Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:02

Sürücülərə benzin «atırlar»


Gəncə şəhərində təxminən 30-a yaxın qaz və neft yanacaqdoldurma məntəqəsi var
Gəncə şəhərində təxminən 30-a yaxın qaz və neft yanacaqdoldurma məntəqəsi var
Gəncə şəhərində avtomobil istifadəçiləri şikayət edirlər ki, yanacaqdoldurma məntəqələrində onları aldadırlar. Deyirlər ki, avtomobilə vurulan yanacaq ödədikləri məbləğə uyğun olmur. Bu vəziyyətdən daha çox çörək pulunu maşın sürməklə qazanan taksi sürücüləri əziyyət çəkir:

«Əskik vururlar, sürəndə hiss eləyirik. Kilometraj vermir. Məsələn 10 litr vurursan, 100 kilometr getməlidir, 80 kilometr gedir. İndiyə kimi nə qədər ki, maşın sürürəm, elə belə olub».

«Guya ki, 50 litr vururlar bu təxminən yarım bak olmalıdır, amma baxırsan maşının sayğacında heç yarım baka çatmır. Aldadırlar».

SÜRÜCÜNÜ ALDATMA TEXNİKASI

Uzun müddətdir ki, avtomobillərin qazdoldurma məntəqəsində işləyən Zahid alıcıları aldatdığını təsdiqləyir. Zahid deyir ki, bu yolla günə maaşdan əlavə təxminən 130-140 manat gəliri olur:

«Tutaq ki, bir bakda 50 litr yazılıb, müştərinin başını qatmaqdan ötrü söhbətə tuturuq. Çəndən gələn qazın kranını açıq qoyuruq, guya onun bakı doldu. Halbuki bizdən gələn qazdı. O da həmin kilometrajı vermir, deyək ki, sürməlidir 300 kilometr, amma 200 sürür. Bu da bizim qazancımızdır. Bu dəqiqə demək olar ki, hamı elə işləyir».

Bəzi sürücülər isə deyir ki, 200-300 qram az benzin vurulmasından narahat deyillər, onları qayğılandıran benzinin keyfiyyətində ziyana düşməkləridir:

«Benzinin keyfiyyəti yoxdur. Maşını sürürsən, 10 kilometrə 5 litr heç görmür. Benzinin keyfiyyəti pisdir, əvvəlkilərlə çox fərq var».

DÖVLƏT MÖHÜRLƏRİ QIRILIB

Elə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2 saylı ərazi idarəsinin rəis müavini Qasım Hüseynov da deyir ki, ötən ay Qərb bölgəsindəki yanacaqdoldurma məntəqələrində reyd keçiriblər. Reyd zamanı məlum olub ki, təxminən 70 faiz yanacaqdoldurma məntəqəsində alıcılar aldadılır:

«Doğrudan da dövlət möhürləri əksər yanacaqdoldurma məntəqələrində qırılıb və standartın tələbinə görə, 10 litrdə 50 milli litr xətaya yol verildiyi halda, bu, bəzilərində 250-300 millilitr arası təşkil etmişdi».

CƏRİMƏ: ƏN AZI 1500 MANAT

Qasım Hüseynov deyir ki, yanacaqdoldurma məntəqələrində benzinin kəmiyyəti ilə bağlı aşkar olunan qanun pozuntusu ilə bağlı aktlar tərtib olunub və məntəqə sahiblərinə xəbərdarlıq məktubu göndərilib. Belə halların yol verilməsinə təkrar rast gəlinəcəyi təqdirdə vəzifəli şəxslər 1500 manatdan 2 min manatadək, hüquqi şəxslər isə 3 min manatdan 5 min manatadək cərimə olunacaq.

Aldadılan sürücülərin bir çoxu Azad İstehlakçılar Birliyinə də müraciət edir. Birliyin sədri Eyyub Hüseynov:

«Azad İstehlakçılar Birliyinə yanacaqdoldurma məntəqələrində yanacağın keyfiyyətinin aşağı olması ilə bağlı, yanacağın az vurulması ilə bağlı xeyli sayda şikayətlər edilir. Yəni istehlakçı hüququna əhəmiyyət verilməməsi ilə bağlı».

Gəncə şəhərində təxminən 30-a yaxın qaz və neft yanacaqdoldurma məntəqəsi var. Yaxın vaxtlarda həmin məntəqələrdə yanacağın keyfiyyəti ilə bağlı reydlərə başlanacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG