Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:15
"Yalqız" əsəri Milli Kitab Mükafatı müsabiqəsinin onluğuna düşən yazıçı Nəriman Əbdürrəhmanlının AzadlıqRadiosunun "Tanınmışlar" proqramına müsahibəsi.

- Bakıda ali təhsili başa vurub bir müddət işləyəndən sonra Moskvada kinomatoqrafiya institutuna qəbul olunmusunuz, amma yarımçıq qoymusunuz. Niyə?

- İmkansızlıq ucbatından. Maliyyə çətinliklərinə görə orada qısa müddət oxuya bildim. Sonra buraxıb Gürcüstana qayıtdım. Sovxozda fəhləlikdən qəzetdə ştatdankənar müxbirliyə qədər hər cür iş gördüm.

- Bax indi, özünüzü ştatda olan yazıçı hesab edirsiniz ya ştatdan kənar?

1958-ci ildə Gürcüstanın Qaraçöp mahalında doğulub, 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 25 ilə yaxındır mətbuatda publisistik yazıları, nəsr əsərləri, dünya ədəbiyyatından tərcümələri çap olunur. Ssenariləri üzrə bədii və sənədli filmlər çəkilib. Bir çox publisistika, nəsr kitabının müəllifi, onlarla ədəbi-bədii toplunun tərtibçisidir. Onun "Yalqız" romanı hazırda davam edən Milli Kitab Mükafatı müsabiqəsinin ilk 10-luğuna düşüb.
- Rəsmi baxımdan götürəndə ştatdan kənaram. Amma öz içmdə, yazı ilə aramda olan təmasda mən özümü ştatda hesab edirəm.

- Amma fəaliyyət dairəniz kifayət qədər genişdir. Nəsr, tərcümə, ssenarilər və sairə. Necə çatdıra bilmisiniz?

- Yazmaq mənim yeganə işimdir də. Başqa iş görə bilmirəm. Yəqin ki, bəzi qayğılar olmasaydı daha çox iş görə bilərdim. Amma mən yazmağa gündəlik iş kimi baxdığım üçün bu qədər iş görmək mənim üçün təəccüblü deyil.

- İş şəraitiniz necədir?

- Mən dəhlizdə də oturub yaza bilirəm. Mənim heç vaxt komfort şəraitim olmayıb, tələb də eləməmişəm, bundan sonra da çətin ki, olsun. Görünür məndə bir daxili intizam var ki, bütün bu illər ərzində planlı şəkildə, belə inadla işləməyi bacarmışam.

- Heç olmasa o dəhlizin barı bir az rahatlığı var idi?


- Yox. Rahatlıq adamın içində olmalıdır. Özü də əksinə bu rahat yazmağa imkan verən bir narahatlıq olmalıdır. Məndə də həmişə bu narahatlıq olduğu üçün içimdə komfort hiss eləmişəm. Ona görə də müəyyən mənada bəzi işlər görə bilmişəm.

- Qapalı adamsınız.

- Hə, həddən artıq qapalı adamam. Bəzən özümü də əsəbiləşdirir bu qapalılıq. Müəyyən məsələlərdə mənə çox mane olur bu qapalılıq. Amma bu artıq formalaşmış bir xarakterdir və 50 yaşdan sonra onu dəyişmək çətindir. Amma məhz o qapalılıq məni çox şeyləri yazmağa təhrik edib. Yəni mən daha çox öz içimlə əlləşmişəm, başqaları ilə, ətrafla yox. və yazdıqlarım da artıq içimdə saxlamağım mümkün olmayanlardır.

- Bu qapalılıq adamın üzünə qapıları çoxmu bağlayır?

- Çox bağlayır. Çünki o qapıları açmaq üçün insana ünsiyyət lazımdır ki, öz hüdudlarından kənara çıxa bilsin. Qapalı adam isə təbii ki, bunu bacarmır. Bu «Yalqız» romanımı oxuyanların əksəriyyəti də o qapalılığı önə çəkir və deyirlər ki, sən özünü yazmısan. Təbii ki, hər kəsin yazdığında özündəN nəsə var və bundan qaçmaq mümkün deyil.

- Niyə yazdınız «Yalqız» romanını?

- Hekayələrimdə hiss edirdim ki, nəsə get-gedə böyüyür, başqa forma alır, nəsə bir axın yaranır ki, mən onun qabağını saxlaya bilmirəm. O qədər gücləndi ki, həmin axın …

Qəfil oldu bu. Azərbaycan Tərcümə və Ədəbi Əlaqələr mərkəzində işləyirdim. Məcbur elədilər, işdən çıxdım. 1 ay işsizlik yaşadım. Və işsizliyin 1-ci günü hiss elədiim ki, nəsə partlayışa hazır bir şey var. «Yalqız»ı mən 25 günə yazdım.

- Nə demək istəyirsiniz «Yalqız»da?

- Yalqız, əksər yaradıcı adamların ümumiləşdirilmiş bir obrazıdır. Və daha çox, mənim mənsub olduğum 80-ci illər ədəbi nəslinin obrazıdır. O nəslin ki, yaradıcılıq taleyi zəmanənin dəyişdiyi – bir sistemin başqası ilə əvəzləndiyi, ortada uzun bir keçid dövrünün olduğu vaxta düşdülər. Və o nəsil çox şey itirdi. Deyim ki, o vaxt yaradıcılıq potensialına görə 60-cı illərin nəslindən çox nəhəng bir nəsil gəlirdi. Saday Budaqlıdan tutmuş, Afaq Məsud, Səfər Alışarlı, Eyvaz Əlləzoğlu və sairə. Bunlar hamısı böyük iddialarla ədəbiyyata gəliş imzalar idi və çox təəssüf ki, bizim ömrümüzün bir hissəsi naməlumluq dövrünə düşdü.

«Yalqız» həmin dövrdə yaradıcılıq taleyi yaşayan adamın öz içi ilə, cəmiyyətlə cəngi-cidala çıxmağıdır. Öz tənhalığının acığını cəmiyyətdən, bəxtinin gətirməməsindən, qabağına daş itələyənlərdən çıxmaq istəməsidir. Yəni yalqız adamın yalqızlığının təqsiri onun özündə yox, cəmiyyətin ona sırıdığı qayda-qanunlarda, çatışmazlıqlardadır.

- Sizcə alındı, acığını çıxa bildi?

- Yox. Yəqin ki, çıxsaydı intihara getməzdi. Ola bilsin ki, elə intihar da onun bir növ o cəmiyyətdən aldığı qisasdır. Çünki, nə ömrünü istədiyi kimi yaşaya bilir, nə də yaşamağa qoyurlar. Bu iki hissin arasında dolaşır, çaşır, sarsıntılar keçirir və axırda da kəndirə çıxır.

- Bəs siz özünüz necə, cismən, ya mənən heç kəndirə çıxmısınız nə vaxtsa, yaxud çıxmaq ehtimalınız varmı?

- Dəfələrlə o həddə çatdığım olub. Gizlətmirəm. Olub ki, hər şeydən əlimi üzmüşəm. Və elə bil yalqızın intiharı, mənim dəfələrlə eləmək istədiyim intihardır.

- Siz bacarmadınız, yalqızınız bacardı amma.

- Təbii ki.

- Siz cəsarətli idiniz, ya o cəsarətli oldu?

- Təbii mən cəsarətliyəm ki, o sarsıntılardan salamat qala bildim. Maddə, zahiri rahatlıq mənasında çox şeyləri itirsəm də, ancaq heç olmasa öz içimin rahatlığını qoruyub saxlaya bildimsə, deməli yəqin ki, mən cəsarətliyəm.

- Yazmasanız olmaz?

- Olmaz. Bu artıq xəstəhal bir vəziyyətdir. Təxminən narkotik aludəçisinin vəziyyətidir. Məni bundan çəkindirmək çox çətindir.

- Amma istəyərdiniz?

- Çox arzulamışam. Arzulamışam ki, bu ədəbi mühitdən, yazmaqdan kənar bir işim olaydı, bu sarsıntıları yaşamayaydım. Ancaq taledir də. Deyirlər hamı istədiyi kimi yox, bacardığı kimi yaşayır. Mənim də bacardığım budur.

- Bunun bir sakitləşdiricisi var?

- Var. Bu ancaq yazıb boşalmaqdır. Bir dostum var idi. Gürcü yazıçısı, Qoderi Çoxeli. Mən onun kitabını tərcümə eləmişdim Azərbaycan dilinə. O bir dəfə Bakıya kinofestivala gəlmişdi. Gördüm ki, ölüm həddindədir. Məndən xahiş elədi ki, ona 1 ay imkan yaradım. Dedi içimdə bir roman var, onu yazmaq istəyirəm. Mən də əlim çatan dostlara dedim, xahiş elədim mükün olmadı. Qoderi Çoxeli getdi və bir neçə ildən sonra intihar elədi….

- Sizi harada öldürsünlər?

- (Gülür) Mən daha çox nəqliyyatdan qorxuram. Dəfələrlə maşın da vurub məni. Məndə həmişə belə hiss var ki, maşın qəzasında öləcəm. Qalanını Allah bilir…

Həmçinin oxu
Nəriman Əbdürrəhmanlı "Ağ bayraq" (Hekayə)
Nəriman Əbdürrəhmanlı "Şeytan mövsümü" (Hekayə)
Nəriman Əbdürrəhmanlı "Yelçəkən" (Hekayə)

Şərhləri göstər

XS
SM
MD
LG