Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 10:26

«İqtisadi çətinliklər olanda bu tip cinayətlər artır»


Paytaxtda bu ilin yanvar-fevral aylarında cinayətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artıb
Paytaxtda bu ilin yanvar-fevral aylarında cinayətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artıb
- Mən məcburən Bakıda yaşayıram. Ərim isə Gəncədə tək qalır. Eşitmişik ki, şəhərdə oğurluq halları çoxalıb. Çox narahatam, hətta bir dəstə var idi, işıq sayğacı çöldədir, onu çöldən keçirirdilər, eşiyə çıxan olmasa, bilirdilər ki, evdə heç kəs yoxdur, girib evi yığırdılar. İndi deyirlər, bu adamları tutublar, amma oğurluğun kökünü ki, kəsməyiblər. Buna görə çox narahatam, kişi evdə tək qalır.

Tahirə Kərimovanın narahatlığını bölüşən Bakı sakini İlhamə Əliyeva isə deyir ki, ətraf məhəllələrdə oğurluq halları olur. Bu səbəbdən üç iti birdən saxlayırlar ki, oğrulardan qoruna bilsinlər.

ÖTƏN İLİN EYNİ DÖVRÜ İLƏ MÜQAYİSƏDƏ 4 FAİZ ARTIM

Paytaxtda cinayət hadisələrinin artmasını elə Bakı Şəhər Baş Polis İdarəsi də bildirir. İdarənin mətbuata bildirdiyinə görə, paytaxtda bu ilin yanvar-fevral aylarında cinayətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artıb.

Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən AzadlıqRadiosuna deyilənə görə, 2008-ci illə müqayisədə ötən il respublika üzrə bir çox cinayətlərdə artım müşahidə olunub. Məsələn, qəsdən adam öldürmə, adam öldürməyə cəhd çoxalıb. Amma evlənmək məqsədilə qız qaçıranların sayı azalıb.

Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi bunu onunla izah edir ki, yəqin, artıq gənclər qız qaçırmanın adam oğurluğu sayıldığını və onları 10 ilə qədər azadlıqdan məhrumetmə cəzasının gözlədiyini anlayırlar. Sovet dövründə evlənmək məqsədilə qız qaçırana cəza verəndə ona güzəşt edilirdisə, Azərbaycan Avropa Şurasına üzv olduğu üçün yeni Cinayət Məcəlləsi artıq bu faktı adam oğurluğu kimi tanıyır.

ÖTƏN İL MƏNZİL OĞURLUĞU 18 FAİZ ARTIB


Qayıdaq statistikaya. Tahirə Kərimova və İlhamə Əliyevanın narahatlığına əsas var. Ötən il mənzil oğurluğu 18 faiz artıb. Mal-qara oğruları da həmkarlarından geri qalmayıblar, statistik rəqəmlərdə onlar 11 faiz artım göstəriblər.

2009-cu ildə soyğunçuluq, dələduzluq artsa da, hədə-qorxu ilə pul tələb etmək cinayəti 42 faiz, avtomobil qaçırma isə təxminən 6 faiz azalıb.
Kamil Səlimov
Hüquq-mühafizə orqanları cinayət hallarının açılma faizinin də yüksəldiyini bildirirlər.

Sabiq polis rəisi, Elmi-Praktik Hüquq Mərkəzinin eksperti Mahmud Hacıyevin fikrincə, ötən il bəzi cinayət hadisələrinin artmasının səbəbini sosial-iqtisadi durumda axtarmaq lazımdır:

- Harada ki, işsizlik, qaçqınlıq var, dolanışıq çətindir, o ölkədə tamah məqsədilə törədilən cinayət halları da artır.

Hüquq elmləri doktoru, kriminalist Kamil Səlimov da hesab edir ki, mülkiyyət əleyhinə cinayətlərin artması sosial-iqtisadi göstəricilərin obyektiv nəticəsidir:

İQTİSADİ ÇƏTİNLİKLƏR OLANDA BU CİNAYƏTLƏR ARTIR


- Adətən, iqtisadi çətinliklər olanda – düzdür, bizim ölkəmizdə iqtisadiyyat elə də aşağı düşməyib - bu cinayətlər artır. Baxın statistikaya, bizdə nə qədər işsizlik artıb? Nə qədər banklar fəaliyyətini dayandırıb? Siz statistikaya baxanda görəcəksiz ki, bu yönümlü cinayətlərin artması obyektiv nəticədir.

Mahmud Hacıyev isə hədə-qorxuyla pul tələb etmədə azalmanı onunla izah edir ki, Sovet dövründə də bu tip cinayətlər digər oğurluq halları ilə müqayisədə daha az baş verirdi:

- Hədə-qorxu ilə pul tələb etmə xarakterinə görə açıq cinayətdir. Oğru işini gizlində görmək istəyər, niyə açıq-açığına etsin ki?

Hüquq elmləri doktoru, kriminalist Kamil Səlimov hesab edir ki, cinayətlərin motivi əsaslı şəkildə tədqiq edilməlidir. Onun fikrincə, belə köklü tədqiqatlar aparmaq üçün Kriminologiya Mərkəzi yaradılmalıdır. Mərkəzin ortaya qoyduğu nəticələr isə cəmiyyətdə cinayət hallarının azalması üçün görülən profilaktik tədbirlərin bazasını təşkil edər.
XS
SM
MD
LG