına. O vaxt Dumaya seçkilər olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG