Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:25

«Proporsional sistem üçün siyasi iradə yoxdur»


Bələdiyyə seçkiləri, 23 dekabr 2009

Bələdiyyə seçkiləri, 23 dekabr 2009

Azərbaycan siyasi partiyaları təklif edir ki, 2007-ci ildə ləğv olunan proporsional, yəni partiya siyahısı üzrə seçki sistemi yenidən bərpa olunsun. Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif İsmayılbəyli bildirir ki, parlament seçkilərinə qısa zaman qaldığı üçün ölkədəki siyasi partiyalar bu təklifi bir neçə ildən bəri irəli sürən Avropa Şurası Venesiya Komissiyası və ATƏT-lə bərabər tövsiyələr hazırlayaraq hakimiyyətə təqdim etməlidir:

- Yalnız majoritar seçki sistemi olan ölkələrdə heç bir demokratiyadan, ədalətli seçkidən söhbət gedə bilməz. Proporsional sistemdə qazanılan səslərin az bir qisminin də olsa qorunmaq imkanı var. Təklif edirik ki, parlamentin say tərkibi 150 nəfərə çatdırılsın, onun 50 nəfəri proporsional, 100 nəfəri isə majoritar sistemlə seçilsin.

BU SİSTEMİN TƏTBİQİNİN MÜSBƏT NƏTİCƏLƏRİ OLA BİLƏR

ADP-nin məsələ ilə bağlı mövqeyini açıqlayan partiyanın sədr müavini Vüsal Əliyev isə bildirir ki, bu məsələ reallaşsa, parlamenti, bütünlükdə isə ölkənin siyasi durumunu indiki durğun vəziyyətdən qurtarmaq olar:

- Proporsional sistemlə siyasi bir quruluş olaraq daha da təkmilləşmək və güclənmək, bir institut kimi formalaşmaq daha çox mümkündür. Bu sistemin tətbiqinin müsbət nəticələri ola bilər.

Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov isə düşünür ki, seçkiyə 5 aydan bir qədər çox qaldığı üçün bu dəyişikliklərin edilməsi real görünmür. Onun fikrincə, müzakirə predmetini dəyişmək gərəkdir:

BUNUN ÜÇÜN KONSTİTUSİYAYA DƏYİŞİKLİK EDİLMƏLİDİR

- Bunun üçün Konstitusiyaya dəyişiklik edilməlidir. Adi prosedur qaydaları ilə bu məsələni çatdırmaq mümkünsüzdür. Ona görə də müzakirələrin seçki komissiyalarının tərkibinin dəyişdirilməsi ilə bağlı olması daha məqsədəuyğundur.
Seçkiyə 5 aydan bir qədər çox qalıb. Dəyişikliklərin edilməsi real deyil
Siyasi partiyalarda da öncəki fəallıq yoxdur. Müxalifətin real mübarizə imkanlarının olmaması kimi ciddi faktor da nəzərə alınmalıdır. Seçki kampaniyasının müddəti 120 gündən 75 günə endirilib, bunun təşviqat üçün ayrılan hissəsi isə cəmi 26 gündür. Bu, olduqca azdır. Əgər bu məsələ ilə razılaşsaq beynəlxalq qurumlarla bərabər ciddi təkliflər irəli sürə bilərik.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif İsmayılbəyli isə deyir ki, hakimiyyət istəsə, konstitusion dəyişiklikləri qısa zamanda gerçəkləşdirə bilər:

- Hakimiyyət 18 mart referendumunu olduqca qısa müddətə reallaşdırdı. Görünən odur ki, iqtidarın bu məsələdə siyasi iradəsi yoxdur.

Demokratiyaya Yardım İctimai Birliyinin sədri Mirəli Hüseynov da seçki qanunvericiliyinə dəyişikliklər edilməsi üçün cəmiyyətin fəallaşmasını vacib sayır:

MÜHİTİ DƏYİŞƏN SİYASİ QÜVVƏLƏR YOXDURSA…

- Mən inanmıram ki, indiki zamanda belə müzakirələr nəticə verəcək. Mühiti dəyişən siyasi qüvvələr yoxdursa, siyasi şərait dəyişməyəcək. Hansı hakimiyyət əlində olan vacib rıçağını vermək istəyər? Bu rıçaqları hakimiyyətin əlindən almağa imkanı çatan qüvvələr yetişməlidir.

BUNDA FAYDA VAR

ATƏT-in Bakı ofisinin təmsilçisi Elgün Tağıyev isə bildirir ki, bir neçə ildir beynəlxalq ictimaiyyətin səsləndirdiyi seçki təkliflərini qəbul etməkdə Azərbaycan üçün fayda var:

Məzahir Pənahov seçkilərin yekun protokolunu möhürləyir, 11 yanvar 2010
- Venesiya Komissiyası, o sıradan ATƏT bir neçə ildir ki, rəsmi Bakıya seçki komissiyalarını əsas siyasi qüvvələrin konsensusu əsasında formalaşdırmağı təklif edir. Konkret formul açıqlanmasa da göstərilir ki, seçki komissiyalarında hakimiyyətyönlü qüvvələr çoxluqda olmamalı, seçki komissiyalarının sədrləri, müavinləri müxtəlif partiyaların üzvü olmalarıdır. ATƏT-in tövsiyələrindən biri də odur ki, seçki qanunvericiliyinə dəyişikliklər seçki ilində baş verməsin.

Hakim YAP isə Azərbaycanda seçki qanunvericiliyi ilə bağlı təkliflərə hər hansı mövqe açıqlamır. YAP təmsilçiləri AzadlıqRadiosunun məsələ ilə bağlı suallarını cavabsız qoyublar.

MSK sədri Məzahir Pənahov isə son bələdiyyə seçkiləri zamanı mediaya Azərbaycandakı seçki qanunvericiliyinin beynəlxalq normalara uyğun və ölkə reallığını əks etdirdiyini bildirmişdi.

İqtidaryönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının bu günlərdə yerli mediaya dediyinə görə, majoritar sistemlə keçirilən seçkilər seçicilərlə namizədlər arasında birbaşa ünsiyyəti təmin edir. Proporsional seçki sisteminin isə partiyaların inkişafı, siyasi sistemdə rolunun möhkəmləndirilməsi baxımından əhəmiyyəti var.
XS
SM
MD
LG