Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:05

AzadlıqRadiosunun saytına girmək mümkün olmayanda...


Bir neçə internet provayderi vasitəsilə AzadlıqRadiosunun saytı açılmayıb
Bir neçə internet provayderi vasitəsilə AzadlıqRadiosunun saytı açılmayıb
«Şənbə günü günorta AzadlıqRadiosunun saytına normal şəkildə, yəni brauzerlə girə bilmirdim. Facebook-da yazdım ki, çətinliyim var və gördüm ki, tək mən deyiləm, digər provayder istifadəçilərində də eyni problem var».

FİLTR VAR, YA YOX?

Şənbə və bazar, eləcə də bazar ertəsi günləri Azadliq.org internet səhifəsini açmaqda çətinlik çəkən təkcə Firudin olmayıb. Onun istifadəçisi olduğu «Uninet» də daxil olmaqla bir neçə internet provayderi vasitəsilə AzadlıqRadiosunun saytı açılmayıb. Firudin deyir ki, problemin səbəbini öyrənmək üçün «Uninet»in ofisinə müraciət edib, maraqlanıb ki, sayta filtr qoyulub, ya yox. Amma texniki şöbədən filtr və ya sayta qarşı hər hansı hücumun olmasını inkar ediblər, deyiblər ki, problem provayderdə deyil.

Radionun saytının açılmadığı digər provayderlərin də izahı eyni olub. «AzerOnline»dan bir neçə saytın, o cümlədən ABŞ səfirliyinin də saytının açılmasında problemin olduğunu təsdiqləsələr də, bunun provayderlə bağlı olmadığını deyiblər. «Elcell»dən də sözügedən sayta qarşı hər hansı qərəzin olmasını mümkün hesab etməyiblər:

«Bəzən belə problem yaranıb, səbəb ya saytın özündə ola bilir, bəzən də problem internetdən qaynaqlanır. Amma bizdə heç bir texniki problem qeydə alınmayıb». Çoxsaylı istifadəçilərin, həmçinin radio əməkdaşlarının özlərinin qeydlərinə görə Azadliq.org saytına girişlə bağlı problemlər «Bakinter.net», «Ultel», «Connect» və başqa provayderlərdə də müşahidə olunub, heç problem qeydə alınmayan provayder isə «Azeurotel» olub.

RADİO RƏHBƏRLİYİ TƏDBİR GÖRÜR

AzadlıqRadiosunun rəhbərliyi hazırda saytla bağlı yaranmış problemin səbəblərini araşdırır. Amma texniki şöbənin ilkin qənaətinə görə, saytın hostinqində heç bir problem qeydə alınmayıb. Radio rəhbərliyi səhifəyə haker hücumu ehtimalına qarşı da tədbirlər görür, yəni bu ehtimal özünü doğruldacağı halda, oxucuları sayta yerləşdirilən materiallarla təmin etmək üçün müvafiq tədbirlər hazırlayır.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə deyir ki, Azərbaycanda fəaliyyət göstərən bütün provayderlər interneti bir nöqtədən – «Deltatelecom» şirkətindən alırlar. Bütün deyil, məhz bir qrup provayderdə səhifənin açılmaması isə o deməkdir ki, problem «Deltatelecom» şirkətində deyil.
Osman Gündüz
Osman Gündüzün dediyinə görə, ümumiyyətlə, buvaxtadək hər hansı səhifəyə blok qoyulanda bunu dərhal müəyyənləşdirmək mümkün olurdu, amma bu dəfə vəziyyət fərqlidir.

BU, YENİ PROBLEMDİR...

«Həm ona görə ki, səhifənin açılması bəzi provayderlərlə baş verir, bəziləri ilə yox. Eyni zamanda bir neçə digər ciddi saytlarda da belə problemlər yaşanır. Təbii ki, burda müxtəlif versiyalar ola bilər, texniki versiya da ola bilər və düşünürəm ki, texniki versiyaları yaradan canlı versiyalar da ola bilər. Biz hələ ki, mütəxəssislərlə birlikdə bu məsələni araşdırırıq, yekun rəy olan kimi onu ictimaiyyətə açıqlayacağıq».

Amma problem öz həllini tapıncaya qədər internet istifadəçiləri açılması mümkün olmayan saytlara, o cümlədən AzadliqRadiosu.az – domeni vasitəsilə də girə bilərlər. Bunu fəal internet istifadəçisi Anar Orucov deyir.

ALTERNATİV ÜNVANLAR

«Blok olunan saytları açmaq üçün belə bir sayt da var – «hidemyass.com», bu ünvana girib açılmayan saytın adını yazıb ora girmək olar. Ümumiyyətlə, blok qoyularkən «www»-dan istifadə olunur. Bundan başqa çoxlu sayda xüsusi portalları var ki, onlar vasitəsilə daxil olmaq olar».

Qeyd edək ki, «vtunnel.com» və ya «meni.info» saytları da mövcuddur ki, bura daxil olub blok olunmuş saytın ünvanını - URL yazmaqla da həmin saytlara girmək mümkündür.

Saytlara blok qoyulurmu?
Gözlə
Embed

No media source currently available

0:00 0:00:45 0:00
XS
SM
MD
LG