Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:40
Məşhur yazıçı, ispan ədəbiyyatının klassiki sayılan Migel Delibes martın 12-ə keçən gecə vəfat edib. (RİA-Novosti)

Delibesin 89 yaşı vardı. Uzun müddət idi ki, ağır xəstə olan yazıçı İspaniyada – doğma Valyadolid şəhərindəki evində dünyasını dəyişib.

2-ci Dünya Müharibəsindən sonra Delibes qəzetlərdə katikaturaçı işləməyə başlayır, daha sonra jurnalistliyə keçir.

Onun “Uzun kölgəli sərv ağacı” adlı ilk romanı 1948-ci ildə çap olunur və nüfuzlu Nadal mükafatına layiq görülür.

1958-ci ildə Delibes “El Norte de Castilla” qəzetinin direktoru olur.

Delibes dəfələrlə Franko diktaturasının senzurasının qəzəbinə tuş gəlir və qəzet direktorluğundan getməli olur.

Amma qəzet vasitəsilə deyə bilmədiklərini Delibes romanlarında ifadə edir.

“Siçovullar” romanı belə yaranıb (1962). Bu, Kastiliya kəndinin epik faciəsidir.

1936-39-cu illərin Vətəndaş Müharibəsinin faciəsini, 2-ci Dünya Müharibəsindən sonrakı siyasi tiraniyanın insan psixologiyasına və taleyinə mənfi təsirlərini yazıçı “Mario ilə 5 saat” əsərində əks etdirir (1966).

1998-ci ildə yazıçıda yoğun bağırsağın xərçəngi tapılır, o, əməliyyat olunur. Elə həmin ildə də onun son romanı - “Kafir” çap edilir.

Bu əsərə görə ona İspaniyada Ədəbiyyat üzrə Milli Mükafat verilir.

Bundan sonra İspaniyada Delibesin əsərlərinin tam külliyyatı çap edilir. Yazıçı külliyyata yazdığı giriş sözündə oxucusuyla açıq danışır:

“2000-ci ilə gəlib çıxsam da, bir yazıçı olaraq Migel Delibes 1998-ci il mayın 21-də əməliyyat masasında ölüb, çünki həyatımın növbəti illəri ədəbi yaradıcılıq baxımından heç bir bəhrə vermədi”.

Delibes İspaniyanın ən nüfuzlu mükafatlarından olan “Migel Servantes” ödülünə də layiq görülüb (1993).

2000-ci ildə namizədliyi Nobel mükafatına irəli sürülüb, amma mükafatı ala bilməyib. 2010-cu ilin yanvarında İspaniyanın Yazıçı və Naşirlər Cəmiyyəti yenidən Delibesin Nobel mükafatına namizədliyini irəli sürüb.

Amma İspaniyanın “Voz de Galicia” qəzeti yazır ki, indi yazıçının Nobel mükafatı almaq şansı demək olar ki, sıfra bərabərdir.

Çünki Nobel Komitəsi öz tarixində yalnız bir dəfə kiməsə ölümündən sonra mükafat verib: BMT-nin baş katibi Daq Hammarşyolda mükafat onun aviaqəzada ölməsindən sonra verilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG