Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:37

Iki min on ikiinci il


Erkin Qədirli və Anar ƏhmƏdov
Erkin Qədirli və Anar ƏhmƏdov
XƏDİCƏ İSMAYILOVA:

- Bundan sonrakı bir saat ərzində 2012-ci ildən danışacağıq. Söhbətimiz fantastik film barədə deyil. Maya təqviminə görə, dünyanın sonunun gəlməsi barədə də danışmayacağıq. Söhbətimizin mövzusu sırf Azərbaycana aiddir. 2012-ci il Azərbaycan üçün sınaq ilidir. Niyə? Bunu özünüz iqtisadçı Anar Əhmədovdan və hüquqşünas Erkin Qədirlidən eşidəcəksiniz. İlk olaraq Anar bəydən başlamaq istəyirəm. Anar bəy, 2012-ci il niyə Azərbaycan üçün önəmli ildir? 2012-ci ildə Azərbaycanı hansı iqtisadi, siyasi dəyişmələr gözləyir?

ANAR ƏHMƏDOV:

- Azərbaycan iqtisadiyyatı siyasi və sosial sistemlə çox bağlıdır deyə, 2012-ci il mühüm illərdən biri ola bilər. Bu, 2012-ci il də ola bilər, 2013-cü il də. Amma bir sıra proqnozlara görə, 2012-ci ildə Azərbaycan neft ixracının zirvəsinə çatacaq. 1 300 000 barel neftdən artıq ixrac etmək iqtidarında olmayacaq. 2012-ci ildə pik dövrünə çatandan sonra Azərbaycan iki il ərzində eksoprtu artıra bilməyəcək. Bu, Azərbaycanın dövlət büdcəsinə, ümumdaxili məhsula böyük zərbə vura bilər. Çünki Azərbaycan eksportunda neftin payı 97 faizə yaxındır. Dövlət büdcəsinə pul gəlməyəndə, ya xərclər azalmalıdır, ya da dövlət yeni mənbələr açmalıdır. Yeni mənbələrin açılması ehtimalı da çox azdır. Ona görə də 2012 Azərbaycanın iqtisadi, siyasi sistemi, eləcə də Azərbaycanın sosial durumu üçün sınaq ili ola bilər.

XƏDİCƏ İSMAYILOVA:

- Amma Azərbaycan hökuməti anonslarında daha optimistdir və «2012-ci ildə neftimiz bitəcək», - deyə bir söz demirlər. Əksinə, deyirlər ki, «Şahdəniz» yatağından qazın ixracı başlayacaq. Haradasa 2025-ci ilə kimi sübut olunmuş yataqlar var ki, onlardan neft hasil oluna bilər. Bəlkə, bu, 2012-ci il deyil, 2025-ci ildir?

ANAR ƏHMƏDOV:

- Burada dəqiq olmaq lazımdır. 2012-ci ildə Azərbaycanın neft və qazı bitməyəcək. Azərbaycanın yeddi milyard yataqları var. Gələcəyi proqnozlaşdırsaq, Azərbaycan neftinin bitməsi 2030-cu illərə təsadüf edəcək. Söhbət ondan gedir ki, neft pik perioduna çatanda, ondan artıq ixrac etmək qabiliyyəti olmadıqda iqtisadiyyat davamlı olmur. İqtisadiyyat artım üzərində qurulub. Hər bir ildə siz artım görməlisiniz. Bu, davamlı olmayanda, iqtisadiyyatda müəyyən problemlər, kataklizmlər gətirə bilər.

XƏDİCƏ İSMAYILOVA:

- Bu sözləri dinləyəndə, məndə iki hiss yaranır. 2012-ci il çox da uzaqda deyil. Hansı kataklizmlər yarana bilər?

ANAR ƏHMƏDOV:

- Ölkənin, əfsuslar olsun, qeyri-neft, özəl sektoru olduqca az inkişaf edir. Yəni, dövlət büdcəsi neftdən asılı olan vəziyyətdə neftin qiyməti həmin səviyyədə qalır, ixrac azalır. Dövlətin 2006-cı ildən bəri maliyyələşdirdiyi, subsidiyalaşdırdığı, bu və ya digər formada dəstəklədiyi dövlət proqramları qısalmaq məcburiyyətində qalacaq. Özəl sektor, ələlxüsus qeyri-neft sektoru, manufakturalar, kənd təsərrüfatı davamlı olmayanda, bu, dövlətin iqtisadi siyasətindən asılı vəziyyətdə olan iqtisadiyyatın qısalmasına gətirə bilər. İqtisadiyyat isə qısalanda, bu, müəyyən sosial problemlər yarada bilər. Sosial problemlər də siyasi sistem üçün sınaq yarada bilər.

XƏDİCƏ İSMAYILOVA:

- Bu anda Erkin bəyə ünvanlayacağım sualı dinləyici məni qabaqlayaraq verir. «Sizcə preventiv tədbirlər görmək üçün ortaya yetərli siyasi iradə qoyulacaqmı?». Ruslan verir bu sualı. Əslində mən bu sualı genişləndirib verim: Azərbaycan həm hüquqi çərçivələrdə, qanunvericilikdə, siyasi sistemdə, cəmiyyətdəki hazırlıq vəziyyəti ilə bu kataklizmlərə tam olaraq hazırdırmı?

ERKİN QƏDİRLİ:

- Onda mən sualın ikinci hissəsindən başlayım, sizin əlavənizdən. Ölkəyə çoxlu pulların gəlməsi bir tərəfdən, siyasi hakimiyyətin legitim və qeyri-legitim imkanlarını artırdı. Rəsmi büdcə xərcləri vasitəsilə dövlət bir sıra əsas kapital qoyuluşları edir, infrastruktur layihələri həyata keçirir, maaşları, təqaüdləri artırır, ordunu inkişaf etdirir və s. Bir də «kölgə» iqtisadiyyatı deyilən bir şey var. Mən onu şərti olaraq «qeyri-legitim imkanlar» adlandırdım. Ölkə göründüyü qədər bu pul kütləsini həzm etmək cəhətdən sabit deyil. Bir tərəfdən, bunun infrastruktur əngəlləri var. İntuitiv olaraq hökumət pulların xeyli hissəsini infrastruktur xərclərə yönəldir. Amma bunu bir hüquq formatı tərəfi də var. Hüquq formatı tərəfdən baxsaq nə görərik? İlk öncə təməl şərtlər var: özəl mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı. Bu iki təməl şərt olmayanda, heç bir davamlı, sabit iqtisadi inkişafdan və siyasi sabitlikdən danışmaq yersizdir. Özəlliklə müstəqil və qərəzsiz məhkəmə sistemi olmayanda. Çünki əmlak mübahisələrinin legitim həlli, formatı məhkəmədir. Məhkəmə müstəqil və qərəzsiz olmaqla yanaşı, onun qərarlarının da inandırıcı icbari qüvvəsi olmalıdır. Bu tərəfdən də bir xeyli problemlər var. Hüquqşünaslar bilir. Xüsusilə də mülki işlər üzrə məhkəmə qərarlarının icrası vəziyyəti çox bərbad vəziyyətdədir. Çox adam var ki, o cümlədən sahibkarlar, məhkəmə işini udurlar, amma onun icrasına nail ola bilmirlər. Bunun bir sıra səbəbləri var. Hüquq formatı özəl mülkiyyətin toxunulmazlığı, müqavilə azadlığı, bir də məhkəmə müstəqilliyi üzərində qurulur. Necə ki, iqtisadiyyatda infrastruktur vacibdir, hüquq formatı bəlkə ondan daha vacibdir. Çünki bəlli səviyyəyə qədər siz bu pulları yatıracaqsınız, yollar çəkəcəksiniz, amma mübahisəni həll etmə formatı olmayanda və ya axsaq olanda, davamlı sabit inkişafdan danışmaq olmur. O ki qaldı siyasi iradə məsələsinə, siyasi müstəvidə çox savadlı və hər şeyi gözəl anlayan insanlar var. Məsələ biliksizlikdə və ya öngörüdə deyil. Məsələ bir tərəfdən, siyasi iradənin formalaşma formatındadır. Digər tərəfdən, həvəs problemidir. Adamlar bilə-bilə ki, doğru yol budur o yolu seçmirlər. Çünki çəkindirici amillər var. Siyasi sistemin içində, qərar qəbul etmədə əngəllər var. Siyasi iradənin formalaşması xeyli dərəcədə siyasi hakimiyyəti laxlada biləcək problemlərlə əlaqədardır. İqtisadi inkişafı bəlli bir səviyyəyə qədər avtoritar rejimdə apara bilərsiniz, amma sonra mütləq siyasi açılım lazımdır. Hakimiyyətlə paylaşmaq vacibdir. Ölkədə sahibkarlıq, orta sinif inkişaf etdikcə onların siyasi iradəyə təsir etməyə həm həvəsləri, həm imkanları artır.

XƏDİCƏ İSMAYILOVA:

- Amma digər tərəfdən, 2012-ci ildə hakimiyyətin resursları məhdudlaşır və cəmiyyətin daha çox iştirakı yaranmalıdır.

ERKİN QƏDİRLİ:

- Məntiqlə düşünəndə belədir. Məntiqlə düşünəndə, əslində çox şey etmək olar. Məntiqlə düşünəndə, manatın məzənnəsini buraxmaq lazımdır. Bütün sahibkarlar bunu yaxşı bilirlər, bunun üçün çox da dahiyanə iqtisadçı olmaq vacib deyil. Bütün sahibkarların təbii həvəsləndirici şəraiti olmalıdır. Manat məzənnəsinin dollara nisbətdə bu qədər yüksək olması sahibkarlar üçün böyük problem yaradır. Xüsusilə ölkədaxili istehsal üçün. İqtisadi həvəsi idxala yönəldir. Xaricdən gətirib burada satmaq daha asandır, nəinki burada istehsal etmək. Manatın kursu daxili istehsala həvəsi öldürür. İdxal artıq inhisarlaşır. Hər kəs o sahəyə girə bilmir deyə, gəlir bağlanır siyasi iradə məsələsinə. Məntiqlə düşünəndə, hər kəs yaxşı anlayır ki, manatın məzənnəsini bu dərəcədə yüksək saxlamanın iqtisadi faydası yoxdur. Bununla belə manatın məzənnəsinin buraxılması irrasional olaraq hakimiyyət üçün çəkindiricidir. Çünki sosial gözləntilər artıb, bu qədər pulun gəlməsi ilə hökumət rəsmi, qeyri-rəsmi yollarla pulu insanlara dağıda bilir. Maaşları artırır, təqaüdləri artırır. Pulun bu və ya digər dərəcədə əhalinin arasında yayılmasına nail olur. İnsanların sosial gözləntiləri artır. Bir qədər də sonra, Anar bəy dediyi kimi, pikə çatanda, pulunuz gəlməkdə davam edir, amma pulun üstünə pul gəlmir. O zaman siz sosial gözləntiləri endirməli olacaqsınız. Ya manatın məzənnəsini buraxmalısınız, ya sosial xərcləri kəsməlisiniz. Bu, artıq büdcədən maliyyələşən işçilərin arasında sosial narazılıqların yarana biləcəyi şəraitə gətirib çıxara bilər. Sosial narazılıq siyasi tələblərlə çox asanlıqla uzlaşa bilir. Siyasi sistem üçün təhlükə deməzdim, çünki indiki sabitlik süni sabitlikdir, qorunub saxlanılacaq sabitlik deyil. Bu sabitliyi saxlamanın faydası yoxdur. Əslində, bəzi radikal addımlara ehtiyac var. Ağılla düşünəndə, ehtiyac var. Bunu hər kəs anlayır. Amma siyasi iradənin formalaşmasında qısa hədəfləri, konkret ölçülə biləcək mənfəətləri düşünürlər, nəinki uzun və topluma xeyir verə biləcək tədbirləri.

XƏDİCƏ İSMAYILOVA:

- Anar bəy, vəziyyət həqiqətən də belə ciddidirsə, bu vəziyyətin ciddiliyini anlamamaları ehtimal olunandırmı? Və ya anlayırlarsa, qarşısını almaq üçün tədbirləri nə qədər məntiqlidir? Sizin izahınız varmı?

ANAR ƏHMƏDOV:

- Müəyyən hallarda, bir çox hallarda siyasi liderlərin, hakim elitalar problemi anlayırlar. Sadəcə olaraq, onların iqtisadi islahatlara, yeni iqtisadi siyasətə əl atmaları onlar üçün və onların arxasında duran qruplar üçün siyasi nöqteyi-nəzərdən səmərəsizdir. Onlar üçün iqtisadi səmərəlilik siyasi səmərəsizliyə bərabərdir. Hakim elita iqtisadi nöqteyi-nəzərdən səmərəli addım atsa, bu, onun siyasi səmərəsizliyinə gətirib çıxarır. Uduza bilər. Bir misal çəkmək istəyirəm. 1970-ci illərdən başlayaraq Zairdə hakimiyyətdə olan Mobotonun bir xeyli iqtisadi sahədə siyasətləri var idi ki, onlar olduqca səmərəsiz idilər. Bunu hakimiyyətin təmsilçiləri və ətrafda olanlar başa düşürdülər. Həmin zaman Moboto hakimiyyəti həmin iqtisadi siyasətlərə əl atsaydı, bu, onun siyasi nöqteyi-nəzərdən süqutunun zəmini olardı. Ona görə ona getmədilər. O ki qaldı, problemin necə həll olunmasına, əfsuslar olsun neftlə bol olan ölkələr həmin böhran vəziyyətindən uğurla çıxırlar. Kim üçün uğurla çıxırlar? Hakimiyyət üçün. Dövlətdə sabitlik qorunub qalır. Problem ondan ibarətdir ki, kiçik və orta horizontda bu, mümkündür. Amma ölkənin uzunmüddətli iqtisadi, siyasi davamlılığında böyük zərbə olur. 70-ci illərin sonunun neft böhranını götürsək, neft ölkələri bir neçə 10-luq təşkil edirdi. Onların içində yalnız barmaqla sayılacaq qədər ölkədə yeni elita hakimiyyətə gəldi. Əksəriyyətində böhranın qarşısı alındı. Amma uzun müddət həmin dövlətlərin iqtisadi, siyasi davamlılığına zərbə oldu.

XƏDİCƏ İSMAYILOVA:

- Siz deyirsiniz ki, yaxın müddətli hədəfləri nəzərə alaraq hökumət buna getmir. Uzun müddətli perspektivdə istənilən halda uduzma var. Amma 2012-ci il perspektiv deyil, kifayət qədər yaxındır. Biz qəbul etsək ki, infrastruktur layihələrində korrupsiya və bu kimi hallar həqiqətdir, bu islahatların keçirilməmə səbəbi konkret bir zümrənin iqtisadi varlanmasını təmin etməkdir, onda 2012-ci ildə neftdən gələn gəlir azalanda, həmin zümrənin gəlirlərinin azalması qaçılmazdır. O zümrənin vəziyyətdən çıxış yolu necə olacaq? Hər zaman deyirlər ki, neftdən gələn gəlirlərin 95 faizi kiçik bir zümrə tərəfindən idarə olunur, onlar yalnız bundan faydalanırlar. O zümrənin qərarların qəbul edilməsinə təsiri böyükdür. Onların çıxış yolu nədir? Alternativ planları nə ola bilər?

ANAR ƏHMƏDOV:

- Onların alternativ planları barədə biz fikir söyləyə bilmərik. Hazırkı vəziyyətdə hansısa hakim elita daxilində bir neçə elitalar var. Həmin elitalar hal-hazırkı iqtisadi durumdan bəhrələnir. Bunun legitim və bir sıra hallarda qeyri-legitim yolları var. Eyni zamanda, hər bir zümrə digər zümrələrdən ibarətdir. Hətta ən mərkəzləşdirilmiş hakimiyyət hansısa zümrələrin, həmin elitaların üzərində qurulub. Həmin elitalar da daha aşağı səviyyədə başqa elitalar üzərində qurulub. Bu məsələnin bir tərəfi. Neft sektoru elə bir sektordur ki, 60-70-ci illərdən başlayaraq bir çox ölkələrdə milliləşdirilib. Bu o deməkdir ki, oradan gələn gəlirlərin xeyli hissəsi dövlətə axır. Dövlətə axan vəziyyətdə, siyasi elitanın ən yüksək səviyyəsində bölüşdürmə prosesi gedir. Bölüşdürmə prosesi müəyyən zamanda müəyyən forma alır. Formaya xələl gələndə, forma dəyişəndə aşağı səviyyədə olan zümrələrlə yuxarı səviyyədə olan zümrələr bölüşməyəndə, problemlər yaranır. Bu siyasi elitanın müxtəlif səviyyələrdə fraqmentləşdirilməsinə gətirib çıxarır. Azərbaycanda problem fraqmentləşdirilməlidir. Bölüşdürülməyəndə alternativ elitalar, alternativ zümrələr bir – biri arasında yeni bölüşdürmə planları barədə düşünürlər.

XƏDİCƏ İSMAYILOVA:

- Nəyi bölüşdürmək? Həmin anda nəyi bölüşəcəklər?

ANAR ƏHMƏDOV:

- Mövcud resursları. Mövcud resurslar qısalanda tələbat ya eyni qalır ya çoxalır amma masa üzərində olan resursların sayı azdır. Bölüşdürmə belə gedir. Bu məsələnin bir tərəfi. Digər tərəfdən, 2012 – də birdən birə hansısa problemin yaranacağını, iqtisadi çökmənin olacağını gözləmək ki, qeyri realistikdir. Bir neçə il ərzində, Azərbaycan eksport potensialı eyni səviyyədə qalacaq. Ondan artıq, yəni bir milyon üç yüz min bareldən artıq ixrac edə bilməyəcək. Üç dörd ildən sonra bu aşağı gedəcək, problemlər üst üstə gələcək. Bu birdən birə, big-bang olmayacaq. Sadəcə həll olunmayan problemlər bir biri üzərində artacaq. Bu da digər gəlir mənbələrinin axtarılmasına gətirib çıxaracaq. Digər gəlir mənbələri legitim və ölkə iqtisadiyyatının diversifikasiyası ola bilər. Amma bu həm iqtisadi həm siyasi nöqteyi-nəzərdən olduqca ağrılı prosesdir. Yəni iqtisadiyyatın diversifikasiyası alternativ iqtisadi və siyasi qüvvələrin ortaya gəlməsinin ehtimalıdır. Sadə iqtisadi analiz aparsaq, uzun müddət qeyri neft sektorunun çəkdiyi sarsıntılar nəticəsində o dərəcədə qısalıb ki, bunu bir neçə il ərzində qaldırmaq böyük sərmayə tələb edir. Bunun sırf iqtisadi tərəfi də var.

XƏDİCƏ İSMAYILOVA:

- Erkin bəy, böhran dövründə, əgər o böhran yaxındırsa, müxtəlif elitaların belə desək, daha geniş kütlələrin, o kütlələrin ki böyük gəlirlərdən faydalanmırdılar amma istənilən halda bu situasiyada daha çox uduzmuş olacaqlar, davranışları necə ola bilər?
Anar Əhmədov
Sizin fikrinizcə, hansı davranış sərgiləyə bilərlər və oradan çıxış yolu necədir?

ERKİN QƏDİRLİ:

- Sağlam rəqabət şəraitində çox uğurlu sahibkar çevrələri ola bilir ki, onlar nisbətən bacarıqsız sahibkarları bazardan vurub çıxarırlar. Onlar həddini aşsalar bu zaman inhisar əleyhinə qanunvericilik ortaya çıxır, dövlət qarışır. Bu zaman hansısa iqtisadi çevrənin inhisarlaşmaması üçün dövlət bazarı bölür. Normal, sağlam iqtisadiyyatda bu hüquqla belə tənzimlənir. Bizim sağlam bazar iqtisadiyyatımız olmadığı üçün rəqabət bazar həvəsləri, yəni iqtisadi həvəslər üzərində qurulmur. Siyasi hakimiyyətin içində, bəlli struktur bölgələr vasitəsilə bazarın bu və ya digər hissələri şərti desək oliqarxlar arasında bölüşdürülüb. Oliqarx normalda hakimiyyətdən istifadə etməyərək pul qazanıb sonra hakimiyyətə təsir edən qüvvələrə deyilir. Bizdə hakimiyyətdən kənar böyük pul qazanmaq imkanı yoxdur. Pulu vəzifə qazandırır. Bu oliqarx sayılmır. Təsəvvür edin ki, sizin böyük pulunuz var. Sizin o pulu xərcləmə sahəniz struktur vasitəsilə, siyasi qərarla məhdudlaşdırılır. Yəni siz pulunuzu başqa oliqarxın sahəsinə yatıra bilmirsiniz. Çünki o artıq həmin oliqarxın mənafelərinə girmək deməkdir. Siyasi məqsədlər üçün bazar bu cür bölüşdürülüb. Sən filan malı istehsal edəcəksən, sən filan şeyi istehsal edəcəksən. Pulun artdıqca iqtisadi həvəsin artır, pulu başqa sahəyə yatırmaq istəyirsən amma başqa sahə başqa adamın himayəsinə verilib. Pulun təyinatı xərclənməkdədir. Pul xərclənmirsə o öz təyinatını yerinə yetirə bilmir. Pulun xərclənməsi üçün hüquqi zəmanət lazımdır. Yenə gəlirik mülkiyyət və müqavilə azadlığı məsələlərinə. Əgər bu iki zəmanət təmin olunmursa pul xərcləmək həvəsi ölür. İnsanlar yığıcılığa meyl edirlər, həm məişətdə həm digər sahədə. Yığıcılıq da bəlli həddə qədər fayda verir, sonra pul dəyərdən düşür. İnsanların pulla ala biləcəyi şeylərin siyahısı artır. Yəni pul çoxdur, xərcləməyə yer yoxdur. Hətta infrastrukturda korrupsiya hallarını nəzərə alsaq ki, bu doğrudur ya yox, bunun bəzi göstəriciləri var ki belədir. Götürək tikinti sahəsini, mənzil tikinti sahəsini. Şəhərdə çoxlu tikintilər var. İldən ilə şəhər tikilə - tikilə gedir. Bunu prinsip olaraq yaxı hal hesab etsək belə, biz görürük ki, o tikililərin mütləq əksəriyyəti hüquqiləşdirilməyib, yəni sənədləşdirilməyib. Tikən şirkət dövlətə təhvil verə bilmir, çünki dövlət bunu qəbul edə bilmir. Dövlət qəbul edə bilmirsə, o evdə mənzil alan vətəndaşın mənzilə mülkiyyət hüququ rəsmiləşdirilə bilmir. Yəni camaat arasında deyildiyi kimi kupça deyilən sənəddən əvvəl gərək dövlət onu qəbul etsin ki, mənzilin sahibi özəlləşdirmə sənədini ala bilsin. Bu mümkün olmadıqda bank işlədə bilmirsiniz. Çünki ipoteka alanda bank deyəcək ki, rəsmi sənəd gətir, amma rəsmi sənəd yoxdur. İpoteka bazarı nəhəng bazardır. Sağlam iqtisadiyyatda xərclənməni həvəsləndirən sahədir. Bank da maraqlıdır ki, pul xərclənsin. Bunu edə bilmirsiniz, çünki sizin struktur probleminiz var. Bu bankın problemi deyil, heç tikən şirkətin də problemi deyil. Bütöv sistemin problemidir. Aydın olur ki, pulu qazanmaq üçün yox, pulu yemək üçün tikirlər. Çünki pul çoxdur və necə gəldi olsa da tikirlər. Pulu yemək lazımdır. Faydalı xərcləmək, uzun yatırım etmək deyil, yemək lazımdır. Pul çoxdur, saxlasam dəyəri düşəcək, xərcləsəm başqası gəlib əlimdən alacaq. Gəlin bunu necə də olsa yeyək, qara dəftərə salaq, dövlət üçün rəsmiləşdirək bu qədər pulumuz var, amma altdan bu qədər yeyəcəyik. Qara iqtisadiyyat, «kölgə iqtisadiyyatı» getdikcə daha çox şişir. Hökumət əlbəttə ki, una biganə qala bilməz, ona görə özü də «kölgə iqtisadiyyatı»nın böyük bir oyunçusuna çevrilir. Mənim üçün bir hüquqşünas kimi iqtisadi sabitliyin bərqərar olmasının və ya davamlılığının üç göstəricisi müstəqil məhkəmə, azad müqavilə və özəl mülkiyyətin toxunulmazlığıdır. Mən görəndə ki, özəl mülkiyyət təmin olunur, müqavilə azadlığı təmin olunub, ölkədə doğurdan müstəqil və qərəzsiz məhkəmə sistemi formalaşıb, bir hüquqşünas kimi mənim də iqtisadi inkişafa öz göstəricilərim var. İqtisadçı olmadığım üçün daha geniş təhlil edə bilmərəm. Mən görəndə ki, bu üçü inkişaf etmir, davamlı iqtisadiyyatın getdiyinə inana bilmirəm.

XƏDİCƏ İSMAYILOVA:

- Anar bəy, Erkin bəy «kölgə iqtisadiyyatı»nı qeyd etdi. Kölgə iqtisadiyyatının həcmi barədə müxtəlif fikirlər irəli sürülür. Son olaraq Beynəlxalq Valyuta Fondunun Azərbaycan missiyasının rəhbəri bu günlərdə bu məsələyə toxundu. Dedi ki, nəhəngdir, 60 faiz civarındadır. Neft iqtisadiyyatı haqqında belə bir fikir var ki, beynəlxalq qurumların nəzarət etdiyi şəffaflıq təşəbbüsü var. Belə ehtimal olunur ki neftdən əldə olunan gəlir sərbəst şəkildə neft fonduna oturur. Onun xərclənməsi şəffaf deyil amma gəlirlərin gəlməsi haqqında belə fikir yürüdülür. Bilmirəm nə dərəcədə bu doğrudur, bəlkə iqtisadçı kimi siz deyə bilərsiniz. Eyni zamanda «kölgə iqtisadiyyatı» da var. Pullar azalanda «kölgə iqtisadiyyatı»nda nə baş verir, oradakı durum necə olur?

ANAR ƏHMƏDOV:

- Bunu əvvəlcədən demək çox çətindir. Ona görə ki, bu, «kölgə iqtisadiyyatı»dır. Kölgə iqtisadiyyatını ölçmə yolları var. Çox yaxşı ki bunu ölçmək mümkündür. Elektrik enerjisinin istehlakı rəqəmlərinə baxıb, o enerjidən fərdi istehlakçıları çıxardıqda ölkə iqtisadiyyatının nə qədər enerji sərf etdiyini görürsünüz. Oradan rəsmi sektoru çıxarırsınız. Qalan hissəsi təxminən «kölgə iqtisadiyyatı»nın miqdarıdır.

XƏDİCƏ İSMAYILOVA:

- Mən elə bilirdim o itkilərdir?

ANAR ƏHMƏDOV:

- Yox o itkilər deyil. İtkilər ola bilər, baxır hansı perspektivdən yanaşırsınız. Ölkənin inkişafı üçün ola bilsin ki, itki olsun.

XƏDİCƏ İSMAYILOVA:

- Məsələn, elektrik sərfini ölçən cihazın üzərindəki əməliyyatlar deyək ki, hansısa rəqəmlərə dəyişiklik edə bilər. Bunu ölçmək olur? Elektrik pulu alan adam fiziki şəxsin qapısını döyür. Deyir ki, bu qədər yazıb. İstəyirsiniz azaldaq, azaldır və onun qarşılığında müəyyən əmək haqqı alır. Bu da «kölgə iqtisadiyyatı»nın, oğurluğun göstəricisidir, bu da rəqəmləri dəyişir. O da gedir «kölgə iqtisadiyyatı»na.

ANAR ƏHMƏDOV:

- Bəli, təbii ki, gedir «kölgə iqtisadiyyatı»na.

XƏDİCƏ İSMAYILOVA:

- Belə də olmalıdır?

ANAR ƏHMƏDOV:

- Belə olmalı deyil. Amma belədir. Məsələnin ikinci tərəfində gələndə ki, «kölgə iqtisadiyyatı» nədən bəhrələnir? Adətən, qeyri dövlət sektoru inkişaf etməmiş və ya zəif inkişaf etmiş ölkələrdə, yəni özəl sektorun zəif inkişaf etdiyi ölkələrdə, söhbət real özəl sektordan gedir, ölkə iqtisadiyyatının xeyli hissəsi, neft və minerallar kimi əmtəədən və ya elektrik enerjisindən asılı olduğu mərhələdə nə baş verir? Dövlətə gələn gəlirlər şəffaf olur. Dövlətdən çıxan xərclərin bir hissəsi şəffaf olur. Müəyyən dövlət qurumlarının büdcələri olur ki, onlar ümumi dövlət büdcəsindən kənar olur. Həmin dövlət təşkilatlarının büdcələri məhz o yerdir ki, orada bir çox əməliyyatlar baş verə bilər ki, onlar da «kölgə iqtisadiyyatı»na gedən pulların bir mexanizmi olur.

XƏDİCƏ İSMAYILOVA:

- Məsələn, dövlət neft şirkəti.

ANAR ƏHMƏDOV:

- Məsələn, dövlət neft şirkəti. Dövlət neft şirkətinin avtonom büdcəsi var. Azərbaycanda da bu belədir. Azərbaycanda Dövlət Neft Şirkətinin öz büdcəsi var. Dövlət Neft Fondunun ayrıca institusional formada olmasa da, müəyyən formada bir büdcəsi var və dövlət büdcəsi var. Dövlət Neft Şirkətinin büdcəsi təəssüf ki, o qədər də şəffaf deyil. Biz yalnız təxmini bilə bilərik, onu da bilmək çətindir ki, Dövlət Neft Şirkəti digər dövlət qurumlarına neft və qaz resurslarını hansı qiymətə satır. «Turan» agentliyinin bu yaxınlarda bir araşdırması olmuşdu. Məlum olmuşdu ki, neft Beynəlxalq Əməliyyat Şirkətinin satdığı qiymətdən iki dəfə ucuz satılır. Azərbaycan Neft Şirkəti öz payına düşən nefti tamamilə başqa bir şirkət vasitəsilə satır. Həmin şirkətin də hansı tender, hansı qaydalar əsasında müəyyənləşdiyi çox qaranlıqdır. Bunlar iqtisadiyyatdan çıxan pullardır. Azərbaycanda mən bu rəqəmləri dəqiq bilmirəm, amma təxmini oxşar rəqəmlər deyə bilərəm. Məsələn, Rusiya qiymətləri. «Qazprom»un 2006-cı ildə daxili bazarda böyük dövlət təşkilatlarına satdığı neft, qazın qiyməti o qədər aşağı idi ki, bu «Qazprom»un həmin ildə gəlirlərinin 40 faizinin getməsi demək idi. Yəni «Qazprom»un büdcəsinə 40 faizlik zərbə vurulmuşdu. Oxşar rəqəmlər də Azərbaycanda ola bilər. Əfsuslar olsun ki, bizdə bir çox rəqəmlər mövcud deyil. Statistikaya tam arxalanmaq mümkün deyil. Digər hallarda da əfsuslar olsun ki, ümumiyyətlə statistika yoxdur. Bunu anlamaq olar ki, dövlət geniş templərlə inkişaf edir və s. bir dövlət qulluqçusunun üzərinə böyük yük düşür. Eyni zamanda məqbul ola biləcək, dürüst statistika olmayan yerdə bu şeyləri görmək çox çətindir.

XƏDİCƏ İSMAYILOVA:

- Yenə mənim üçün bu sual açıq qaldı ki, korrupsiyadan qazana bilməyəcək, çünki dövlətin xərclədiyi büdcədən korrupsiya hesabına qazanmağa öyrəşmiş adamlar, bu halda ki, büdcənin resursları ya məhdudlaşacaq ya tükənəcək, azalacaq, həmin səviyyədə qalacaq, onların da gəlirləri azalacaq. Niyə onlar bu vəziyyəti düzəltməyə maraqlı deyillər ki onlar üçün neftdən kənar iqtisadiyyatda yeni mənbələri yaransın?

ANAR ƏHMƏDOV:

- Klassik kollektiv hərəkat problemi deyirlər buna. Məsələn, tutaq ki biz müəyyən qrupuq. Mən müəyyən addım atmağa hazıram amma əmin deyiləm ki o addımı atsam siz də mənim atdığım addımı atacaqsınız Qrupun xeyrinə olan addımı. Mən bunu əvvəldən bilərək o addımı atıram ki, itkilərimi minimallaşdıracaq. Dövlət qulluğunda olan savadlı adamlar var ki, onlar problemi anlayırlar. Hər bir savadlıya bir renta qazanana dolanıq düşür. Yəni qazanılmamış vəsaitlərdən dolanıq düşür. Romantik səslənsə də islahatçı ruhlu dövlət qulluqçusu müəyyən addımlar atmağa cürətli deyil. Çünki o əmin deyil ki o, addımı atsa oyunun qaydaları ilə digər oyunçu hansı addımı atacaq. Oyunun qaydaları məlumdur. Sovet ittifaqından miras qalmış qaydalardır. Problematikdir, yəni institutlar zəifdir. O institutların üçünü Erkin bəy qeyd etdi. Digərlərini də ora əlavə etmək olar. Məsələn, dövlət qulluğunun keyfiyyəti və s.

XƏDİCƏ İSMAYILOVA:

- Erkin bəy əlavəniz var bu suala?

ERKİN QƏDİRLİ:

- Bu sual siyasi açılım məsələsinə dirənir. Əldə edilmiş pullar hanı? Bunu da iqtisadi amnistiya yolu ilə həll etmək olar. Qərar qəbul olunur, ondan öncə ictimai konsensus olur ki, kim nə qədər pulu varsa bəyan etsin, rəsmiləşdirsin. Vergi ödəyərək bu puldan faydalansın. Əgər onun pulu və fəaliyyəti dövlət vəzifəsi ilə uyuşmursa onda dövlət vəzifəsindən gedir və azad sahibkarlıqla məşğul olur. Bunun üçün siyasi qərar və ictimai konsensus lazımdır. Bu çıxış yoludur. Ağlabatan, rasional yoldur. Amma yenə dirənirik siyasi hakimiyyətin özlüyündə nemət olmasına. Normalda siyasi hakimiyyət bir alətdir.

XƏDİCƏ İSMAYILOVA:

Erkin Qədirli
- Bu o deməkdir ki, hakimiyyətdə olan insanlar, qazanclarının leqallaşdırılması müqabilində siyasi hakimiyyəti bölüşməyə razı olacaqlar ya yox?

ERKİN QƏDİRLİ:

- Normalda əgər buna gediləcəksə hər kəs aydın anlamalıdır ki, iqtisadi şəffaflığın məntiqi və qaçılmaz nəticəsi siyasi hakimiyyətin paylaşmasıdır. Bunun üçün ümumi ciddi ictimai konsensus və qəti siyasi qərar lazımdır. Siyasi qətiyyətsizlik nəticəsində korrupsiya halları bu sistem çərçivəsində həll olunacaq məsələ deyil. Bir daha deyirəm, siyasi hakimiyyət bu sistemdə sadəcə alət deyil, həm də nemətdir.

XƏDİCƏ İSMAYILOVA:

- Dinləyici Xalid İbrahimlidən bir sual var, “ merkantilizm nədir? Azərbaycanda baş verənlər anti-merkantilizm deyil ki,? Sözün düzü anlamadım bu terminləri. Bəlkə Anar bəy, siz aydınlıq gətirəsiniz?

ANAR ƏHMƏDOV:

- Merkantilizm iqtisadi nəzəriyyələrin ilkin formalarından biridir. Yəni müəyyən dövlətlərin Avropada kapitalizmin ilkin dövründə tutduğu bir yol idi. Azərbaycanda baş verənlərə anti-merkantilizm demək olmaz. Çünki Azərbaycanda dövlət qulluqçuları və dövlət daxilində olan renta axtaranlar məhz merkantil səbəblərdən gördükləri iqtisadi siyasəti və s. ni həyata keçirir. Merkantil səbəblərdəndir ki, bunun problematik tərəfləri var. Merkantil olmasaydılar, biz burada bu söhbətləri etmək məcburiyyətində olmazdıq. Onlar hamısı altruist olardılar, onlar yaxşı cəmiyyətin uzun müddətli inkişafına yönəlmiş iqtisadi siyasəti həyata keçirərdilər, onda hər şey rahat olardı.

ERKİN QƏDİRLİ:

- Mən əvvəl dediyim kimi, bu sistem daha çox yığıcılığa təhrik edir.

XƏDİCƏ İSMAYILOVA:

- Yığıcılığa ya yeyiciliyə?

ERKİN QƏDİRLİ:

- Bunlar bir biri ilə bağlıdır. Yemək üçün də gərək yığasan. Eyni zamanda varlı insanlar dəbdəbəli şeylərə pul xərcləməyə üstünlük verirlər. Maşınlar, villalar və s. Müqayisə etsəniz çox uğurlu biznesi olan milyarder insanlar qərbdə təvazökar həyat tərzi keçirirlər. Amma Rusiyada, Azərbaycan kimi ölkədə çox varlı insanlar gözəgirənliklə pulunu hansısa maşınlarda villalarda maddiləşdirir. Bu, sosial statusun həll olunması problemidir. Varlı adam özü də əmin deyil ki, sahib olduğu pulu uzunmüddətli saxlaya biləcək. Hələ vərəsəliklə oğluna qızına ötürəcəyini demirəm. Ona görə o varlı olduğunu bu gün hamıya göstərməyə çalışır, bu da sosial status məsələsidir. Sosial status bu cür həll olunur. Yəni mənim maşınım var, mənim villam var. O bunu göstərir. Bilir ki başqa halda onu yasaymayacaqlar ya da zəmanəti yoxdur. Pulu bu gün xərcləmək istəyir. Sabahı düşünmür.

XƏDİCƏ İSMAYILOVA:

- Mənə elə gəlir ki, bugünkü söhbətdə bir elementi qaçırdıq və ya bilərəkdən qaçırdıq ki, 2012 – də və ya 2013 – də, o an gələndə cəmiyyətin üzərinə nə düşür? Onun rolu nədir? Edə biləcəyi, ortaya qoya biləcəyi alternativ çözüm varmı?

ERKİN QƏDİRLİ:

- Normal siyasi hakimiyyətdə bir konsensus varsa, iqtisadi sistemdə bir irəliləyiş varsa sistemdən kənar çevrələrdə fəaliyyət əngəllənir. Həmkarlar təşkilatı inkişaf etmir, akademik çevrələr inkişaf etmir. Müxalifət də sistemin tərkib hissəsi olaraq marginallaşıb. Amma bunlar fürsət dəyərləndirməsi məsələsidir. Anar bəyin söylədiyi proseslər fürsətlərin də dəyərləndirilməsinə ciddi təsir edir. Eyni insanlar fürsətləri dəyərləndirərək asanlıqla yenidən qruplaşacaqlar. Tamam başqa üst qurum formalaşa bilər. Hakimiyyətin dəyişdirilməsi, mütləq adamların dəyişməsi deyil. Ola bilsin indi hakimiyyətdə olan adamlar yenə də hakimiyyətdə qalacaq. Amma əgər fürsəti doğru dəyərləndirə biləcəklərsə, sistemi dəyişə biləcək iradələri olsa, bu hakimiyyətdə kim nəsə paylaşa biləcək qüvvə tapacaqsa, kim necə anlaşa biləcəksə nəticə yaxşı ola bilər. Xarici təsirləri də göz önünə almalıyıq. Onda hətta ola bilər eyni adamlar hakimiyyətdə qalır hakimiyyətin mahiyyəti dəyişir. Sistemdə fürsətlər dəyişir. Fürsətlər paylaşımı doğru düzgün dəyərləndirilə bilməsə əlbəttə ki proseslər daha ağrılı gedə bilər. Nəticədə sistem çökə bilər. Ondan sonrakı falçılıqdır. Hər halda prosesin məntiqi budur.

XƏDİCƏ İSMAYILOVA:

- Falçılıq demişkən, məşhur filmin əsasında duran nəzəriyyə budur ki, 2012-ci ildə qərinələr dəyişəcək, epoxalar dəyişəcək, yeni bir zaman yaranacaq. İndi biz bunu deyə bilmirik. Amma birgə hüquqşünas Erkin Qədirli və London İqtisadiyyat məktəbinin doktorantı Anar Əhmədovla 2012-ci ili müzakirə edirdik.
XS
SM
MD
LG