Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:17

Kazım Kazımlı "Ruhun əzabı" (Hekayə)


Hadisə hamının gözü qarşısında baş vermişdi. Minik maşını qırmızı işığa məhəl qoymadı və piyadalar üçün keçidin düz ortasında adamı vurdu.

Sürət böyük olduğundan zərbə də güclü idi; təcili yardım maşını gələndə piyada artıq keçinmişdi və həkimlər onu birbaşa meyidxanaya aparmalı oldular.

Mərhumun qohum-əqrabası eşitcək ağlaya-ağlaya tökülüşüb gəldilər ki meyidi aparalar, hava qaralana qədər onu yuyalar, qəbir qazalar və molla çağırıb, dəfn edələr.

Həkim-anatom nəşi vermədi: “ Qanunu poza bimərəm, Yarılmalıdır”,-dedi,”- Ölüm kağızında dünyasını dəyişməsinin səbəbi ətraflı göstərilməlidir”.

Ölünün yaxınları yalvarıb-yaxardılar ki, bəs “ bizi çevir balalarının başına, meyidi doğrayıb narahat etmə, hamı görüb ki yazığı maşın vurdu, başı asfalta çırpılıb.

Daha onu, balıq kimi yarmağa nə ehtiyac var, yaz ki başı əzildiyindən canını tapşırıb.” Həkim razılaşmırdı.

Onun ürəyi elə hadisə yerindəcə dayanmışdı, damarlarındakı axırıncı damla qan da, bir az keçmiş laxtalanaraq dondu. İçalatın öləziyən istisi bədəni soyuyub qaxaca dönməyə qoymurdu.

Ruhu da əzabdan qoruyan, hələ ki, get-gedə azalan elə bu isti idi.

Meyid tezliklə dəfn edilməsəydi, o soyuyanda, Ruhun əzablı anları başlayacaqdı; iylənən, çürüyən sümüklü ət parçasıyla bir yerdə olacaqdı.

Bu, sağlam, lüt adamın ensiz çarpayıda, çılpaq meyidlə qolboyun yatması əzabı ilə eyni idi. Yalnız cənazə torpağa tapşırılanda, Ruh bədəndən ayrılıb rahatlıq tapır, əbədiyyətə qovuşurdu.

Bu dünya onunki deyil- hər şeyi görür, hər şeyi eşidir-hətta urəklərdən keçəni də bilir, amma insanlar onu görə bilmirlər, səsini eşitmirlər.

Mərhumun Ruhuna həkimin ürəyindən keçənlər əyan idi.

Həkim plan cızırdı: ”Min manat istəyim ki, bəlkə bu yolla, onlardan beş yüz manat qopara bildim”.

Meyidi aparmaq istəyənlər öz aralarında pıçıldaşdılar, yaşca ən böyüyü ağxalatlıya yaxınlaşdı, ovcundakı pulu ona uzatdı: ”Yüz əlli manatdı, olanımız budu”, - dedi.

Həkim, ona uzanan ovucdakı əzik pullara gözücu nəzər saldı, incik halda başını yellədi, nəyi isə axtarırmış kimi masanın üstündəki kağızları götür-qoy etməyə başladı.

Ruh qışqırdı: “Beş yüz manat stəyir!..Bir qəpik az olsa, ala bilməyəcəksiniz cəsədi!.. “

Həkim ölənin qardaş-bacısını, ata-anasını soruşdu. Dedilər ki, tək bircə qardaşı var, o da Rusiyadadır, alver edir. Teleqram göndərilib, bu gecə gəlməlidi; ən uzağı sabah tezdənə özünü çatdıracaq.

Həkimin eyni açıldı: “Qoy qardaşı gəlsin.., baxarıq.., görək neyləyirik..”

Ruh özünü saxlaya bilmədi: ”Siz nə etdiniz, indi o, qardaşımdan min manat almaq fikrinə düşdü.”

Ölünün qardaşı səhərisi günü tezdən gəlib çıxdı. Bəd xəbərdən beli bükülmüşdü. Gözlərinin yaşını silə-silə maşın tutdu, getdi qardaşının, ölüxanadakı dəmir qapılı, darısqal otağın küncündə, beton döşəməyə atılmış meyidini gətürməyə.

İstədiyini aldığından həkimin gözləri gülürdü, nəşin maşına qoyulmasına da kömək etdi.

Ruh səhəri məşəqqət içində açmışdı. Cənazə ölüxanadan götürüləndə özünə toxtaqlıq verirdi ki, bir-iki saata dəfn keçiriləcək və nəhayət ki, bədəndən ayrıla biləcək.

Onun gözlədiyi kimi olmadı, dəfn uzandı. Qardaşı getdi birinci, qoca mollanın yanına, cibinə yüz manat qoydu ki, gəlib yası yola versin. Sonra, məclisinin samballı olması üçün eyni qayda ilə cavan mollanı da dəvət etdi.

Amma, günortaya qədər gözləsələr də, onların heç biri gəlmədi. Demə küsüblərmiş ki, ölü yiyəsi birinə o birindən çox pul verib. Mərhumun qardaşı günorta məcbur oldu, getdi başqa bir mollanı gətirməyə.

Bahaçılığı ilə ad çıxarmış bu molla əvvəlkilərdən fərqli olaraq zəhmət haqqını əvvəlcədən dəqiqləşdirməyə başladı:

“Əyər vəzifən olsaydı səndən bir qəpik pul almazdım,” - dedi - “İmkanlı dost-tanışların hörmətimi edərdilər, sənin puluna ehtiyac olmazdı”, - və nümunə gətirdi, - “odu, ötən il prokurorun anası rəhmətə getmişdi, yas məclisini mən aparırdım.

Başsağlığına gələnlərin çoxusu hökumət işçiləri, vəzifəlilər idi.

Hamısı cibimə pul basırdı. Hətta icra başçısı özü döş cibimə iki yüz dollar qoydu”, - bahaçıl molla məzənnəni artırırdı, -“Səninki ağır məclisdi, qohum-əqrabadan, dost-tanışdan savayı kasıb-kusub da başsağlığına gələcək.

Onların da ciblərində bir qəpik olmur, ehsan yeməyini yeyib mollaya siyasətdən, hökumətdən sapma-sapma, xatalı suallar verirlər. Ona görə də səndən yeddisinə qədərki günlər, cümə axşamları və qırx da daxil olmaqla,hər günümə iyirmi manat alacağam.”.

Mərhumun qardaşı heç nə demədi, şərtlə razılaşdığından mollanın istədiyi məbləği çıxarıb bəri başdan verdi.

Ötən hər saat Ruh üçün iztirabla dolu min ilə bərabər idi.

Yalnız insanlardan kimsə, onun bağışlanmasını tanrıdan diləyəndə, bir anlığa cəsəddən aralanır, rahatlıq tapırdı. Dua edənsə çox az idi. Kişilər yasxananı düzəldirdilər - başsağlığına gələnlərə rahatlıq yaratmağa çalışırdılar.

Qadınların bir qismi ehsan yeməklərinin hazırlanması ilə məşğul idi. Digərləri dizlərinə, sinələrinə döyə-döyə, min üç yüz il bundan qabaq qətlə yetirilmiş övliyalarla bağlı mərsiyə oxuyurdular.

Vay-şivənli anım nəğməsində, xəlifəlik taxt-tacının qanuni varislərinin vəhşicəsinə öldürüldüyü deyilir, qatillər lənətlənir və təəsüflə bildirilirdi ki, kaş həmən vaxt orada olaydılar, ovliyaların düşmənləri ilə vuruşda həyatlarını qurban verəydilər.

Mərhumun arvadı da mərsiyə oxuyanların arasındaydı; dərddən üzünü cırmışdı, istəyirdi ağı deyib ərini oxşasın, mərsiyənin oxunuşunu pozmamaq üçün, hıçqırtıyla nəqarəti təkrarlayırdı:

Kaş həmən gün, həmən vaxt
Olaydım o döyüşdə...
Tökəydim yezid qanın,
Öləydim o döyüşdə...

Ruh iztirab içində qovrulurdu: “Allahın, allahın da adını çəkin, mənim də ismimi dilinizə gətirin,” - zarıyırdı .“Tanrıdan mənə rəhmət diləyin, yaradandan mənə mərhəmət istəyin...”

Ruhun yalvarışını heç kəs eşitmirdi. İki dünya biri birində yerləşsə də, ayrı-ayrı aləmlər idilər, aralarındakı sərhəddi heç kəs, heç vaxt poza bilməzdi. Bu iki dünyanın sakinlərinin biri-biriləri ilə ünsiyyəti qeyri-mümkün idi.

Gözü çaşdıran, qulağı diksindirən dərkolunmayanlar isə röyadan, qarabasmadan başqa bir şey deyildi. Ruh əbədi yerinə aparılanda bu dünyada görüb eşitdikləri yaddaşından silinəcəkdi...

Nəhayət cənazəni gətirdilər qəbirstanlığa, tabutu qoydular qazılıb hazırlanmış qəbirin qırağına.

Mollaya yaxşı pul verildiyindən hər şeyi yerli-yataqlı və canfəşanlıqla edirdi – ölü yiyəsinə göstərmək istəyirdi ki aldığı pula müqabil də zəhmət çəkir - az qalırdı duaları avazla yox, qışqıra-qışqıra oxuya. Meyidi qəbirə uzadanda əndazəni aşdı - başladı göstəriş verməyə:

“Çiynini bir az arxaya çevir, başını azacıq dikəlt, boynunun ardına bir ovuc torpaq ver ...”

Ruh dözə bilməyib, dəlicəsinə çığırdı: “Antenna qurmursunuz, qurtarın!.. Bəsdir bu qədər əzab verdiniz mənə, örtün bədənimin üstünü!..”

Dəfndə iştirak edənlərin məzəmmətedici baxışlarına tuş gələn molla: “Torpaqlayın”..-dedi.

Kəfənə bükülmüş cəsəd torpaqdan görünməz olcaq, Ruh bədəndən çıxaraq, meyid əzabından qurtuldu. Getdi durdu onun bədənini torpağa basdıranların on addımlığında, bir az onlara baxdı. Sonra bir göz qırpımında gəldi öz evinə, uşaqlarına, həyat yoldaşını görməyə...

O, hələ bu dünyada bir neçə gün gonaq qalasıydı.

Kazım Kazımlı
Şirvan şəhəri

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG