Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:31

Əliyevlərin mülkləri barədə məsələ Milli Məclisdə qaldırılacaq


«Azadlıq»:

Əliyevlərin mülkləri barədə məsələ Milli Məclisdə qaldırılacaq

«The Washington Post» qəzetində Əliyevlərin dubaydakı mülkləri barədə dərc edilən məqalə hələ də müzakirə mövzusudur. Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn deyib ki, Milli Məclisdə hökumətin hesabatı zamanı qəzetin qabartdığı faktlara toxunacaq:

«Bu məsələ ilə bağlı ümumi müxalifətin mövqeyi ilə mənim mövqeyim üst-üstə düşür. Mən də hesab edirəm ki İlham Əliyev yazılanlara izahat verməlidir».

Müsavat deputat qrupunun digər üzvü Arzu Səmədbəyli də öz həmkarının fikrini dəstəkləyir

«Bizim yol»:

Türkiyəli professorlar Əlövsət Osmanlının müdafiəsinə qalxdılar

Türkiyənin Süleyman Dəmirəl, İstanbul, Yıldız Teknik, Mersin, Doğu Akdeniz, Okan, Sinop, Tekirdağ universitetlərindən olan bir qrup professor obbudsman Elmira Süleymanovaya müraciət ediblər. Onların arasında professorlar Qeybulla Ramazanoğlu, Elimxan Mahmudov, Biləndər Allahverdiyev, Abbas Əzimov və başqaları da var.

Müraciətdə fizika-riyaziyyat elmləri namizədi Əlövsət Osmanlının Təhsil Nazirliyinin Qiymətləndirmə Şurasının üzvlərinin Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə ilə məhkəməyə verməsindən narazılıq ifadə olunub. Müraciət müəllifləri bildiriblər ki, Azərbaycanın təhsil sistemində istifadə olunan dərsliklərdə kifayət qədər qüsurların olduğunu nüfuzlu alimlərdən, pedaqoqlardan tutmuş ibtidai sinif şagirdlərinə qədər hamı yaxşı bilir: «Amma nə yazıq ki, bu problemlər haqqında toplumun eşidə biləcəyi səslə danışan, nöqsanları konkret faktlarla açıqlayıb göstərənləri barmaqla saymaq olar».

«Yeni Müsavat»:

ARDNŞ-də stul qoymağa yer yox imiş...

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) keçirdiyi tədbirlərə «Yeni Müsavat» qəzetini bir qayda olaraq dəvət etmir..
ARDNŞ-nin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin verdiyi məlumata görə, şirkətin tədbirlərinə yalnız telekanallar və agentliklər dəvət edilir: «Çünki kütləvi informasiya vasitələri çoxdur, yerimizsə azdır. Tədbir keçirmək üçün yerimiz darısqaldır. Belə düşünürük ki, televiziya və agentliklər tədbirləri daha operativ işıqlandıra bilirlər. Hər bir qəzet də gündəlik iki-üç agentliyin məlumatını alır».
N.Quliyevin sözlərinə görə, şirkətin mətbuat konfransı keçirmək üçün nəzərdə tutduğu məkan genişləndirilərsə, qəzetlərin tədbirə dəvət edilməsi müzakirə edilə bilər: “Yerimiz genişlənəndə bunu nəzərə alacağıq. Ancaq bilmirdim ki, mətbuatın bizim keçirdiyimiz tədbirlərə marağı var».

«Yeni Azərbaycan»:

YAP regionun ən nüfuzlu partiyasıdır


«Yeni Azərbaycan Partiyasının sıralarının günü-gündən genişlənməsi partiyamızın atdığı bütün addımların, prinsiplərin xalqın maraqlarına hesablanması ilə əlaqəlidir».
Bu sözləri YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov söyləyib. Onun sözlərinə görə, Azərbaycanda elə müxtəlif partiyalar var ki, onlar hər il nizamnamələrinə dəyişikliklər edirlər: «Bu gün Azərbaycanda 50-yə yaxın siyasi partiya qeydiyyatdan keçib və bu partiyaların əksəriyyəti hər il öz nizamnamələrinə dəyişikliklər edirlər. Bununla belə, bu partiyalar öz sıralarına heç kəsi cəlb edə bilmirlər. Amma 1992-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən nizamnaməsi yazılmış Yeni Azərbaycan Partiyasının proqramına ötən müddət ərzində bir cümlə də olsun dəyişiklik edilməyib».

«Azərbaycan»:


Milli Onkologiya Mərkəzi ilə «Beynəlxalq Onkoloji Yardım» Təşkilatı arasında Memorandum imzalanıb

İtaliyanın «Beynəlxalq Onkoloji Yardım» İctimai Təşkilatının ölkəmizdə səfərdə olan mütəxəssisləri martın 11-də Milli Onkologiya Mərkəzində olmuşlar. Mərkəzin baş direktoru, akademik Cəmil Əliyev Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar barədə ətraflı məlumat vermişdir. İtaliyalı mütəxəssislər Milli Onkologiya Mərkəzinin fəaliyyətini, burada xəstələrin hərtərəfli müayinəsi və müalicəsi üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişlər.
Sonra Milli Onkologiya Mərkəzi ilə "Beynəlxalq Onkoloji Yardım" təşkilatı arasında Memorandum imzalanmışdır. Sənədə əsasən C.A.İ Onlus onkoloji xəstələrin müayinəsi, müalicəsi, eləcə də kadr hazırlığı sahələrində, habelə tibbi avadanlığın alınmasında Azərbaycana yardım göstərəcəkdir. Azərbaycanlı həkimlər İtaliyada ixtisasartırma kursları keçəcək, italiyalı mütəxəssislər isə Bakıda treninqlər təşkil edəcəklər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG