Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:14
«Forbes» jurnalının baş redaktoru Stiv Forbes Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bildirib ki, dünyanın ən varlı adamlarının yeni siyahısında yeni milyarderlərin sayı ona işarədir ki, dünya iqtisadiyyatı böhrandan tədricən çıxır:

1011 MİLYARDERƏ 3,6 TRİLYON DOLLAR

«Milyarderlərin sayı ötən il 793 olsa da, bu il bu rəqəm 1011-ə çatıb. Onların ümumi varidatı 3,6 trilyon dollar məbləğində qiymətləndirilir. Bu rəqəm ötən il 2,4 trilyon dollar idi. Bu o deməkdir ki, dünyanın ən varlı şəxslərinin ümumi varidatı bir ildə 50 faiz artıb».

2009-cu ildə qlobal maliyyə böhranı 300-ə yaxın şəxsin milyarderlər klubundan çıxmasına səbəb olub. Bu il onlardan 164-ü yenidən siyahıya qayıdıb. 97 nəfərin adı isə ilk dəfə bu siyahıya düşür. Dünyada orta milyarderin varidatı 3,5 milyard dollar məbləğində qiymətləndirilir. Bu, ötən illə müqayisədə 500 milyon dollar çoxdur.

BİL QEYTS GERİDƏ QALDI

Başgicəlləndirici varidata sahib olan bu insanlar dünyanın 55 ölkəsini təmsil edir. Bu ölkələrdən cəmi ikisi – Finlandiya və Pakistan ilk dəfədir ki, bu siyahıya düşüb. Ən böyük sürpriz isə dünyanın ən varlı şəxsi ilə bağlıdır. Meksikalı telekommunikasiya maqnatı Karlos Slim 53,5 milyard dollarlıq varidatı ilə nəhayət ki, 10 ildən çox müddətdə siyahıya rəhbərlik edən Bil Qeytsi arxada qoyub.

«Microsoft»un həmtəsisçisi Bil Qeyts ikincidir. Onu amerikalı investor Varen Baffet izləyir. Həm Geyts, həm də Baffet ötən illər ərzində xeyriyyə məqsədi ilə milyardlarla dollar pul xərcləyiblər. Karlos Slimin onları arxada qoymasının da səbəbi onların əliaçıqlığı olub.

Karlos Slim
Milyarderlərin sayına görə Asiya öndə gedir. Ötən illə müqayisədə bu qitədə milyarderlər iki dəfə artıb. Onların çoxu Çindəndir. Amerika isə geriləyir. Adətən Amerika həmişə milyarderlərin yarısı Amerikadan olurdu. İndi isə milyarderləri yalnız 40 faizi ABŞ vətəndaşlarıdır.

VARLILARIN 10 FAİZİ QADINDIR

Milyarderlər siyahısında 12 yeni qadının adı var. Ümumiyyətlə isə bu siyahıda qadınların sayı 89-dur. Bu da dünya milyarderlərinin 10 faizi deməkdir. Ən gənc milyarder isə onlayn sosial şəbəkə saytı olan «Facebook» sosial şəbəkəsinin yaradıcısı 25 yaşlı amerikalı Mark Zukerbergerdir. Onun varidatı 4 milyard dollar məbləğində qiymətləndirilib.

«Forbes» jurnalı dünya milyarderlərinin maliyyə vəziyyətini öyrənmək və varidatının məbləğini qiymətləndirmək üçün dünyanın 13 ölkəsində 40 reportyorun xidmətindən istifadə edib. Jurnalın redaktoru Luiza Krol deyir ki, onlar varlı adamlara varidatlarını müəyyənləşdirmək üçün sorğular göndərirlər. Üç cür cavab alırlar. Bir qrup milyarder «Forbes» jurnalını inandırmağa çalışır ki, onların varidatı əslində daha çoxdur. İkinci qrup jurnalla əməkdaşlıq edir, ancaq bütün məlumatları açıqlamır. Üçüncü qrup isə ümumiyyətlə əməkdaşlıqdan imtina edir və siyahıda adının olmasını istəmir.

RUSİYA MİLYARDERLƏRİNİ MÜƏYYƏNLƏŞDİRMƏKDƏ ÇƏTİNLİKLƏR VAR

Kroll deyir ki, Rusiyadakı milyarderlərin çoxu məhz bu üçüncü kateqoriyaya aiddir. Redaktorun sözlərinə görə, ən çətin iş də jurnalın Rusiyadakı müxbirlərinin işidir. Onlar məlumatları dəqiqləşdirməkdə çətinlik çəkirlər.
Yelena Baturina
Buna ən yaxşı nümunə kimi Moskva meri Yuri Lujkovun həyat yoldaşı Yelena Baturinanı göstərir. Onun varidatı 2,9 milyard dollar məbləğində qiymətləndirilir:

«Onun varidatını qiymətləndirmək həmişə çətin olub. Ancaq göz dəyməsin, bu il o qədər də çətin olmadı. İndiyə qədər də heç bir şikayət daxil olmayıb. Keçmişdə isə «Forbes-Rusiya» jurnalında onun varidatı haqqında məqalə yazılanda problemimiz olmuşdu. Bu dəfə də görək də...»

Kroll deyir ki, Baturuna onun maliyyə vəziyyəti ilə bağlı yazan media orqanlarına qarşı aqressivliyi ilə tanınır. 2007-ci ildə onun rəhbərlik etdiyi «İnteko» şirkəti «Forbes-Rusiya» jurnalını məhkəməyə verib udmuşdu. 2010-cu ildə isə «Sunday Times of London» qəzetini məhkəməyə vermişdi. Səbəb isə qəzetin Baturinanın Londonda bahalı əmlak almağa hazırlaşmasıyla bağlı məqaləsi olmuşdu.

PULLAR NİYƏ GİZLƏDİLİR?

Milyarderlər adətən öz varidatlarını olduğundan daha az göstərməyə çalışırlar. Burda şəxsi təhlükəsizlikdən tutmuş, rəqib şirkətin onun varidatı haqqında məlumat əldə etməsini istəməməyə qədər səbəblər ola bilər. Jurnalın baş redaktoru Forbesin dediyinə görə, ailə problemi də səbəblərdən biridir. O deyir ki, bir neçə il əvvəlki siyahıda adı keçən şəxslərdən biri çox kəskin etirazını bildirib. Səbəb varidatının düzgün qiymətləndirilməsi yox, onun boşanmaq ərəfəsində olması idi. Söhbət təzminat verməkdən gedir...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG