Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:17
İçəridəkilər qadının hıçqırtısına bir–bir bayıra çıxırlar.

60-65 yaşlarında, ilk baxışda rusları xatırladan, bəstəboylu, dolubədənli qadın Avropa Şurasının Azərbaycandakı İnformasiya ofisinin girişindəki divana sərilib, ofisin işçiləri onun başına toplaşıb, özünə gətirməyə çalışırlar.

Roza Dulatova dərdini Avropa Şurasının İnsan haqları üzrə komissarı Tomas Hammarberqə deməyə gələnlərdən biridir. Bu dəfə elə həyəcanlanıb ki, ürəyi sıxılıb, içəri keçə bilməyib.

Bakı ofisinin işçiləri deyirlər ki, Dulatova adətən Strasburqdan qonaq gələndə bura gəlir. Deyir ki, əli hər yerdən üzülüb, ümidi Avropa Şurasınadır:

«Kömək üçün gəlmişəm, bu özbaşınalığa son qoymaq lazımdır. Prezidentə teleqram vurdum. Heç bir cavab gəlmədi. İnsana bu qədər istehza etmək olmaz, öz mənzilindən bu cür zorla çıxarmaq olmaz. Pul yığmaq üçün etdilər bunu.
Roza Dulatova
Bağışlayın, mənə çətindir, danışa bilmirəm...».

«PREZİDENTƏ DEYİN Kİ, MƏMURLARIN TƏPİYİ ALTINDA YUVARLANIRIQ»

... Bu hadisədən təqribən yarım saat qabaq isə Hammarberqin mətbuat konfransında orta yaşlı bir kişi jurnalistlərin sözünü kəsir və özünü irəli atır.

Hikmət İsmayılov Bakıda, Füzuli küçəsində «Qış parkı»nın salındığına görə evi sökülənlərdəndir:

«Xahiş edirəm ki, sözümüzü İlham Əliyevə çatdırın ki, biz belə bir vəziyyətdəyik. Biz məmurların təpiyi altında ora-bura yuvarlanan adamlarıq. Keçən dəfə altı qadını sürüyə-sürüyə apardılar polisə. Budurmu demokratiya?! Yəqin ki, Azərbaycan xalqı başqa demokratiyaya layiq deyil».

Hüquq müdafiəçisi Çingiz Qənizadə deyir ki, o da Tomas Hammarberqlə görüşə gedəndə Bakı ofisində 30-a yaxın şikayətçi görüb. Qənizadə hesab edir ki, bu, insanların ölkə daxilində hüquqlarının qorunmamasının göstəricisidir:

Hikmət İsmayılov
«O insanlar bilsəydilər ki, adi qaydada, Konstitusiyanın verdiyi hüquqlar çərçivəsində hüquqlarını bərpa edə biləcəklər, heç vaxt beynəlxalq təşkilatların qapısında əziyyət çəkməzdilər».

Avropa Şurasının Bakı ofisinə tez-tez mətbuat konfransına gələn jurnalistlər deyirlər ki, bura ən müxtəlif hüquq pozuntuları üzrə şikayətçilər gəlir. Seçkinin nəticəsindən narazı qalmış namizəddən tutmuş, qeydiyyatdan keçə bilməyən partiya sədrinə kimi. Amma deyəsən, əbəs yerə. Şuranın rəsmiləri onları ancaq dinləyirlər.

İnformasiya ofisinin direktoru İlqar İbrahimli deyir ki, onların şikayət qəbul etmək hüququ yoxdur:

«Avropa Şurasının şikayətləri qəbul etməli yeganə orqan Avropa İnsan Haqları Məhkəməsidir. Biz sadəcə, həmin şikayətçiləri bu məhkəməyə necə müraciət etmək barədə ərizə formaları ilə təmin edirik. Həmin formalar bizim internet səhifəmizdə də var».

Avropalı qonaqlardan imdad gözləyən Roza Dulatova də geri çəkilmək fikrində deyil. Deyir ki, bu dəfə Hammarberqlə görüşə bilmədi, amma yenə də gözdə - qulaqda olacaq ki, növbəti avropalı gələndə dərdini ona da danışsın. Son ümid yeri kimi.

Şərhləri göstər

XS
SM
MD
LG