Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:40
2008-ci ilin prezident seçkiləri, 2009-cu ilin referendum və bələdiyyə seçkilərində vətəndaşların öz hakimiyyətlərini dinc yolla dəyişmək hüququ məhdudlaşdırılıb.

Bu fikir ABŞ Dövlət Departamentinin 2009-cu il üçün Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatından götürülüb.

Əslində, Bakı küçələrində söhbət etdiyimiz sadə vətəndaşların çoxu da bunun fərqindədir:

SEÇKİ YOLU İLƏ AZƏRBAYCANDA NƏYİSƏ DƏYİŞMƏK MÜMKÜNDÜRMÜ?

- İstəsələr olar…

- Mümkün deyil. Azərbaycanda əvvəlcədən kimin seçiləcəyi bilinir. Bu seçki deyil ki, təyinatdır…

- Mən görməmişəm. Bunun səbəbini də siyasi rejimdə görürəm.

- Niyə olmur ki, elə hər şey seçkilərlə dəyişilir də…

- Legitim yolla hakimiyyətə gəlməyən qüvvələr, heç vaxt azad və ədalətli seçkilərə imkan verməzlər.

- Hamı bir nəfər kimi seçkiyə getsə, vəziyyəti dəyişmək olar.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə deyir ki, 2005-ci ildən sonra ölkədə vəziyyət bir qədər də ağırlaşıb. Artıq bütün seçkilər alternativsiz keçirilir və heç bir mahiyyət daşımır. Bəs görək onun fikrincə, seçkiləri formal bir prosesə çevirməkdə məqsəd nədən ibarətdir?

UZUNÖMÜRLÜ OLMAQ İSTƏYİRLƏR


Zahid Oruc
- Bir anlıq fikirləşin. Ölkədə normal parlament var, müstəqil televiziyalar var. Onda Dubayla bağlı bu mülk qalmaqalının ortalığa çıxması hansı vəziyyəti yaradardı? Hər şey aydındır. Korrupsiyayla oğurlayıblar, hansı cinayətləri işlətdiklərinin fərqindədirlər və istəyirlər ki, həm ölkədə ictimai nəzarət olmasın, həm də korrupsiyalaşmış ömürlərini uzatsınlar.

Əli Kərimli deyir ki, xalqın seçmək hüququnun özünə qaytarılmasının iki yolu var. Birincisi, hakimiyyət iradə nümayiş etdirməli, bu mümkün olmadıqda isə müxalifət birləşərək bütün narazı elektoratın gücünü səfərbər etməlidir.

SEÇKİLƏRİN ALTERNATİVSİZ KEÇİRİLMƏSİ TƏKCƏ HAKİMİYYƏTİNMİ GÜNAHIDIR?

Deputat Zahid Oruc isə düşünür ki, seçkilərin ciddi alternativlər olmadan keçirilməsinin məsuliyyətini elə müxalifətin özündə axtarmaq lazımdır. 2008-ci ilin prezident seçkilərində beynəlxalq təşkilatların da israrlarına baxmayaraq məhz indiki müxalifət boykot taktikasına üstünlük verib:

- Başa düşmürəm, alternativ qüvvələrin hakimiyyət uğrunda mübarizələrini hakimiyyət özümü təmin etməlidir? Özü onları alternativ kimi qeyd etməli, özü onların yerinə imzamı toplamalıdır? Bunun günahını hakimiyyətin üzərinə atmağın, bunu siyasi şəraitin ayağına yazmağın heç bir adı yoxdur.

Anar Məmmədli
Zahid Oruc hesabatı obyektiv saymır. Onun fikrincə, həm bu tip hesabatlarda məlumat mənbələri siyasiləşib, həm də bundan təzyiq kimi istifadə edilir.

HESABATDA VƏZİYYƏT YUMŞALDILIB

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə düşünür ki, əksinə, bu hesabatda Azərbaycandakı vəziyyət bir sıra hallarda olduqca yumşaldılıb. Əslində, söhbət xalqın seçki hüququnun məhdudlaşdırılmasından yox, əlindən alınmasından getməlidir.

Anar Məmmədli deyir ki, ölkədə azadlıqlar tanınmayana qədər heç vaxt azad və ədalətli seçkilər keçirilə bilməz. Odur ki, beynəlxalq təşkilatlar bu məsələlərlə yalnız seçkidən-seçkiyə maraqlanmamalıdır.

Şərhləri göstər

XS
SM
MD
LG