Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:58

«Azərbaycanda 60 minə yaxın sənədsiz şəxs yaşayır»


Çin vətəndaşları «Sədərək» Ticarət Mərkəzində, 25 fevral 2007

Çin vətəndaşları «Sədərək» Ticarət Mərkəzində, 25 fevral 2007

«DEDİLƏR AZƏRBAYCAN VƏTƏNDAŞI SAYILMIRSAN»

«12 ildir Nəsimi rayonundakı evimizi satıb Yasamal rayonunda ev almışıq, amma ora qeydiyyata düşə bilmirik. Miqrasiya idarəsindən sonuncu aldığım cavab da o olub ki, sən 12 ildir qeydiyyatda olmadığın üçün vətəndaşlıqdan silinmisən. Azərbaycan vətəndaşı sayılmırsan. 2 uşaqla hər şeydən təcrid olunmuş vəziyyətdə yaşayırıq. Nə işləyə bilirəm, nə də uşaqpulu, yaxud sosial yardım ala bilirəm».

Bu, Bakı sakini İradə Əliyevanın dedikləridir. O bildirir ki, qeydiyyatda olmadığına görə vaxtında şəxsiyyət vəsiqəsi də ala bilməyib. Hazırda olmayan dövlətin - SSRİ–nin pasportu ilə yaşayır. Sovet pasportu ilə də nə ölkədən çıxmaq, nə də vətəndaşlığını qəbul etmək üçün hər hansı ölkənin ərazisinə daxil olmaq mümkün deyil.

İradə Əliyeva hesab edir ki, Dövlət Miqrasiya Xidməti polisin və digər strukturların vasitəsilə araşdırma aparıb məsələyə bir əncam çəkə bilər.
Amma etmirlər. Əvəzində məhkəmələr rəsmi müraciətlərini bir-birinin ardınca itirir. Pasport qeydiyyatı idarəsinin rəisi isə tez–tez yenisi ilə əvəzlənərək ili ilə calayırlar.

Artıq oğlu böyüyüb və o da hərbi komissarlıqda qeydiyyata düşə bilmir.

Dövlət Miqrasiya Xidməti miqrasiya şöbəsinin müdir müavini Vahid Qəhrəmanov isə deyir ki, onların əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər barəsində qəbul etdikləri hər bir qərar qanunvericilik aktlarına əsaslanır. Bu qərarı şəxs müsbət və ya mənfi kimi qəbul edə bilər. Əsas odur ki, Dövlət Miqrasiya Xidməti mövcud əsasnamə və səlahiyyətləri çərçivəsində fəaliyyət göstərir. Və quruma müraciət edənlərin heç də hamısı onlardan məhkəmə, QHT və sair yerlərə şikayət etmirlər. Barəsində müsbət qərar çıxarılanlar da, rastlaşdıqları mənfi qərarın qanuniliyini anlayıb narazı qalmayanlar da olur:

HÜQUQUNUN POZULDUĞUNU DUŞÜNƏN ŞƏXSLƏR MƏHKƏMƏLƏRƏ MÜRACİƏT EDƏ BİLƏRLƏR

«Aydın məsələdir ki, bütün şəxslər onların barəsində qəbul edilmiş qərarlardan razı ola bilməzlər.
Vahid Qəhrəmanov
Və bununla bağlı da qanunvericilik aktlarında nəzərdə tutulub, eləcə də bizim qəbul etdiyimiz qərarlarda da göstərilir ki, hüququnun pozulduğunu duşünən şəxslər məhkəmələrə müraciət edə bilərlər. Ancaq bu o demək deyil ki, hər müraciət edən şəxsin hüququ həqiqətən də pozulub».

Cənab Qəhrəmanovun sözlərinə görə, qəbul edilmiş qərardan narazı şəxslər arasında sözsüz ki, məhkəmələrə müraciət edənlər də var. Ancaq indiyədək instansiyasından asılı olmayaraq keçirilən məhkəmə proseslərində qəbul edilmiş qətnamələr hər bir halda Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində verilmiş qərarın düzgün olduğunu təsdiqləyib.

Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi deyir ki, QHT-lərə müraciət edən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər isə bir sıra hallarda özləri barədə həqiqi məlumatlar təqdim etmirlər. Bunu onların apardığı araşdırmalar təsdiqləyir.

Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyevin fikrincə isə, məhkəmə qətnamələrinin Dövlət Miqrasiya Xidmətinin qərarları ilə üst-üstə düşməsi heç də müqrantların işinə obyektiv baxlması anlamına gəlməməlidir. Çünki ölkədə məhkəmələr müstəqil deyil və onlar Dövlət Miqrasiya Xidmətinin qərarlarının əleyhinə gedə bilməzlər:

YÜZLƏRLƏ FAKTLAR VAR

«Yüzlərlə faktlar var ki, Azərbaycanda doğulub Bakıda daşınmaz əmlaka sahib olan, lakin vətəndaşlıq haqqında qanun qüvvəyə mindiyi gün Azərbaycanda faktiki qeydiyyatda olmayan şəxslərə arayışlar verilir ki, siz Azərbaycan Respublikasının vətəndaşları deyilsiniz».

Əlövsət Əliyev hesab edir ki, respublikada miqrasiya sahəsində kifayət qədər problemlər mövcuddur. O martın 9-da açıqladığı miqrasiya problemlərinə dair alternativ hesabata əsasən deyir ki, 2009-cu il ərzində mövcud problemləri ilə bağlı Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinə müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıb. Keçən il onlara 5 minə yaxın müraciət daxil olub. Bunun 60 faizə qədərini Azərbaycan, 40 faizini isə Gürcüstandan Hindistana qədər müxtəlif ölkələrin vətəndaşları təşkil edir:

Əlövsət Əliyev
«İl ərzində xaricə getmək üçün müraciət edənlərin sayı 2195 nəfər olub. Onlardan 1912 nəfəri Azərbaycan vətəndaşı, 283–ü isə ayrı-ayrı ölkələrin Azərbaycanda daimi yaşayan vətəndaşlarıdır. Gedənlərin 31 faizi Azərbaycanda iqtisadi fəaliyyət üçün normal şəraitin olmadığını və korrupsiyanın geniş yayılmasını, 13 faizi uşaqlarına normal təhsil verilməsinə şərait olmadığını, 23 faizi daha yaxşı yaşamaq istədiyini bildirənlərdir və sairə».

Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, hazırda Azərbaycanda 1954 nəfər vətəndaşlığı olmayan şəxs var.

Əslində isə Azərbaycanda 60 minə yaxın sənədsiz şəxs yaşayır. Bunu deyən Əlövsət Əliyevə görə, hətta internat məktəblərində əcnəbilərdən doğulmuş və artıq 13 yaşa çatmış uşaqlar var ki, doğum haqqında şəhadətnamə ilə də təmin olunmayıblar və onlara sənəd almaq mümkün deyil.

QANUNDA BOŞLUQLAR VAR

Dövlət Miqrasiya Xidmətindən Vahid Qəhrəmanov bu cür hallara münasibət bildirərkən qanunvericilikdə müəyyən boşluqların olduğunu etiraf edir. Amma deyir ki, qanunvericilikdə təkmilləşdirmənin aparılması, qanunların beynəlxalq normalara uyğunlaşdırılması bu problemləri aradan qaldıracaq. Əlövsət Əliyevə görə isə dövlət vaxt itirmədən sənədsiz şəxsləri vətəndaşlığı olmayanlar üçün nzərdə tutulmuş şəxsi vəsiqə ilə təmin etməlidir.

Çünki sənədsiz insanlar əmək müqaviləsi və notarial qaydada təsdiq olunmuş müqavilələr bağlaya bilmir, tibbi və hüquqi yardımdan, pensiya təminatı hüququndan istifadə edə bilmirlər. Onlar zorakılıq hallarına məruz qaldıqda hüquq mühafizə orqanlarına müraciət etməkdən çəkinir və beləliklə də tədricən başqalarından asılı vəziyyətə düşərək sonda insan alveri kimi cinayətlərin qurbanına çevrilirlər.

Əlövsət Əliyevin sözlərinə görə, rəsmi məlumata əsasən 2009-cu ildə 600-ə yaxın əcnəbi ölkədən inzibati qaydada çıxarılıb. Ancaq həmin il, onun rəhbərlik etdiyi mərkəzə 1000-dən çox sənədsiz adam müraciət edib.

Şərhləri göstər

XS
SM
MD
LG