Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:55
ƏVVƏLİ BURDA

Rəhim fikirləşdi ki, yəqin Balaqədəşin işlədiyi məktəbdə yenə nəsə bir qanqaralıq baş verib.

Muzdla it gəzdirməyindən məktəbdə xəbərdardılar. Fərqi yoxdu, şagirdlərindənmi, müəllim yoldaşlarındanmı, yoxsa valideynlərdənmi hansısa haçansa görüb-bilib məktəb direktoruna yerli-yataqlı, ətraflı çatdırmışdı.

Direktor da elə həmin dəqiqə Balaqədəşi kabinetinə çağırtdırıb profilaktik tədbir kimi ikilikdə geniş söhbət aparmışdı.

Axırda da xəbərdarlıq etmişdi ki, bu biabırçı, müəllimə yaraşmayan, təlim-tərbiyə ilə bir araya sığmayan (guya arvad-uşaq yanında pulsuz-parasız xəcil olmaq müəllimə yaraşır, təlim-tərbiyə ilə bir araya sığırdı) işdən əl çəksin!

Yalan-gerçək söz vermişdi ki, Balaqədəşə əlavə dərs tapıb düzəldəcək...

Sonra direktor istəmişdi ki, Balaqədəş də ona söz versin. Yalanmı, gerçəkmi, “baş üstə”, desin. Lakin direktor nə qədər dirənmişdisə Balaqədəş “baş üstə”, deməmişdi. Ona görə ki, direktor kimi boş-boş söz verməyi, yalan danışmağı bacarmırdı.

Direktor qalmışdı iki daşın arasında, mat-məəttəl. Bilməmişdi Balaqədəşnən neyləsin? Çünki Balaqədəş hər müəllimin tayı deyildi! Çox da it gəzdirirdi! Fənnini ki, yaxşı bilirdi. İşinin ustasıydı.

Vicdanla dərs deyirdi... Balaqədəşdən istədiyini ala bilməyən direktor axırda çar-naçar ona dədəboyu verməklə kifayətlənmişdi...

- Son günlər işimə haram qatmışdım... - Balaqədəş handan-hana günahını etiraf edən adam kimi danışmağa başladı. - İtləri tək-tək yox, eyni vaxtda götürür, xəlvətcə qoşalaşdıraraq birlikdə gəzdirirdim. Necə deyərlər, bir güllə ilə iki dovşan vurmaq həvəsinə düşmüşdüm.

Ağlım məktəbə, şagirdlərə getmişdi. Hərdən müəllimin biri qəfil xəstələnib-eləyib gəlməyəndə, paralel siniflərdə eyni dərslər təsadüfən toqquşanda, sinfin biri boş qalmasın deyə ikisini birləşdirib bir yerdə yola veririk.

Fikirləşirdim ki, it, heyvandı də, şagirddən artıq deyil ki! Demə, bəziləri üçün artıqmış. Gözü götürməyənlər itlərin sahiblərinə çuğulladılar. Onlar da məni işdən qovdular.

Dedilər, itimizi daha sənə etibar edə bilmərik...
- Xahiş edəydin, deyəydin, bir iş, bir xatadı da olub, dünya qopmayıb ki?..

- Eh, qardaş, sən onları yaxşı tanımırsan. Birləşib dövlət, xalq malını talan edəndə, çırpışdıranda dil tapıb bir-birinə güzəştə getdiklərinə baxma, şəxsi mallarına kəm baxan bizim kimilərini heç zaman bağışlamırlar...

* * *

Rəhimin kirayə qaldığı köhnə həyət evi kənddəki toyuq-cücə saxladıqları quş damından az fərqlənirdi.

Dəlmə-deşiyi o qədərdi ki, son günlər öləziyən, can çəkişən qaz peçinin qızdırmağa gücü çatmırdı.

Tok peçi işlətmək də Ağabacı arvada sərf eləmirdi. Rəhimin verdiyi kirayəhaqqı nəydi ki, həm qazpulunu, həm işıqpulunu ödəyəydi, üstəlik Ağabacı arvada da bir şey qalaydı?..

Ağabacı arvad Rəhimin kirayələdiyi evə bitişik evdə yaşayırdı.

İki evin arasında nəfəsliyi andıran əlavə bir pəncərə vardı ki, ev sahibəsi özü tərəfdən ona pərdə tutmuşdu.

Təsadüfən Rəhim tərəfdə bir taqqıltı-filan eşidəndə pərdəni qaldırıb baxırdı ki, görsün nəmənədi, noolub, tez də salırdı. Bişirdiyi yeməkdən Rəhimə pay vermək fikrinə düşəndə, yaxud televizora baxmağa çağıranda da o pərdəni aralayır, pəncərənin şüşəsini döyürdü...

Ağabacı arvad gününün çoxunu, demək olar ki, öz xudmani mətbəxində keçirirdi...

Ağabacı arvadın bir oğlu, bir qızı vardı. Bu oğul-qızdan da bir neçə nəvəsi dünyaya gəlmişdi. Onlar şəhərin müxtəlif səmtində, bir-birindən aralı, öz ailələri ilə yaşayırdılar.

Həftədə, yaxud on gündə bir dəfə macallayıb növbə ilə arvada baş çəkirdilər. Ağabacı arvadın sovetin dövründə, özü demiş, babat vəzifələrdə külüng çalmış əri yeddi-səkkiz il əvvəl rəhmətə getmişdi.

Qocalığa görə aldığı pensiyası, bir də Rəhimin verdiyi kirayəhaqqı arvadın gündəlik yemək-içməyinə bəs eləyirdi. Əyin-başı-zadı oğluna, xırda-para ehtiyacı da qızına baxırdı...

Oğlundan, qızından olsaydı onu çoxdan yanlarına aparardılar. Ağabacı arvad özü getmirdi. Sərbəstliyə öyrəşmişdi. Yaşının bu vaxtında gəlin, yeznə nəzarəti altında yaşamaq istəmirdi.

Haçansa çox dirənmişdilər, o da qızına demişdi ki, təkliyimi istəmirsənsə, oğlun qalsın özünə, dördyaşlı qız nəvəmi ver saxlayım, mənə həyan olsun. O da vermişdi.

Ağabacı arvad onu çox istəyən nəvəsinə bəlkə anasından da yaxşı baxırdı. Amma bir də görmüşdü nəvəsi günü-gündən ətə-qana dolmaqdan, əmələ gəlməkdənsə geri gedir, arıqlayır, saralıb-solur.

O həkim qalmamışdı aparmasın. Hərtərəfli yoxlayır, heç bir xəstəlik-filan tapmırdılar. Axırda qızcığazı bir nəfərin məsləhəti ilə psixoloqa göstərmişdi. O da ümumi söhbətdən sonra Ağabacı arvaddan soruşmuşdu ki, uşağın tayı, yəni bacısı, qardaşı varmı?

Bir-birindən uzaqdılar, yoxsa yaxındılar?.. Ağabacı arvad da demişdi ki, qızcığazın bir qardaşı var, o da anasıynan olur.

Onlardan aralıdılar, uşaqlar hər saat bir-birini görmürlər.

Psixoloq demişdi ki, uşaqları bir-birindən nahaq ayırmısınız, qızcığaz öz qardaşının xiffətini eləyir... Ağabacı arvad birdən ayılmışdı.

Körpələrin görüşəndə bir-birini bağırlarına basıb necə sevindiklərini, ayrılmaq istəmədiklərini, qardaşından ayrılandan, tək qalandan sonra qızcığazın necə bikeflədiyini gözünün qabağına gətirib günahını başa düşmüş, özünü min dəfə lənətləyərək uşağı anasına qaytarmışdı...

Ağabacı arvad bu həyətdə tək deyildi. Həyətin o biri tərəfində də başqa bir ailə yaşayırdı. Bir-birinin içində, hətta üstündə tikilmiş iri-iri evləri vardı. Hər şeydən göründüyü kimi, böyük ailə idi.

Başçısı, ağsaqqalı qarnıyoğun, saqqallı bir hacıydı. Bir gözü elə həmişə Ağabacı arvadın evindəydi.

Başqa bir umacağı yoxdu. Arvadın haçan öləcəyini, o dünyaya təşrif aparacağını gözləyirdi. Hər dəfə namaza duranda allahdan qonşusu üçün bir ucuz ölüm arzulayırdı. Ağabacıdan sonra oğlu, qızıynan dil tapıb evi almaq, həyət-bacanı tamam əlinə keçirtmək iştahasındaydı. Arvad hacının niyyətindən yaxşı xəbərdardı.

Bəri tərəfə baxdığını görəndə çəkinib-eləmədən kişiyə dirsəyini göstərir, boğma göndərirdi.

Yəni o günü, öldüyüm günü görməyəcəksən, acığa səni öldürüb sonra öləcəyəm! Doğrudan da, xeyli yaşı olmasına baxmayaraq arvad hələ çox qıvraq, canısuluydu, ölmək fikri-zadı yoxdu.

Ağabacı arvadın ölməyini heç Rəhim də istəmirdi. Nədən ki, ölsəydi, Rəhim onda gərək iş-güc axtarmaq əvəzinə Bakının köhnə məhəllələrini qapı-qapı gəzə, kirayə qalmaq üçün başqa bir ucuz ev soraqlaya, tapaydı. Bu da ki, uzundərəydi...

* * *

Ağabacı arvad yaxşı düşbərə bişirmişdi.

Elə təzəcə ocağın üstündən düşürtmüşdü ki, bayırdakı soyuğu, qar-qiyamatı fikirləşib Rəhimə yazığı gəldi. Televizora baxmağa çağırmaq adıynan yaxınlaşıb ara pəncərənin şüşəsini bir-iki dəfə astadan taqqıldatdı.

Rəhim gəlib yerini rahatlayan kimi qaynar düşbərədən buğlana-buğlana bir boşqab çəkdi ki, yesin, canı qızsın. Rəhim də nəm-nüm-zad eləmədən (belə havada isti düşbərəyə nəm-nüm eləmək ağılsızlıqdı) dil-ağızla düşbərəni qaşıqlamağa başladı...

Rəhimin qul bazarındakı kirayənişin tanışı qaldığı yerdə ev sahibəsi ilə danışıb pulunu ödəyirdi, gündəlik yemək-içməyini də hazırlayır, bişirib-düşürürdü, pal-paltarını da yuyurdu.

Rəhim nə vaxtdı belə bir təkliflə Ağabacı arvada müraciət etmək fikrinə düşsə də çəkinirdi. Arvadın qəlbinə toxunacağından, incidəcəyindən ehtiyatlanırdı.

Ona görə ki, Ağabacı arvad ağayanə, xanım-xatın bir arvaddı.

Qulluqçuluq-filan (buna başqa nə ad vermək olardı?) ona heç yaraşmırdı. Evini də dolanmadığına, əldən-ağıza qaldığına görə kirayə vermirdi. Qonşuluqda heç olmasa bir həyanı olmağını istəyirdi.

Rəhimdən əvvəl evinə iki tələbə qız buraxmışdı.

Bir də baxmışdı ki, onların dalınca qapısına gündə neçə oğlan gəlir, qızları qovmuşdu. Rəhim elə ilk gündən ürəyinə yatmışdı. Axşamlar evə gec gəlib-eləyəndə narahat olur, öz balası kimi sorğu-suala tuturdu. Rəhim də bundan qətiyyən incimirdi. Əksinə, arvadın bu ərkyana sorğu-sualı qəlbini riqqətə gətirirdi...

Düşbərədən sonra onlar ana-bala kimi çay içə-içə Ağabacı arvadın nuh əyyamından qalma köhnə, ağ-qara televizorunda verilişlərə baxmağa başladılar. Arada hava məlumat bürosu rayonlardakı havanın vəziyyəti haqqında məlumatı çatdırdı.

Rəhimgil tərəfdə qar uçqunu-filan olmuş, yollar bağlanmışdı...
Bircə anda Rəhimin xəyalı o uzaq, doğma yerlərə pərvaz elədi. Neçə gündü yarı canı onsuz da kənddə, arvad-uşağının yanındaydı. Hava məlumat bürosu narahatlığını azaltmaq əvəzinə daha da artırdı.

Rayonda havaların pisləşdiyini eşidən gündən geri qayıtmaq istəsə də cibində fərli-başlı pulu yoxdu. Tərs kimi bu dəfə gələndən iş-güc ceyran dalına çıxmışdı. Bir nəfərlə cəmi üç günlük bir iş götürüb işləmiş, pulunu yarı bölmüşdülər, vəssalam!..

İşıq qəfildən şitliyi tutmuş zarafatcıl adam kimi göz vurub təzədən yandı.

- Vaxsey!.. - Arvad durub pəncərədən çölə boylandı. - Bayırdan heç xəbərin var?.. - Çönüb Rəhimə dedi. - Əsl cəhənnəmdi. Lənətdəmələr işığı birdəfəlik keçirtməsələr yaxşıdı.

- Bakıya gəlməmişdən elə bilirdim işıq keçirtmək təkcə rayonda moddu, - Rəhim dedi.

- İndikilər mod salıb, bala, sovetin dövründə belə şey nəəzirdi.. - Arvadın sovetlə bağlı nastalji hissləri çox güclüydü.
- O vaxtlar da belə külək, qar-qiyamat olurdu, ay xala?..

- Olurdu da sözdü! O küləklər indi əssə ha, uçmamış dam-daş qalmaz! Qar yağardı ey, bir metr, metra yarım, həri!..

Özəl kanalda qucağındakı harın, bəxtəvər pişiyini sığallayıb-tumarlayan, oxşayıb-öpən bir müğənni xanımı göstərirdilər. Dediyinə görə, bu günlərdə əməlli-başlı xərc çəkərək dostlarını başına yığıb sevimli pişiyinə çal-çağırla aləm bir ad günü keçirtmişdi...

- Budey, dövran belələrinin, onların itlərinin, pişiklərinindi. - Ağabacı arvad bunu deyəndə sözarası ətrafını zorla qızdıran qaz peçinin böyründə qıvrılaraq xorna çəkən öz pişiyinə sarı boylandı. - Bu günə qədər heç özümə bir yönnü ad günü keçirtməmişəm, o da ola pişiyim...

Belə şeylər artıq Rəhimi təəccübləndirmirdi.

Balaqədəşdən eşitmişdi ki, pullu-varlı-hallılar, nazir-oliqarxlar, məmur-oliqarxlar, prezident aparatının işçiləri saxladıqları heyvanların, məsəlçün, tək bir itin qida rasionuna ayda 2-3 min dollar, birdəfəlik saç düzümünə 70-80 manat xərcləyirlər. İtlərini 25-30 manatlıq şampunla çimizdirir, üstlərinə 50-60 manatlıq dezodorant fısqırdırlar.

Caynaqlarını bahalı salonlarda manikür, pedikür elətdirirlər.

Onlar hətta ən dəbdəbəli restoranlarda öz heyvanlarına əməlli-başlı toy çaldırır, itlərini, meymunlarını başqalarının itləri, meymunları ilə evləndirir, gəlin köçürür, üstəlik qiymətli cehiz verir, hədiyyələr bağışlayırdılar...

Rəhimin acığı o pişikli müğənnidən daha artıq bu şounu təşkil edənlərə, efirə verənlərə və onun gəlişini alqışlarla qarşılayan o studiyadakı tamaşaçılara tuturdu.

Gündəlik şou-biznes adıynan tamaşaçılara sırınan bu cür səviyyəsiz, mənasız verilişlər mədəniyyətimizə, əxlaqımıza təcavüz, terrordu. Bilərəkdənmi, bilməyərəkdənmi əndirəbadi bir zövq formalaşdırır, sonra da gileylənirdilər ki, ciddi şeylərə, verilişlərə baxan yoxdu...

Rəhimin yadına bu yaxınlarda qul bazarında yaşlı bir kişi ilə cavan bir oğlanın şahidi olduğu mübahisəsi düşdü.

Cavan oğlan kişini geriqalmışdıqda, muğamlardan başqa heç nəyi bəyənməməkdə, estrada, caz, pop, rep, nə bilim daha hansı Avropa, Qərb musiqisini başa düşməməkdə, eşidəndə ağız büzməkdə günahlandırırdı... Əslinə baxsan, oğlan heç özü də Qərb musiqisini düz-əməlli anlamırdı. Başqaları qulaq asır, o da başqalarına baxıb qulaq asırdı...

Kişi birdən oğlandan sorşdu:

- De görüm, sən heç ömründə tarakan, ilan-qurbağa yemisən?..

- Tarakanın, ilan-qurbağanın məsələyə nə dəxli?.. - Oğlan təəccüblə gözünü döydü.

- Dəxli çoxdu, sualıma cavab ver!.. - Kişi təkid etdi.

- Yeməmişəm, bundan belə də yemək fikrim yoxdu, - oğlan lovğa-lovğa dedi.

- Yaxşı, xahiş etsələr necə, yeyə bilərsənmi?..

- Gül kimi qoyun ətini qoyub tarakanı, qurbağanı niyə yeyirəm? Qurbağanı, tarakanı görəndə iyrənirəm...

- Ay sağ ol, ölənlərin oldu rəhmətlik, sənnən elə bunu eşitmək istəyirdim. - Kişi razı halda ürəkdən güldü. - Amma avropalılar, qərbdə yaşayanlar bahalı restoranlarında sənin iyrəndiyin o tarakan, ilan-qurbağadan hazırlanmış yeməkləri delikates, ən matah yeməklər kimi gözlərinə təpirlər, bundan xəbərin varmı?..

- Bah, musiqi ayrı şeydi, tarakan, qurbağa ayrı!.. - Oğlan cığalladı.

- Ayrı şeylər olduğunu mən də bilirəm!.. - Kişi əl çəkmədi. - Sözümün canı odu ki, Avropa, Qərb musiqisi bizim üçün bir növ, bax o delikates yeməklər kimi bir şeydi, təbi çəkən yeyir. Muğamlar isə şəxsən, mənimçün qoyun ətidi. Haçan versələr, gözümə təpirəm!..

Bu saat xanım müğənniyə onu alqışlamaqdan ötrü hardan, nə yollasa tutub studiyaya yığdıqları o zavallı gənclər də, ekran qarşısındakı tamaşaçılar da sevimli pişiyicən deyildilər. Belə olmasaydı, ora çıxıb bu qədər adamı barmağına dolamaz, pişiyini yox, sənətini nümayiş etdirərdi.

Robot kimi niyə əl çaldıqlarının fərqinə qətiyyən varmayan studiyadakı o gənclərin ən böyük günahı kütlə psixologiyasına yaxşı bələd olan fırıldaqçıların, şarlatanların qurduğu tələyə könüllü, öz ayaqları ilə gedib girmələrindəydi...

Arvad hirslənib kanalı dəyişdi.

- Bilmirəm bunları televizora kim çıxardır? Nə deyib çıxardır?..

- Eh, xala, hamısı pul təli, işbazların oyunudu. - Rəhim dedi. - Gündə bir yalançı ulduz qayırır, xoruz döyüşdürən kimi qızışdırıb bir-birinin üstünə salışdırır, saçyoldusuna çıxardır, soyundurur, geyindirir, kişi müğənnilərin qulaqlarına arvad sırğaları taxdırır, maşınlarını, ev-eşiklərini, villalarını reklam elətdirir, bir sözlə, mədəni şəkildə başlarına ip salıb necə, hara istəyirlər, ora da sürüyürlər.

Hər iki tərəf də özündən, əməllərindən razıdı, təki pul çıxsın, pul qazansınlar...
Rəhim son günlər televizorda göstərilən “maşın” şousunu, orada adının açıqlanmasını istəməyən bir şirkət rəhbərinin şounun gözəl xanım iştirakçılarından birinə “Nissan” avtomobili bağışlamasını xatırladı.

Çox şübhəli, təmənnalı bir məsələydi. Rəhim yalançı səxavət kisəsinin ağzını nə məqsəd, hansı umacaqlasa gen açan o şirkət rəhbərinə qətiyyən inanmırdı. İnanmırdı ki, o adam kimdisə hər hansı bir kasıba, əlsiz-ayaqsıza, dara düşənə də buna bənzər bir səxavət göstərə bilər.

Elələri neçə dəfə Rəhimi qapısında qul kimi işlədib halal haqqını, pulunu can çəkə-çəkə, get-gələ sala-sala, şər-şıltaqla kəsə-kəsə, qırta-qırta vermişdilər. Hünəriydi haqqını tələb edəndə bir az səsini qaldıraydı. Onlar qulun səsini qaldırmasını sevmirdilər.

Həmin saat əlaltılarını, qulbeçələrini çağırır, bəsdi deyincə mitilinə çırpdırır, pulunu ödəmədən bayıra atdırır, ya da sadəcə, iti qovan kimi qapılarından qovdururdular. Elələriynən danışmaq həmişə xatalıydı...

Ağabacı arvadın çevirdiyi təzə kanalda yüksək çinli məmurlar sözü bir-birinin ağzından qapa-qapa ölkədəki anoloqu olmayan inkişafdan, bütün sahələr üzrə böyük, görünməmiş nailiyyətlər qazanılmasından dəm vururdular.

Büdcədən təkcə hərbi sahəyə ayrılmış vəsait düşmənimiz Ermənistanın ümumi büdcəsinə bərabərdi. Guya qabaqcıl Avropa dövlətləri belə bir çox sahələrdə bizim təcrübəmizdən bəhrələnməliydilər və s.

- Toxun acdan xəbəri olmaz... - Ağabacı arvad dodağının altında öz-özünə söyləndi.

Rəhim yeniyetmə vaxtı Bakı - Tiflis magistralının qırağında quzu otararkən gördüyü çox iri bir plakatı xatırladı.

Həmin plakatda SSRİ-nin o zamankı rəhbəri Brejnevin respublikamıza səfəri zamanı Azərbaycan haqqında dediyi, sonralar uzun müddət dildə-ağızda dolaşan (xalq arasında çox vaxt istehza ilə səslənən, gülüş doğuran) məşhur bir kəlamı yazılmışdı: “Azərbaycan iri addımlarla irəlləyir!”

Dələduzun biri o şüarın qarşısında Tiflisə doğru yekə bir ox işarəsi çəkmişdi. Yadındadı, onda Azərbaycanda ərzaq, xüsusən yağ qıtlığıydı. Ətraf rayonlar yağ və s. dalınca Tiflisə axışırdı...

Qəribəydi, televiziya kanallarına, iqtidaryönlü qəzetlərə görə, ölkə, xalq, necə deyərlər, süd gölündə üzürdü, hər işimiz düzəlmişdi, qalmışdı saqqal darağımız... Müxalifət qəzetləri isə həyacan təbili çalırdı ki, rüşvətxor, korrupsioner iqtidar nazirləri, məmurları xalqı çapıb talayır, ölkəni uçruma aparır.

Guya neft, qaz gəlirlərinin sel-su kimi ölkəyə axdığı bir vaxtda əhalinin hər birinin xarici ölkələrə, banklara 270 dollara qədər borcu vardı. Həm də bu borclar azalmaq əvəzinə günü-gündən durmadan artmaqdaydı.

Hökumət özü xarici banklardan yüksək faizlə pul götürdüyü, xalqına yüksək faizlə ipoteka krediti boyun olduğu halda Gürcüstana bir faizlə kredit ayırırdı...

Rəhim bir vaxt erməni ilə soyuq səngərlərdə, Qarabağ döyüşlərində necə çaşıb qalmışdısa indi yenə o cür çaşıb qalmışdı. Onda Rəhim, onun silah, döyüş yoldaşları Vətən naminə hər şeylərindən, isti ev-eşiklərindən, arvad-uşaqlarından, sevgi-məhəbbətlərindən, rahatlıqlarından keçmişdilər.

Doğma torpaq, haqq uğrunda vuruşurdular.

Düşmənlə müqayisədə bu, böyük üstünlükdü! Başda oturanlar, ölkəni idarə edənlər inandırmağa çalışırdılar ki, onların da amalı budur...

Amma nə sirri-xudaydısa erməniyə qalib gələ bilmədilər. Müharibəni uduzdular. Əgər məsələ, bəzilərinin iddia etdiyi kimi, doğrudan da, rusun erməninin dalında durmağındaydısa, rus o vaxt heç özü bir ovuc çeçenin öhdəsindən gələ bilmirdi...

Yox, deyəsən, məsələ daha qəlizdi. Hakimiyyətdəkilər özlərini erməni ilə səngərdə, döyüşdə hiss etmirdilər. Səngərdəkilərlə eyni nöqtəyə, eyni hədəfə vurmurdular. Ya hədəf, ya da döyüş qaydaları fərqliydi!..

Budu, Rəhim yenə cəbhədə, səngərdəydi.

Bu cəbhə, bu səngər tamam fərqli bir cəbhə, fərqli bir səngər idi! Ailəsini, arvad-uşağını dolandırmaq üçün özünü oda-közə atır, çalışır-vuruşur, hər əzab-əziyyətə qatlaşır, ancaq... yenə uduzurdu.

Adi, gündəlik məhrumiyyətlərə qalib gələ bilmirdi. Başda oturanlar yenə xalqın, Vətənin rifahını düşündüklərini, bu amal uğrunda çalışdıqlarını iddia edirdilər...

Bir azdan işıqlar birdəfəlik keçdi. Rəhim öz dəlmə-deşik, quş damını xatırladan soyuq otağına qayıtdı.

* * *

Hava işıqlaşanda oyandı. Gecə yorğandan əlavə üstünə nə qədər pal-paltar yığmışdı, amma yenə canı qızmamış, üşümüş, donmuşdu...
Peçin içində qaz şam kimi işıldayırdı.

Gecədən sönən işıq hələ yanmırdı. Axşamtərəfi enerji şirkətinin sözçüsü televizora çıxacaq, utanmaz-utanmaz deyəcəkdi ki, qar-boran olsa da işıqla bağlı xalqın heç bir problemi yoxdu.

Deyəcəkdi ki, düzdü, bir-iki ərazidə, bölgədə artıq yüklənmə ilə əlaqədar müvəqqəti, yəni beş-on dəqiqəlik, ən pisi bir-iki saatlıq fasilə yaranıb, amma tez də əhalinin enerji təminatı tamam bərpa olunub...

Bakının müxtəlif yerlərində işıqsız qalan binəvaların hamısı elə biləcəkdi ki, o anonim bir-iki sahənin biri təsadüfən məhz onların sahəsidi, həm də bütün günü işıqsız qalmaları bəd bir təsadüf, istisnadı, yoxsa şəhərin hər yerində hər şey öz qaydasındadı...

Əvvəl Rəhim özü də belə düşünür, bu cür bilirdi. Bir gün qul bazarında işıqdan söz düşəndə anladı ki, enerji şirkətinin sözçüsü yalan danışır, xalqın başını aldadır. Qul bazarında Bakının hər tərəfindən adam vardı. Hamısı da işığın, qazın, suyun bərbad vəziyyətindən gileyliydi...

Bayıra çıxanda hər tərəfi ağappaq gördü. Quşbaşı qar yağırdı. Özünün də, Ağabacı arvadın da qapısının ağzını qardan təmizlədi...

Belə bir havada iş axtarmaq üçün qul bazarına getməyə dəyməzdi. Marşrut-filan hələ işləmirdi. Yol-riz buz bağlamışdı...

Yəqin indi kənd-kəsəkdə vəziyyət daha betərdi. Fikirləşdi ki, özünü birtəhər dəmiryol vağzalına çatdırmalıdı. Hansı olur-olsun, Yevlaxa tərəf gedən ilk qatara minməlidi. Çətini Yevlaxa qədərdi. Ordan o yana getməyə bir şey tapardı...

Yol boyu özünü danlayırdı ki, gərək rayonda “sobez”in işçisi ilə kəllələşməyə, prinsipə girməyəydi. Əksinə, bu adamla birtəhər dil tapmaq, ünvanlı sosial yardım məsələsini təzədən yoluna qoymaq lazımdı. Hər nə alsa, qənimətdi, heç olmasa odun-ocağa verərdi...

Sovet dövründən qalma uşaqpullarının əvəzinə ortaya atılan, heç harda işləmədiyinə görə ailəsinə çatacaq halal haqqını, sosial təminatını, yardımını “sobezdə” tələb edəndə kinayə ilə qımışmışdılar.

Nümayəndə göndərib evlərindəki əşyaları siyahılaşdırmışdılar. Rəngli televizorunu, soyuducusunu, mebelini görəndə onlara yardım düşmədiyini söyləmişdilər. Matı-qutu qurumuşdu. Bu necə əndirəbadi qanun-qaydaydı, ilahi?

Kim, hansı başdanxarab qurub-qoşmuşdu? Televizorun, soyuducunun, mebelin dolanışığa, yardıma nə dəxli vardı? Axı bunları qazanıb öz halal puluynan almamışdı, arvadının cehiziydi. Dədəsi evindən gətirmişdi... İkincisi də, televizor, soyuducu, mebel haçandan ailə, arvad-uşaq dolandıran olmuşdu?..

Çox çək-çevirdən, get-gəldən sonra qandırmışdılar ki, 200 manat versə, məsələni tezcə yoluna qoyarlar. Bu dəfə Rəhim rişxəndlə gülmüşdü ki, 200 manatım olsaydı, daha sizə niyə ağız açırdım?..

Demişdilər, onda bir şərtlə düzəldərik ki, alacağının iki ayı bizimdi, biz götürəcəyik. Rəhim yenə atılıb-düşmüş, ora-bura çıxacağı, şikayət edəcəyi ilə hədələmişdi. Başa salmışdılar ki, xeyri yoxdu, havayıdan özünü yormasın.

Onun hədələdiyi yuxarılara belləri bağlı olmasa, bu boyda qələti qarışdırmazlar. Lağa qoymuşdular ki, bu boyda yekəlib, amma hələ Kürün, Arazın birləşərək axıb hara tıküldüyündən xəbəri yoxdu...

Rəhim sonda ağ bayrağını qaldırmışdı. Daha doğrusu, dəsmalını çıxardıb üz-gözünün tərini silərək razılığını bildirmişdi. Demək, bu haqq-hesab hər altı aydan bir təzələnməliydi.

Altı ay bitsə də Rəhim ikinci dəfə haqq-hesabı təzələməyə getməmişdi, onlar da yardımı kəsmişdilər... İndi peşimandı...

Rəhim Yevlaxda qatardan düşəndən sonra yollarda neçə maşın dəyişə-dəyişə axşam qaranlıqda kəndə yetişdi...

* * *
Bacısının anasına pıçıldadığı sözlər qardaşını çox həyəcanlandırmışdı.

Həmin gecə yatmamış, onları yuxuya verəndən sonra sırıqlısını geyinmiş, qulaqlı papağını başına keçirtmiş, səssizcə bayıra çıxmışdı.

Baltanı, dəhrəni bərk-bərk gizlətsə də ürəyi arxayın olmamış, çöldə, artırmada qapıya qarovul çəkməyə başlamışdı. Gecənin bir vaxtı qapının ağzında büzüşərək yuxuya getmişdi...

Səlimə soyuqlar düşəndən bəri gecələr səksəkə ilə yatırdı.

Tez-tez yuxudan ayılır, uşaqlarına baxırdı ki, görsün üstlərini açmayıblar.

Hansı üstünü açsaydı, qaytarıb yorğanını üstünə örtür, kürəyini basdırırdı ki, səhərəcən soyuqlamasın...

Bu gecə ayılanda oğlunu yatağında tapmayıb bərk təəccübləndi.

Yun şalını bürünüb tez bayıra çıxdı. Qapını açanda oğlunun kandarda yumaq kimi büzüşərək yatdığını gördü...

Həmin qış o kəndin yaddaşında təkcə həyətlərdəki meyvə ağaclarının kəsilməsi ilə qalmadı. Həkimlər nə qədər çalışsalar da Rəhimin oğlunun da ayaq barmaqlarının ikisini kəsməli oldular...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG