Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:26
Siz dünyaya gəlməmişdən çox əvvəl-illər öncə bir müdrik fransız deyib:

”Əgər gənclər başa düşsəydi, əgər yaşlılar yapa bilsəydi”.

Biz bu sözlərin mənasını bu cür anlayırıq:cavan olanda istədiyin hər şeyi etmək üçün səndə güc olur; ancaq sən bunu necə etməyi bilmirsən.

Yaşlanandan sonra təcrübə və müşahidələr sənə çox şey öyrədir;ancaq sənin üçün fərqi yoxdur; sən yorulmusan, hər şeydən çəkinirsən və sadəcə səni sakit buraxmalarını istəyirsən; ədalətsizliklər şəxsən sənə toxunmayanda onların “qəm-qüssəsini çəkməyə” səndə nə güc, nə də həvəs qalır.

Bu gün burada və dünyanın müxtəlif yerlərindəki minlərlə salonda toplanan gənc oğlan və qızların dünyanı dəyişdirməyə, onu müharibədən, ədalətsizlikdən və əzablardan həmişəlik xilas etməyə gücü vardır - əgər siz nəyi necə etməyi bilsəniz.

Yaşlı fransız filosofunun da dediyi kimi, əgər siz cavansınız və nə etməyi bilmirsinizsə - bunu sizə indi qarşınızda duran ağsaçlı bir adam başa salmalıdır.

Ancaq, deyəsən onun ağarmış saçlarına baxmaqla bu qədər qoca və müdrik olduğunu söyləmək mümkün deyildir.

O sizə necə gəldi-sadə cavab verməyə hazır deyil.

Ancaq öz düşüncələrini sizinlə bölüşməyə hazırdır.

Bu gün bizi təhdid edən şey - qorxudur.

Atom bombası və hətta onun dəhşəti yox.

Çünki əgər o bomba bu gün Oksforda düşsə, bizi öldürər və hər şey bitərdi.Ancaq bu, o qədər də böyük iş deyildir; çünki bizi öldürməklə o, üzərimizdə yaratdığı qorxu hakimiyyətindən məhrum olardı.

Biz ondan qorxuruq. Yox, bizim hamımız üçün təhlükə bunda deyil. Bizim üçün təhlükə-insan üzərində yaratdığı qorxu duyğusu ilə onu fərdiyyətindən, mənəviyyatından məhrum etmək istəyən; xırda-xuruş sədəqələrlə və qorxu yolu ilə onu düşünə bilməyən kütlə səviyyəsinə endirməyə çalışan dünya qüvvələrdidir; onlar qazanmadığı yemi, zəhmət çəkmədiyi dəyərsiz pulu üzərində qorxu hakimiyyəti yatardıqları adamlara müftə verirlər; adına nə deyirsinizsə-deyin; Amerikada, Avropada, Asiyada-harda olursa-olsun- bütün bu iqtisadi, ideoloji, siyasi sistemlər öz şəxsi yüksəlişləri və gücləri naminə və ya özlərini itirdiklərinə; insan cəsarətinə, səbatına, qabiliyyətinə və insanın özünü fəda etməsindən qorxduqlarına və ya buna inanmadıqlarına görə, insanı müti kütləyə çevirməyə hazırdırlar.

Bax, elə buna görə də əgər biz dünyanı dəyişdirib sülh və təhlükəsizlik məkanına çevirmək istəyiriksə- müqavimət göstərməliyik.

Kütlələr İnsanı xilas etməyəcəkdir.

Ancaq Allah-Taalanın yaratdığı İnsanın özü; qabiliyyəti olan və xeyiri şərdən, ədaləti ədalətsizlikdən ayıra bilən və özünü xilas etməyə qadir olan İnsan - xilas olmağa layiqdir.

Aldatmaqla, qorxutmaqla, sədəqə ilə öz hüququndan əl çəkməyə məcbur edilə bilməyən, eyni zamanda, ədaləti ədalətsizlikdən ayırma borcunu dərk edən, kişiliyi qorxaqlıqdan, özünü fəda etməyi tamahdan, mərhəməti eqoizmdən ayırd edə bilən; insanın sadəcə ədalətsizlikdən, tamah və yalandan xilas olacağına yox, eyni zamanda ədalətin zəfər çalacağına, həqiqət və mərhəmətin bərqərar olacağına həmişə inanan İnsan, şəxsiyyət, kişilər və qadınlar buna imkan verməyəcəklər.

Buna görə də heç vaxt qorxmayın.

Heç vaxt səsinizi şərəfin, həqiqətin, mərhəmətin müdafiəsi üçün yüksəltməkdən, ədalətsizliyə, yalana və tamaha qarşı çıxmaqdan qorxmayın.

Əgər siz-bu gün bu salonda oturanlar və dünyanın hər yerində minlərlə bu cür salonlara yığışanlar sabah da, bir həftə sonra da bunu sinif və ya siniflər ideyası ilə yox, fərd kimi, kişi kimi, qadın kimi etsəniz-onda dünyanı dəyişdirə bilərsiniz.

Onda bütün napoleonlar, hitlerlər, sezarlar, mussolinilər, ürəyi hakimiyyətə və təzimə təşnə olan və indiyə qədər qorxudan və tamahdan bir vasitə kimi istifadə edib insanı köləyə çevirmək istəyən və indi də bunu davam etdirən bütün tiranlar, siyasətçilər, ikiüzlülər, özündən xəbəri olmayanlar-onların hamısı bir nəsildə yer üzündən yox olub gedəcəklər.

Tərcümə Mais Əlizadənindir.

Günün bütün mövzuları

XS
SM
MD
LG