Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:36

Qorbaçov Azərbaycanda sevilmədiyini bilir


Aleksandr Yakovlev və Mixail Qorbaçov, 17 dekabr 1989

Aleksandr Yakovlev və Mixail Qorbaçov, 17 dekabr 1989

1985-ci il martın 11-də Sovet İttifaqı Kommunist Partiyasının Baş Katibi vəzifəsinə gələn Mixail Qorbaçov az sonra aşkarlıq, yenidənqurma məzmunlu çıxışları ilə demək olar hər şeyi dəyişdi. İndi bəlkə də onu Qərb ölkələrində Soyuq müharibəyə, SSRİ kimi bir rəqibin mövcudluğuna son qoyan bir qəhrəman kimi anırlar, Nobel Sülh Mükafatına sahibdir. Amma SSRİ məkanında, bəlkə ən çox da Azərbaycanda onu başqa epitetlərlə tanıdırlar...

Qorbaçov özü də Azərbaycanda sevilmədiyini bilirmiş. Bu yaxınlarda Moskvada jurnalistlərlə söhbətində Bakıda sevilməməsinin səbəbindən də danışıb:

GUYA MƏN AZƏRBAYCANLILARI SEVMİRƏM

- Mənə elə gəlirdi ki, necə də olsa, Dağlıq Qarabağı müdafiə etmək lazımdır. Elə etmək lazım idi ki, onların azad, normal şəkildə Yerevanla əlaqələri qurulsun. Onlara respublika statusu verilsin. Amma mənim bu təkliflərimi elə qəbul edirdilər ki, guya mən azərbaycanlıları sevmirəm, ermənilərin tərəfini tuturam, nə qədər də səfeh fikirdir.

Amma Azərbaycanda Qorbaçovu yaxından tanıyanlar deyirlər ki, o, həqiqətən də Qarabağ münaqişəsində Ermənistanın tərəfini tuturdu. Keçmiş SSRİ Ali Sovetinin Azərbaycandan olan deputatı kimi dəfələrlə Qorbaçovla görüşmüş yazıçı Anar deyir ki, ən azı 1990-cı ilin 20 yanvarında Bakıda dinc mitinqçiləri qırdığına görə Azərbaycan xalqı onu unutmayacaq:

MƏNİM ÜÇÜN İKİ QORBAÇOV VAR

- SSRİ Ali Sovetinin deputatı olanda bir neçə dəfə görüşmüşdük. Mənim üçün iki Qorbaçov var. Biri Sovet İttifaqının dağılmasında, bununla da bizim respublikaların müstəqil olmasında xidmətləri olmuş bir adamdır. Bunu mən tarixin mütərəqqi hadisəsi hesab edirəm ki, bu Sovet İttifaqı dağıldı və hər xalq özü müstəqil oldu.
Anar
Burada da Qorbaçovun rolu var.

Bir də ikinci Qorbaçov var. O da Azərbaycan xalqına divan tutmuş bir adamdır. Ona Qara Yanvarı, Qarabağ məsələsində ikibaşlı mövqeyini biz heç vaxt bağışlamayacağıq. Azərbaycana qarşı ədalətsiz mövqeyini mən də ona heç vaxt bağışlamayacam.

- Anar müəllim, bu yaxınlarda Qorbaçov müsahibəsində deyib ki, Qarabağa hespublika statusu verməyi təklif edirmiş. Amma sonradan bu alınmayıb. O zaman belə bir söhbət eşitməmişdiniz?

BÜTÜN MÜBAHİSƏLƏR DƏ BUNDAN BAŞLADI

- O vaxt biz Naxçıvan Muxtar Respublikası olduğu kimi Qarabağa da Azərbaycanın tərkibində Muxtar Respublika statusu verilməsinə hazır idik. Amma Ermənistan buna razı deyildi. Bütün mübahisələr də bundan başladı. Əvvəl belə başladılar ki, guya Qarabağda iqtisadi vəziyyət ağırdır. Sonra məlum oldu ki, bunların hamısı yalandır, əsas məqsəd Qarabağı Azərbaycandan ayırıb Ermənistana qatmaqdır.

Amma Qorbaçov artıq bir tarixdir. O, az qala hər şeyi ilə, hakimiyyətə gəlməsi, qalmaqallı hakimiyyət illəri, vəzifədən düşürülməsi, sonra müxalifətin dəstəyi ilə təzədən hakimiyyətə qaytarılması, az sonra yenidən istefa verməsi ilə - hər şeyi ilə tam bir tarix yazdı. O, Sovet İttifaqının tarixində ilk dəfə 1991-ci il dekabrın 25-də sovet insanına ali rəhbərin istefa çıxışını da eşitdirdi.

Mixail Qorbaçov bu məşhur istefa çıxışından beş il sonra - 1996-cı ildə Rusiyada keçirilən prezident seçkisində şansını bir daha sınadı, amma ona səs verənləri sayı cəmi bir faiz oldu.

79 yaşlı Qorbaçov deyəsən, yenə də özünü şanslı bilir. Son vaxtlar Rusiya rəhbərlərinin ünvanına kəskin tənqidlər səsləndirir, siyasi partiya yaradıb hakimiyyət uğrunda mübarizə aparacağına işarələr vurur.

Şərhləri göstər

XS
SM
MD
LG