Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:14

20 milyonluq film 2 milyard 500 milyonluğu qabaqladı


Ketrin Biqelou
Ketrin Biqelou
«Oskar» mükafatının 82 illik tarixində ilk dəfədir ki, qadın ən yaxşı rejissor seçilib.

Amerikanın Kinoakademiyası Ketrin Biqelounu nəinki ən yaxşı rejissor kimi «Oskar» mükafatına layiq görüb, eyni zamanda Biqelounun «The Hurt Locker» filmini də ən yaxşı film hesab edib.

Adı «çıxılmaz, qaçılmaz ağrı» və ya «küncə sıxılmış» kimi tərcümə oluna bilən film İraqda partlayıcı qurğuları zərərləşdirən Amerika əsgərlərinin təhlükəli həyatından bəhs edir.

Biqelou mükafatı alanda deyib:

«Bu, həyatım boyu unuda bilməyəcəyim andır. Bunu başqa cür ifadə etmək olmaz. Çünki belə güclü film ustalarının arasından seçilmək qeyri-adi haldır».

BƏS «AVATAR»?

«The Hurt Locker» filmi 6 nominasiyada «Oskar» alıb. Filmin uğuru böyük sensasiya hesab olunur. Çünki filmə çəkilən xərc çox az idi və nümayişi də çox pul gətirməmişdi.

Film ekranlara çıxandan bilet satışından cəmi 20 milyon dollar gəlir gətirib. Bu da Hollivud miqyasında çox azdır.



Ekranlara çıxandan bilet satışından 2 milyard 500 milyon dollar gəlir gətirən və bununla da dünya tarixində ən gəlirli film olan «Avatar» isə cəmi 3 «Oskar» ala bildi. O da sırf texniki kateqoriyalarda.

«Avatar»ı çəkən rejissor Ceyms Kameron ən yaxşı rejissor adına irəli sürülmüşdü, ancaq evə əliboş qayıdır.

Maraqlıdır ki, ən yaxşı rejissor seçilən Biqelou Kameronun keçmiş həyat yoldaşıdır. Onlar ayrılsalar da, rəsmən boşanmayıblar.

ƏN YAXŞI AKTYOR ANASINA VƏ ATASINA MİNNƏTDARDIR

Ən yaxşı aktyor kimi «Oskar» mükafatı Ceff Bridcsə verilib. O «Dəli ürək» filmində yaşlanan, gündən-günə geri gedən müğənni obrazını yaratmağına görə bu mükafata layiq görülüb.

Ceff Bridc
Aktyor tənqidçilərin də yüksək qiymətini almışdı.

Bridcsin özü aktyor ailəsindən çıxıb və mükafatı alanda ilk növbədə öz valideynlərinə təşəkkür edib:

«Bu peşəyə yönəltdiklərinə görə anama və atama minnətdaram. Mənim anam, atam şou-biznesi çox sevirdilər. Yadımdadır, anam öz rolunu məşq edəndə bizi ətrafına yığıb, tamaşa göstərirdi, atam məni qucağına alıb, aktyorluq sənətinin əsaslarını öyrədirdi. Bu mükafat həm də onlarındır».

Ən yaxşı aktrisa isə Sandra Ballok seçilib. Onun oynadığı rol həqiqətən olmuş hadisədə real qadındır.

Bu qadın evsiz-eşiksiz oğlanı götürərək, onu futbol ulduzu edib.

«Qaranlıq üz» adlanan filmdəki rolu ilə Ballok «Culia və Culia» filmindəki Meril Strip kimi ulduzu qabaqlayıb.

Ən yaxşı xarici film üçün «Oskar»ı Argentina filmi qazanıb. «Onların gözlərindəki sirr» filmi keçmiş prokurorun işgəncəyə çevrilən həyatı haqdadır. Prokuror onu sarsıdan ölüm və zorlama hadisəsini unuda bilmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG